"Artıq çəkisi olan futbolçuya cəza veririk" - Yunis Hüseynov

"Artıq çəkisi olan futbolçuya cəza veririk" - Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 11 Fevral 2018 / 20:08 3403
-  A +

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 15-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

- Bu gün yeni “Kəpəz” gördük. Komandada bir çox dəyişiklik olub. Buna baxmayaraq, futbolçuların oyunundan razı qaldım. Düzdür, rəqib mərkəzi ələ keçirmişdi. Lakin buna özümüz şərait yaratmışdıq. “Neftçi” qapımızda yüzfaizli qol vəziyyəti yarada bilmirdi. 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdim. Lakin son dəqiqədə buraxılan qol təsir edir. Məncə, bu gün oyunun ədalətli nəticəsi heç-heçə idi. Fikrimcə, komanda bir-iki turdan sonra tam komplektləşəcək.

- Dario Frederiko bu gün oyunun iştirak ərizəsinə salınmamışdı...

- Bunun günahı bizdə deyil. O, sonuncu dəfə Koreya klubunda çıxış edib. Onun qeydiyyatı ilə bağlı icazəni gec verdilər. Bu gün meydanda olsaydı, oyun fərqli ola bilərdi.

- Sanki Dieqo Souzanın artıq çəkisi var idi...

- Onun artıq çəkisi yoxdur. Biz hər gün futbolçuların çəkisini ölçürük. Hansı futbolçunun artıq çəkisi varsa, ona cəza veririk. Dieqonun bədən quruluşu belədir. “Xəzər Lənkəran”da oynayanda da bu qədər çəkisi var idi.

- Bu gün komandanı meydana qələbə üçün çıxarmışdınız?

- Əlbəttə, sadəcə, komanda hələ yenidir. Buna görə hələ tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdır.

- Vinçesteri erkən əvəzləməyinizə səbəb nə idi?

- Vinçester komandaya yeni qoşulub. Onu meydana buraxmaqla, təcrübəsindən yararlanmaq istədim. Ancaq hələ komandaya tam uyğunlaşmayıb.

- Artıq yeni komanda formalaşdırmısınız...

- Yeni komandanın oyunu mənim xoşuma gəldi. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq.

- Antalyada komandanın oyununu Darionun üzərində qurmuşdunuz. Bu, çempionatda da belə olacaq?

- Antalyada keçirdiyimiz oyunların heç də hamısında oyunu Darionun üzərində qurmamışdıq. Fikrimcə, bu gün meydana çıxsaydı, nəticə başqa cür olardı.

- Komandadan razı qaldığınızı dediniz. Bəs narazı qaldığınız məqamlar nələrdir?

- Bircə narazı qaldığım məqam, qol buraxmağımız oldu. Həmin epizodda da uşaqlar dedilər ki, ofsayd olduğunu zənn ediblər. Ancaq belə epizodlarda əli havaya qaldırmaq yox, oynamaq lazımdı.

- Reqlamentə görə, çempionatda 8-ci yeri tutan komanda aşağı liqaya düşməlidir. Ancaq ola bilsin, növbəti mövsümdən Premyer Liqada komanda sayı çoxaldılsın və 8-ci yeri tutan komanda yüksək liqada qalsın...

- Bu barədə siz daha yaxşı bilərsiniz (gülür). Mənim heç bir məlumatım yoxdur. Sadəcə, çalışacağam ki, komanda ən azı çempionatı axırdan ikinci pillədə başa vursun və yüksək liqada yerini qoruyub saxlasın.

Daha çox


Son xəbərlər