“Şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdur” – Tərlan Əhmədov

“Şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdur” – Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 11 Fevral 2018 / 20:30 4324
-  A +

Topaz Premyer Liqasının 15-ci turunda evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qələbəni şərh edib:

- Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm.

- Artıq neçənci dəfədir ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Onun start heyətində meydana çıxmamasına səbəb nədir?

- Bunu əvvəl də demişdim. Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. “Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdür. Ancaq indi 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyiri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var.

- Aqil Məmmədov qışda komandaya cəlb edilsə də, qısa müddət sonra ayrıldı. Səbəb?

- Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm.

- Qış fasiləsində yoxlama oyunlarındakı nəticələrə görə tənqidlərə məruz qaldınız. Demək olar ki, bu qələbə ilə həmin tənqidlərə cavab verdiniz?

- Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdur. Mənim işimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdur.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız...

- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidir. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu, çətinlik yarada bilər.

- Bir neçə gün öncə “Forza Neftçi” fan-klubunun 9 yaşı tamam oldu. Bu qələbəni onlara həsr etdiyinizi demək olar?

- Əlbəttə, bu, onların qələbəsidir. Əvvəlcədən də demişdim ki, çalışacağıq, bu gün onları qələbə ilə sevindirək.

- Görüşün baş hakimi Rəhim Həsənovun idarəçiliyindən razı qaldınız?

- Səhvsiz insan yoxdur. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edim. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür.

Daha çox


Son xəbərlər