“İkinci yerlə barışmamışıq” - Cavid Hüseynov

“İkinci yerlə barışmamışıq” -  Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 11 Fevral 2018 / 00:00 2116
-  A +

“Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 15-ci turunda səfərdə “Qarabağ”la qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:


- “Qarabağ”la səfər oyununda qalib aşkarlanmadı. 0:0-lıq bərabərliyi necə şərh edərdin?

- Oyun çətin keçdi. Belə olacağı da gözlənilən idi. Amma sanki komandamızda istək çatışmırdı. “Qarabağ” hər tərəfdən hücumlar edirdi. Düşünürəm ki, rəqib bu gün çox yaxşı oynadı.

- Sanki “Qəbələ” Antalyadakı yoxlama oyunlarında daha istəkli idi...

- Razıyam. Özüm də belə oyun gözləmirdim. Komandada istək çox aşağı səviyyədə idi. Bəlkə də bizim üçün ən pis, maraqsız oyun keçdi. Halbuki "Qarabağ"la qarşılaşmalarımız həmişə gərgin alınıb.

- Bu, rəqibin “Qarabağ” olmasından irəli gəlirdi?

- Düşünmürəm. Bu, özümüzdən irəli gəldi.

- Turnir cədvəlində ikinci yerlə barışmısınız?

- Xeyr. Bu gün udsaydıq, birinci yerə şansımız daha çox idi. Bunu da gözəl anlayırdıq. Sadəcə istəksiz görünürdük. 

- Həftə boyunca soyuqdəymən var idi. Bu, oyuna lazımi səviyyədə hazırlaşmağına təsir göstərmədi?

- Bir həftə boyunca yataqdan ayağa qalxa bilmədim. Temperaturum düşmürdü. Yalnız son iki məşqə çıxa bildim. Oyunqabağı olduğundan, bunlar yüngül məşqlər idi. Əlbəttə, matça heç 50 faiz hazır deyildim. Lakin bu qarşılaşmada meydanda olmaq istəyirdim. Çünki "Qarabağ"la görüş bizim üçün vacib idi.

- Səncə, heç-heçə daha çox kimə sərf etdi: 6 xal irəlidə olan "Qarabağ"a, yoxsa səfərdə oynadığı üçün "Qəbələ"yə?

- Oyunun gedişinə baxdıqda, əlbəttə, bizə. Açıq etiraf edirəm.

- "Qəbələ"nin mərkəz hücumçusuna ehtiyacı var?

- Əlbəttə. Bunu təlim-məşq toplanışı dövründən deyirik. Amma nədənsə, gəlib çıxmır.

- Qarşıda daha bir çətin oyununuz var...
- Bəli, evdə "Zirə"ni qəbul edəcəyik. Növbəti oyunadək komandamız dəyişmək məcburiyyətindədir. Yəqin ki, bu oyunu analiz edəcəyik. Baş məşqçimizin də ayrı-ayrılıqda futbolçularla söhbəti olacaq. Qarşıda bir həftə vaxt var. Çatışmazlıqları məşqlərlə aradan qaldırmaq olar. Bir daha meydana bu vəziyyətdə çıxmaq düzgün deyil.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı