"O vaxtkı heyətimiz indikindən dəfələrlə güclü idi" – Millimizin üzvü

"O vaxtkı heyətimiz indikindən dəfələrlə güclü idi" – Millimizin üzvü
XƏBƏR 12 Fevral 2018 / 14:44 2938
-  A +

Azərbaycan millisinin və EKOL klubunun futzalçısı Namiq Məmmədkərimov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
 
- Avropa çempionatına nə üçün yollanmışdıq, nə ilə qayıtdıq?

- Təbii ki, bizim üçün bu yarışda ən vacib oyun Fransa ilə qarşılaşma idi. Çünki qrupdan çıxmaq və mübarizəni davam etdirmək üçün bu matç həlledici rol oynayırdı. Oyun çətin keçdi, ancaq yekunda məqsədimizə nail olduq. Növbəti görüşlərdə ardıcıl olaraq turnirin ən güclüləri ilə qarşılaşdıq. Əslində, İspaniya ilə matçda bəlkə də düzgün strategiya seçmədik. Minimal hesabla məğlub olduğumuz oyunda az güc sərf etməli idik. Baş məşqçi birinci oyunda şans vermədiyi və ya az oynatdığı futzalçıları meydana buraxmalı və beləliklə, həm də üçüncü oyuna hazırlaşmalı idik. Portuqaliya ilə qarşılaşmada kobud səhvlərə yol verdik və fasiləyə 3 top fərqi ilə geridə yollandıq. Oyunun nəbzini tuta bilmədik. Təbii ki, bu cür rəqiblə görüşdə bu fərqi aradan qaldırmaq çox çətin idi. İkinci hissədə də toparlana bilmədik. 5-in 4-ə oynadıq və qollar buraxmaqda davam etdik. Bir sözlə, istəyimizə nail olmadıq.

- Portuqaliya ilə oyunda demək olar, bütün oyunçular meydana çıxdı. Amma heç nə dəyişmədi.

- Artıq gec idi. Mən son dəqiqələrdə meydana daxil oldum və hesab 1:8 idi. Digər oyunçular da həmçinin. Yəni meydana çıxanlar oyunu korlamadılar. Bu oyunlarda əsas güc 6-7 nəfərə düşdü.

- Millinin nəticəsini qənaətbəxş hesab etmək olarmı?

- Minimum tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Komanda bu tapşırığın öhdəsindən gəldi. Məncə, nəticə pis deyil. Düzdü, daha artığını qazanmaq istəyirdik. Ancaq yekun göstərdi ki, Portuqaliya çox güclüdü. Üstəlik, biz son iki oyunumuzu çempionatın qalibinə və finalçısına qarşı keçirdik.

- 2010-cu ildə də qitə birinciliyinə qatılmısınız. Aradan keçən 8 ildə nələr dəyişib?

- Onda Avropa çempionatında debüt ilimiz idi. Komanda bir nöqtəyə vururdu. Baş məşqçimiz yenə Alesio idi. Həmin çempionatda da oynamaq üçün az şans qazanmışdım. Ancaq nəticə komanda üçün uğurlu alındı, sona qalan 4 komandadan biri olduq. Məncə, həmin çempionatdakı heyətimiz indikindən dəfələrlə güclü idi. Bunu nəticə də sübut edir.
 
- İki gündən sonra Yüksək Liqanın oyunları başlayır. EKOL mövsümün ikinci yarısına hazırdırmı?

- Mən, Emin Kürdov və Samir Həmzəyev yanvarın 10-dan millinin düşərgəsində olduq. Buna görə də komandanın hazırlığında iştirak edə bilmədik. Fasilə zamanı EKOL Qubada təlim-məşq toplanışı keçirdi, yoxlama oyunlarında gücünü sınadı. Kapitan kimi, mütəmadi olaraq əlaqə saxlayırdım. Gündə 2 dəfə məşqlər keçirdilər. Həm də fasilədən sonra “Araz”la qarşılaşacağımızdan, məsuliyyət bir qədər də artıb. Bu oyunda rəqibə müqavimət göstərib, xal qazanmaq istəyirik.

- Birinci və ikinci dövrədə eyni hesabla (1:2) yenilmisiniz. Bu dəfə uğursuz sindromu qırmaq mümkün olacaqmı?

- Oyuna yaxşı köklənsək, xal qazanmaq olar. Bizim üçün də bu, əhəmiyyətlidi.

- “Araz”ın oyunçuları millinin düşərgəsində Avropa çempionatında iştirak edib. Rəqib futzalçılardakı həm fiziki yorğunluq, həm də psixoloji gərginlik EKOL-un xeyrinə işləyə bilərmi?

- Mən də düşünürəm ki, yorğunluq “Araz”ın oyununda hiss olunacaq. Qalanı özümüzdən asılıdı. Komandada istək var. Gücümüzü sübut etməliyik.

- Fasiləyə üçüncü pillədə yollandınız. Üst sıralara yüksəlmək EKOL üçün nə dərəcədə realdır?

- “Marafon Futsal”dan 5 xal geridəyik. Onlarla iki oyunumuz var. Hər iki matçda qələbə qazanıb həm revanşı götürmək, həm də turnir cədvəlində onları üstələmək istəyirik.

- Heyətə yeni futzalçılar dəvət edilmədi. Bunun təsiri hiss olunacaqmı?

- Əslində, heyəti gücləndirmək istəyirdik. Hətta təcrübəli oyunçu kimi mən də öz məsləhətlərimi vermişdim. Yekun qərarı rəhbərlik verir. Niyə alınmadığını dəqiq deyə bilmərəm.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord