"Gördüm futbolçum səhv edir, vurdum" - Ramin Musayev

"Gördüm futbolçum səhv edir, vurdum" - <b style="color:red">Ramin Musayev</b>
MÜSAHİBƏ 20 Fevral 2018 / 15:03 4281
-  A +

İKİNCİ HİSSƏ

(Söhbətin birinci hissəsi burada)

Ramin Musayevlə bu geniş – iki hissəlik müsahibədə söhbətin nədən gedəcəyinə indidən bir balaca işıq salaq ki, oxucu nəyi oxuyub, nəyi oxumayacağını bəri başdan özü üçün qətiləşdirsin. Hər nə qədər qəribə olsa da, bir saatdan artıq davam edən söhbətimizdə futbolun özü haqda, demək olar, heç nə danışmadıq. Peşəkar Futbol Liqasının prezidenti ilə əvvəlcədən şərtimiz belə oldu ki, futbol qalsın kənarda, elə onun özü də daxil olmaqla, futbolu idarə edənlərdən, futbolumuzun bugündə olmasının səbəbkarlarından (pis və ya yaxşı) danışaq. Məsələn, Rövnəq Abdullayevdən, Elxan Məmmədovdan, Qurban Qurbanovdan...

Və mən bu müsahibədə Qurban Qurbanov barədə ona bir xeyli sual verim. Əsas da ona görə ki,  Qurban Qurbanovla Ramin Musayev uzun illərin dostlarıdı. Və yəqin bilməmiş olmarsınız ki, onun təkcə “Qarabağ”a deyil, ümumiyyətlə, məşqçiliyə gəlməsində Musayevin böyük rolu olub.

Nə isə, mən yaxşısı sizi çox yormayım. Kompüterə (telefona, planşetə) yaxın oturub söhbəti izləyin...


***

- 2006-cı ildə, 34 yaşı olanda Qurban Qurbanovu “Neftçi”yə baş məşqçi vəzifəsinə gətirdiniz. Amma o, gərək ki, komandanızda heç bir mövsüm axıra qədər çalışmadı. Niyə?

- Bunun səbəbləri var və onları açıqlasaq, bu gün Qurban müəllimin işinə mane ola bilər. Ona görə qoy bu söhbətlər hələ açıqlanmasın, tezdi.

- Nəyi gözləyirsiniz ki? Bəlkə danışasınız,  insanlarımız da bilə...

- Bizdə bir mənfi cəhət var - heç vaxt qabaqda gedənə dayaq olmuruq. Həmişə onu yıxmağa çalışırıq. Bu, bizim mənfi cəhətlərimizdən biridi. Qurban Qurbanov da o vaxt elə belə şeylərin qurbanı oldu. Öndə gedənə dayaq olmaq əvəzinə, ayağının altını qazırıq.

- Gəlin, dəqiqləşdirək. Onun ayağının altını harda qazırdılar: klubun daxilində, ya kənarda?

- Kənarda. Həmin söhbətlərdə, hadisələrdə keçmiş AFFA rəhbərliyinin dırnaqarası gözəl “əziyyət”i, “zəhmət”i oldu. Qurban Qurbanovun çempion olmaq imkanı var idi. Amma hakimlərə göstəriş verilirdi ki, komanda uduzmalıdı. Niyə? Çünki “Neftçi”ni Rövnəq Abdullayev AFFA-nın o vaxtkı rəhbərliyindən (Ramiz Mirzəyevdən – A.B.) qəbul etmişdi. Onların heç bir nailiyyəti yox idi. Rövnəq müəllim gələndən sonra isə komanda çempion oldu, kubok qazandı. Doğrudan da, “Neftçi” 180 dərəcə dəyişdi. Bu zaman isə AFFA-nın o vaxtkı rəhbərliyi bu uğurları qısqanmağa başladı. İnanırsız ki, onlar komandanı təhvil verəndə bizə cəmi bir ədəd möhür verilmişdi. Komandanın nə arxivi vardı, nə də sənədləri. Heç nə də yox idi.
Nə qədər təzyiq olunurdu bizə. Təsəvvür edin, matça 20 dəqiqə qalmış deyirlər ki, hakim dəyişib, xaricdən hakim gətirilir. “Qızıl oyun”u götürək. Ağasəlim müəllimin vaxtında idi. Daha sonra Qurban müəllimin vaxtındakı oyunları götürək. Yəni çox mane oldular. Oyundan əvvəl artıq bilirdik ki, hakim bizi “yıxacaq”. Doğrudan da göstəriş də verilib. Bir dəfə AFFA rəhbərliyinə dedim ki, biz bu hakimi istəmirik. Dedim, məlumat var ki, o, bizə pislik edəcək. Dedilər, gedin oynayın, narahat olmayın. Kişi kimi söz veririk, elə bir şey olsa, matçı təzdən keçirəcəyik... Başımıza oyun açdılar. Ondan sonra AFFA rəhbərliyi 15 gün yoxa çıxdı. Belə hallar olanda Qurban da istədiyini göstərə, bir məşqçi kimi bacarığını ortaya qoya bilmədi. Çünki mane oldular.

- Ondan sonra da özü getdi, yoxsa?..

- Bəli, özü getdi.

Nə vaxtsa Ramin Musayevin xidməti otağında bir şəklə rast gəlmişdim. “Şəkildə yanınızdakı kimdi” soruşanda “Dostum Abbasdı” demişdi. Gənc yaşında, 42 yaşı olanda ürəyində yaranmış problemə görə vəfat edib. Onun Rövnəq Abdullayevin qardaşı olduğunu sonradan öyrənmişdim. Və mən bu müsahibədə Ramin Musayevə Abbas Abdullayev barəsində danışmağı təklif edəndə kövrəldi, amma onun barəsində çox danışmayacağını dedi. Səbəbini elə onun öz dilindən eşidək...


- Əslində mən onu barəsində nəinki saatlarla, günlərlə, illərlə də danışsam da mənə bəs etməz. Amma... (otağa sükut çökür). Onun barəsində bu gün danışsam, kimlərsə bunu başqa səmtə yönəldə bilər. Ona görə, xahiş edirəm, bu mövzuya toxunmayaq. O, tamam başqa bir insandı. Elə insanlar bu dünyaya az-az gəlir. Onu tanıyanların hər biri mənim fikrimə şərik olar.

- Sizin AFFA və klubların rəhbərliyində çalışan bəzi insanlardan fərqləndirən başqa bir cəhətiniz var. Sadə ifadə etsək, qara camaata yaxınsınız, hamıyla rahat dialoqa girə bilirsiniz. Belə təsəvvür yaranır ki, “ağ adam”, “qara adam” psixologiyası sizə uzaqdı.

- Bunun səbəbi odur ki, mən kənd uşağıyam. Şəhərdə böyüyən insanlarsa xaraktercə başqa olurlar. Bir də məktəbdə hansı bölmələrdə oxumaq da insanların həyata baxışına təsir edir. Yəni “azsektor”u qutaranlarla “russektor”u bitərənlər xaraktercə bir-birilərindən fərqlənirlər. Çox az rast gələrsən, “rus sektoru”nu bitirənlər qara camaata yaxın və insanlarla söhbətə açıq olsunlar. Amma elə fikirləşməyin ki, bu, özündən razılıq əlamətidi, özünü dartmaqdı. Axı, hər bir insanın özünə görə bir xarakteri var.

- Bu yerdə sizə AFFA-nın baş katibi Elxan Məmmədov haqda sual vermək istəyirəm. O gərək ki, rus dili təhsili alıb, şəhər uşağı olub, bir müddət deyəsən, Avropada da oxuyub. Siz amma özünüzün dediyiniz kimi kənddən çıxmısız, şəhərə gəlmisiniz. Xarakterinizdə çoxmu fərq var?

- Bilirsiz necədi? Dedim axı, insanı gərək tanıyasan, sonra onun haqda nəsə deyəsən. Düzdür, Elxan müəllim qara camaata yaxın deyil. Amma bu, işlərinin çoxluğuna görə də ola bilər. Məsələn, mənim özümdə də bəzən olur ki, ən doğma adamıma belə lazımi vaxt ayıra bilmirəm. Bax elə indicə sizinlə danışa-danışa gördünüz zəng gəldi, bacım idi, dünəndən neçə dəfə yığıb – hələ vaxt edib onunla danışa bilməmişəm. Elxan müəllim də iş adamıdı, işləri çoxdu. Ola bilər bir insan onun qəbuluna gedər, amma Elxan müəllim onu işlərinin çoxluğuna görə qəbul edə bilməz. Bu o demək deyil ki, o, özündənrazıdır. Bəlkə həqiqətən vaxtı yoxdur. Ola bilməz ki, insan əvvəlcədən vaxt təyin etsin, onun qəbuluna düşə bilməsin. Amma qaldı ki insanlara yaxınlaşmaq, ünsiyyət qurmağa, onun da öz ətrafı var. Və onun xarakteri başqadır.

- Onunla münasibətləriniz işgüzar səviyyədədi, yoxsa?

- Həm iş, həm də qeyri-iş. Mənim hər iki övladımın toyunda Elxan Məmmədov öz doğmalarımdan da artıq iştirak edib. Hətta oğlumun toyu günü onun 3-cü uşağı dünyaya gəlmişdi. Qızı olmuşdu. Ancaq buna baxmayaraq, oğlumun toyuna gəldi və lazımı qədər də oturdu. Amma gəlməyə də bilərdi. Bu, arada olan mehribançılığın əlamətidi.

- Bir halda ki, aranızda bu qədər mehribanlıq, hörmət var, niyə hər dəfə mediada, yaxud futbol dairələrində söhbət dolaşır ki, münasibətləriniz üzdə yaxşı olsa da, arxada pisdi?

- Mən əvvəl bir dəfə demişdim ki, o, mənim balaca qardaşımdır. Bu sözü kimlərəsə xoş gəlmək üçün də söyləməmişəm. Bizim aramızda həqiqətən qarşılıqlı hörmət var. Bu günədək bir dəfə də olmayıb ki, mən Elxandan, yaxud o məndən nəsə xahiş edək, amma bir-birimizə yox deyək.


- Gələk, Rövnəq Abdullayevə. Futbol fəaliyyətinə toxunmayacam. Çünki bu haqda da fikirlər onsuz da məlumdu və əsasən tənqidi yöndədi. Amma deyəsən, tənqidlərə dözümsüz deyil. Bəzən tənqidləri yumor hissiylə qarşıladığı da olur.

- Elədi. Bilirsiniz, bir adam haqda əsl həqiqəti deyəndə də ehtiyat edirsən. İndi Rövnəq müəllim haqda bir fikir söyləsəm, kimlərsə buna don geyindirə bilər. Deyə bilərlər ki, Ramin onun işçisidi deyə, ona xoş gəlmək üçün belə danışır. Biz Rövnəq müəllimlə ilk dəfə “Neftçi”də işə başlayanda, görüşüb söhbət edəndə bir şərtimiz oldu – düzə düz. Yalan danışmaq yoxdur. Onsuz da mənim təbiətimə uyğun deyil yalan danışmaq. Ona görə də mənə asandır o adamla çalışmaq. Mən bu gün o adam haqda olmayan şeyi desəm, o da bunu oxusa - mən Rövnəq müəllimi yaxşı tanıyıram -  bilirəm ki, o dəqiqə mənə nifrəti yaranacaq. Amma bir yerdə çalışdığımıza görə istəmərəm o adam haqda çox danışaq. O, vəzifədə məndən yüksəkdədi. Əgər danışsam, bu müsahibəni oxuyanlar, elə başa düşə bilərlər ki, yaltaqlıq edirəm.

- Yaxşı, mövzunu dəyişək. Neçə ildi  futbol sahəsindəsiniz?

- 2004-dən. 14 ildi.

- 14. Rəşad Sadıqovun sevimli rəqəmi... Sizin üçün bu 14 ildə TOP-3-də olan azərbaycanlı futbolçular kimlərdi?

- Vallah, 3 nəfər deyirsən, amma az deyirsən, axı... 

- Yaxşı, olsun, 5...

-(Gülür) Mən “Neftçi”də çalışanda elə futbolçularla işləmişəm ki, indi aralarında futbolda olanı da, olmayanı da var. Qurban və Rəşaddan danışaq. İstər futbolda, istərsə də həyatda onları örnək kimi göstəririk. Niyə? Bir futbolçu var, üzərində əziyyətim olub. Baxdım, nəsə səhvlər edir, yanıma çağırdım, onu bir az tənbeh elədim. Dedi ki, Ramin müəllim, azarkeşlər tribunadan mənə söyüş söydülər deyə, o hərəkəti etdim. Mən də ona sual verdim ki, bu günədək eşitmisənmi Rəşad Sadıqov tribunadan söyülsün? Dedi, xeyr. Dedim, o da oyun zamanı səhv edir, amma özünü elə aparır ki, onu söymürlər. İnsan gərək bunu bacara. Mən Rəşadı örnək kimi göstərmişəm. Yaxud, “Neftçi”də Ruslan Abbasov, Nadir Nəbiyev vardı... Onları ayıra bilmərəm.

- Bəs, Zaur Tağızadə?..

- “Qızıl oğlan”. Zaurun üstündə mən futbolda bir nəfərlə əlbəyaxa da olmuşam.

- Dediyiniz kimi, futbolumuzun “qızıl oğlan”ı. Müstəqil Azərbaycanın yetişdirdiyi ən istedadlı nümayəndələrindən biri. Bunlar öz yerində. Amma bir insan kimi, çox qapalıdı, sanki öz dünyası var.

- İnsanların xarici ilə daxili başqadı. Onun da xasiyyəti bu cürdü. Zaurla Bakıdan Qəbələyə oyuna baxmağa get, o, yolda heç nə danışmayacaq.

- Bəs özünə bu haqda irad bildirməmisiniz?

- Nə irad bildirim ki? Bu adam bir dənə səhvə yol vermir, axı. Xasiyyəti belədi də (gülür). İnsanın xasiyyətini dəyişməyi qeyri-mümkündür. O insanlar xasiyyətin dəyişir ki, onlar cilddən-cildə girirlər.

- Bizim müstəqil Azərbaycan futbolunun daha bir istedadlı nümayəndəsi - artıq “Neftçi”də baş məşqçi işləyən Tərlan Əhmədov barəsində sualım var. Ondan incidiyinizi demişdiniz. Bu inciklik hələ də davam edir?

- Adamın mənə qarşı bir səhvi olmayıb. Tərlanın özünə qarşı səhvi olub. Yenə də gəlirik həmin küsmə söhbətinə. Ona görə ondan incimişəm. Çünki Tərlana yaraşdırmıram o səhvi. Etdiyi səhv həm şəxsi, həm futbol fəaliyyəti ilə bağlıdır. İnsan işdə səhvə yol verə bilər. Ancaq həyatda gərək özünə qarşı səhv etməyəsən. Bunu onun böyük qardaşı kimi deməyə haqqım var.

- Bağışlamaq fikriniz yoxdu?

- Əvvəlcə onu öz üsullarımla cəzalandıracağam. Amma ona zəng etməməyim, bir çox zənginə cavab verməməyim də Tərlan üçün bir cəzadır. Ona ismarıcımı çatdırmışam. Tərlana böyük dərs oldu. O, gözəl məşqçidir. Onu pis insan kimi də tanımıram. Çünki mən Tərlanla dostluq etməmişəm. Nə vaxtsa birgə çörək yediyim yadıma gəlmir. Onunla ancaq çay içmişik. Amma "Neftçi" və AZAL-da çalışanda gördüm ki, bacarığı var. Mən də ona dəstək olmağı özümə borc bildim.

- Peşman deyilsiniz ki, onun “Neftçi”yə gətirilməsinə görə zamin durmağınıza?

- Xeyr. Çünki "Neftçi"dəki nailiyyətləri pis deyil.

- Bizdə bu gün daha bir gənc məşqçi varmı ki, zamanında Qurban Qurbanova, Tərlan Əhmədova verdiyiniz dəstəyi ona da göstərəsiniz?

- Var. Məsələn Aqil Məmmədovu çox istəmişəm. Aqil Məmmədov bizim futbolçu olub, istəmişəm ona dayaq olum. Amma bu yaxınlarda ondan yaxşı şey eşitmədim. Sabah (söhbət ötən həftənin 5-ci günü olub – A.B.) “Sumqayıt”la oyuna gedəndə, çağıracam yanıma, söhbət edəcəm. Onun özünün yaxşılığı üçün edəcəm bu söhbəti.

- Deyəsən, özünəməxsus cəza üsullarınız var.

- “Neftçi”də vitse-prezident olanda bir futbolçunun maaşını bilərəkdən onun özünə vermədim. Amma xahiş edirəm, gəlin, ad çəkməyək. Onsuz da özü oxuyanda biləcək söhbət ondan gedir. O, səhv yolda idi. Buna görə də pulunu dayısına çatdırdım və o pulla həmin futbolçuya 3 otaqlı ev aldıq, təmir etdirdik. Zamanı da gələndə ev qismət oldu sahibinə - həmin futbolçuya. Yerli futbolçudu. Hətta etdiyi səhvə görə onu vurmuşam da. Futboldakı səhvinə görə yox a, həyatda etdiyi səhvə görə.

- Maraqlı etirafdı. Vitse-prezident futbolçusuna əl qaldırır...

- Bəli. Amma dediyim kimi, bunu onun özünə görə etdim. Çünki səhv yolda idi.

- Çox olub belə faktlar?

- Mən bir də deyirəm, rəhbər tək öz işini fikirləşməməlidir. Nə olsun ki, futbolu yaxşı oynayırdı. Amma baxırdım ki, həyatda səhvə yol verir. Gələcəkdə ona mane olacaqdı həmin hərəkətlər. Onun qarşısını alırdım.

- Və sonda. Sizi yenidən klubda görəcəyik?

- Bu sualı mənə işçilərim də, ailəm üzvlərim də verirlər. Qətiyyən istəmərəm. Çünki klubda çalışmaq daha çox enerji, fiziki güc, əsəb tələb edir. Sözsüz ki, bu gün mən hansısa bir kluba rəhbər getsəm, əvvəl çəkdiyim əzabı çəkməyəcəm. Çünki insan peşəkarlaşır axı. Amma səmimi sözümdü, istəmərəm. Əvvəla, bu gün mən hakimlərlə yaxınam. Klubda hansısa bir uğur qazansam, deyəcəklər ki, öz hakimləridi. Əziyyətim də olacaq sıfır. İkincisi, elə də qocalmamışam. Bu ilin apreli 55 yaşım tamam olacaq. İşdən də qorxmuram. Sabahı rəhbər məsləhət görsə, nəinki klubda vitse-prezident, menecer də işləyərəm. Əgər rəhbər məsləhət görsə, ona lazım olsa, onun xətrinə gedərəm.


Söhbətləşdi: Aydın BAĞIROV

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu