"Azarkeşlərin əlindən şəhərə çıxmaq olmur" – Amit Quluzadə

"Azarkeşlərin əlindən şəhərə çıxmaq olmur" – Amit Quluzadə
MÜSAHİBƏ 7 Fevral 2018 / 19:31 8035
-  A +

Bu yaxınlarda Kosovonun “Drita” klubuna transfer olan Amit Quluzadə Qol.az-a müsahibə verib. Keçidin necə baş tutmasında danışan futbolçu oradakı vəziyyətindən də söz açıb.

- “Drita” klubuna transferin necə baş tutdu?

- Yunanıstanda idim. “Kerkira” klubuna keçmək variantım var idi. Onlardan başqa, daha 2 yunan klubu mənimlə maraqlanırdı. Bizi danışığa çağırmışdılar. Amma heç də hər şey ürəyimizcə getmirdi. Az məvacib qarşılığında müqavilə təklif edirdilər. Ona görə də “Kerkira”nı gözləmək məcburiyyətində idim. Ofisdə oturmuşduq. Telefonuma tanımadığım nömrədən mesaj gəldi. Oxuyanda bildim ki, Kosovo klubunun rəsmilərindəndir. Mənimlə danışıq aparmaq istədiklərini yazmışdılar. Sonra yenidən mənimlə əlaqə saxladılar. Menecerimlə bütün detalları ətraflı danışdıqdan sonra bizi Kosovoya dəvət etdilər. Biz də getdik, müqavilə imzaladıq.

- Maraqlıdır, səni necə tapıblar? Bu barədə onlardan nəsə soruşdun?

- Düzü, mənim özümə də maraqlı idi ki, necə tapıblar. Soruşdum, mənə belə bir cavab verdilər ki, Yunanıstanda oynayanda kluba yaxın menecerlərdən biri oyunumu iləyib. Məni də "Drita"ya o məsləhət görüb. Onlar da oyunlarımı izlədikdən sonra mənimlə əlaqə saxlayıblar.

- Bilirsən ki, Azərbaycan Kosovonun müstəqilliyini dövlət səviyyəsində tanımır. Bu mənada, qərar verərkən tərəddüd etdin?

- Bunu mən də bilirdim. Transfer söhbəti çıxandan sonra maraqlanmışdım. Amma məsələni həm klub, həm də mən araşdırdıqdan sonra gördük ki, keçidin baş tutmasında heç bir problem yoxdur. Ona görə də gəldim və müqavilə bağladım. Hazırda da Kosovodayam.

- Yəqin ki, artıq komanda ilə tanış olmusan. Şəraiti necədir?

- Bir həftədir burdayam. Kosovoya gələn kimi klub rəhbərliyi məni evlə təmin etdi. Evin şəraiti yaxşıdır. Oynayacağımız stadion normal vəziyyətdədir. Super deyil, amma pis də deyil. Hər şey qaydasındadır.

- Bəs çempionatları hansı səviyyədədir. Bizim Premyer Liqadan nə ilə fərqlənir?

- Komandanın oyunlarına hələ ki, internetdən baxa bilmişəm. Onu deyim ki, azarkeşləri möhtəşəmdir. Onların əlindən şəhərə çıxmaq olmur. Hərə bir tərəfə dəvət edir. Adam həqiqətən də utanır. Amma hələlik rəsmi oyun olmadığından müqayisə aparmaq olmur. Çempionat başlayandan sonra bu barədə fikir bildirmək olar.

- Çempionat nə zaman start götürəcək?

- Hələlik qış fasiləsidir. Fevralın 11-də kubok oyunumuz var. Ondan sonra isə çempionat başlayır.

- Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən biri də Kosovo millisidir. Klubda bu barədə nəsə danışırlar? Ümumiyyətlə, püşkü necə dəyərləndirirlər?

- Hamı burda mənə deyir ki, bir qrupdayıq. Onlar da iddialıdırlar. Məncə, qrupun əsas favoritləri də bu iki komandadır. Azərbaycan və Kosovo arasındakı oyunlarda böyük gərginlik olacaq. Onların futbolçularının əksəriyyəti xarici klublarda çıxış edirlər. Millimiz üçün asan komanda deyil. Fikrimcə, şanslar bərabərdir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər