"Bütün rəqiblərimizi məğlub etməliyik" - Ruslan Qurbanov

"Bütün rəqiblərimizi məğlub etməliyik" -  Ruslan Qurbanov
MÜSAHİBƏ 16 Fevral 2018 / 17:55 3699
-  A +

“Qəbələ”nin hücumçusu Ruslan Qurbanov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 16-cı turunda “Zirə” ilə keçiriləcək oyundan danışan millimizin üzvü gələcək karyerası ilə bağlı da fikirlərini bölüşüb.

- Premyer Liqanın 16-cı turunda doğma meydanda “Zirə”ni qəbul edəcəksiniz. Vacib oyun öncəsi komandada vəziyyət necədir?

- Matça çox ciddi hazırlaşmışıq. Çempionluq uğrunda mübarizə aparırıqsa, bütün rəqiblərimizi məğlub etməliyik. “Zirə” yaxşı komandadır. Bilirik ki, bizə çətin olacaq. Amma oyuna hazırıq.

- Bu mövsüm “Zirə”yə qalib gələ bilməmisiniz: 1 heç-heçə, 1 məğlubiyyət. Sizcə, bu dəfə sindromu qırmaq mümkün olacaq?

- Meydana qələbə qazanmaq üçün çıxacağıq. Onları məğlub etmək üçün hər şeyi edəcəyik. Çünki bu seriyanı dayandırmaq lazımdır.

- “Qarabağ”la oyunda zədələnən Baqali Dabonun bu turda meydana çıxması sual altındadır. Komandanın bombardirinin oynanaması “Qəbələ” üçün problem yarada bilər?

- Bizim komanda heç vaxt bir futbolçudan asılı olmayıb. Əlbəttə, Dabonun yoxluğu hiss oluna bilər. Amma düşünürəm ki, o tezliklə sıraya qayıdacaq. Hətta “Zirə”yə qarşı oynaya da bilər.

- Ötən tur səfərdə “Qarabağ”la heç-heçə etməklə xal fərqi 6 olaraq qaldı. Sizcə, bundan sonra çempionluq “Qəbələ” üçün əlçatmaz görünmür?

- “Qarabağ”la oyun çox gərgin keçdi. Həm onlar, həm də biz qələbə qazanmaq istəyirdik. Matç isə heç-heçə başa çatdı. Qarşıda hələ çox oyun var. Hər bir qarşılaşmada qalib gəlməliyik. Bundan sonra xal itirə bilmərik. Yoxsa işimiz daha da çətinləşər.

- “Qəbələ” qış fasiləsində Təmkin Xəlilzadədən başqa, yeni transfer etmədi. Bu, çempionatın gedişində sizə çətinlik yaşada bilərmi?

- Açığı, mən belə söhbətlərə qarışmıram. Rəhbərlik, baş məşqçi var. Qoy, belə şeyləri onlar həll etsinlər. Mənim işim futbol oynamaq və komandama xeyir verməkdir.

- Bir ara ölkə xaricində, daha dəqiq desək, Xorvatiyanın “Hayduk” klubunda çıxış etdiniz. Maraqlıdır, yenidən legioner həyatı yaşamağı düşünürsünüz? Ümumiyyətlə, belə bir imkan var?

- Bir neçə menecer var ki, mənimlə əlaqə saxlamışdılar. Amma indidən bu barədə danışmaq tezdir. Özümü reklam etməyi sevmirəm. Mövsümün sonuna qədər gözləyək. Hər şey dəqiqləşəndə mütləq deyəcəm. Hələlik isə futbolçu kimi inkişaf etmək və uğur qazanmaq istəyirəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın