“Neftçi”ni bu günə jurnalistlər saldı...

“Neftçi”ni bu günə jurnalistlər saldı...
YAZARLAR 6 Fevral 2018 / 15:01 8230
-  A +

Yazının başlığı “Neftçi”- media münasibətlərindən bixəbər olan siravi azarkeşi aldada bilər. Əlbəttə, futbol tariximizin 80 yaşlı ən köklü klubunun bugünkü qara günə düşməsində yazıq jurnalistin nə günahı ola bilər ki?

Amma nə hikmətdirsə, öz qapısından 8 qol buraxmağın hesabatını SOCAR-a vermək məqamı gələndə klubdakı bəzi adamları xodlayıb salır(dı)lar jurnalistlərin (bəzi hallarda da azarkeşlərin) üstünə. Yadınıza gələr, “Neftçi”ni guya ağ günə çıxarıb, sonra da voleybolumuzu düzəltməyə gədən (voleyboldakılar da deyəsən, elə futboldakılar ağlındadı) Elnur Məmmədovun idarəçiliyi vaxtında duzlu-məzəli bir əhvalat olmuşdu. “Qəbələ”yə 0:8 hesablı ağlamalı məğlubiyyətdən sonra klubdakı yoldaşlar yekə bir bəyanat hazırlamış, Müşahidə Şurasının o vaxtkı üzvü Bəhram Bağırzadə isə bunu öz adından Feysbuk səhifəsində yayımlamışdı. Bəyanatda 0:8-in bütün məsuliyyəti az qala jurnalistlərin üzərinə atılmışdı ki, bəs siz reketsiniz, hamınız pula işləyirsiniz, bizi sevmirsiniz, sevsəydiniz, tənqid etməsəydiniz, indi azı Çempionlar Liqasının  qrupundaydıq. Media da elə sanmışdı ki, Bəhram müəllimin KVN-çi yüksək yumor hissi fontan vurub və bəyanata elə bəyanatla cavab verib soruşmuşdu ki, rəis, axı 0:8-in pula, reketliyə nə dəxli? Nəysə, o dedi, bu dedi, axırda pulu həqiqətən də basıb yeyənlər “Neftçi”dən aradan çıxdılar, 0:8 hesabını da yüklədilər jurnalistlərin boynuna...

Həmin oyundan hardasa il yarım vaxt keçib. Bu yaxınlarda “Neftçi” yenə 8 top buraxaraq uduzub. Həmin oyun da olub rusların “SKA-Xabarovsk” klubu ilə Antalyada, bundan xəbəriniz var. Ertəsi günü bir qrup kasıb jurnalist öz şəxsi vəsaiti hesabına Antalyanın bu başından vurub o biri başına gedib ki, bəs burda bizim “Neftçi” adlı komandamız var. Oyunlarına baxaq, müsahibələr edək, “Neftçi”nin azarkeşinə məlumat verək. Amma başqa bütün klublarımızdan fərqli olaraq, bunlar üzlərinə də baxmayıb. Deyiblər, müsahibə olmaz. Tərlan Əhmədov danışmayıb, futbolçularına da danışmağa icazə verməyib. Rəhbərlik də südəmər quzu kimi sakitcə durub qıraqda. Rəhbərlik – yəni prezident Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov. Jurnalistlərin qarşısına çıxıb ictimaiyyət üçün bir-iki cümlə danışmağa söz tapa bilməyiblər bu adamlar. Əlbəttə, 1:8 axı mənasız layihələrin təqdimatı mərasimi deyil ki, boş-boş danışıb camaata yuxu gətirəsən.

Və gələk Tərlan Əhmədova. Nəyə görəsə axır vaxtlar media -“Neftçi” qadağalarını ifrat səviyyəyə çatdırır. Düzdü, futbolçuların oyunlara yaxşı köklənməsi, gələcək uğurlu nəticələr üçün qadağalar tətbiq edilməlidi, əsasən də rəsmi oyunlar ərəfəsində (necə ki, bunu əsasən “Qarabağ” edir və çox vaxt da faydasını görür). Bunu hazırlıq prosesi zamanı da etmək olar və edilməlidi, amma yerində, şitini çıxarmadan, ən başlıcası jurnalistə dövlətin qanunları ilə verilən informasiya almaq hüququnu məhdudlaşdırmadan.

Amma yəqin, “Neftçi”nin rəhbərliyi və Tərlan Əhmədov birdən-birə yüksək Avropa standartları tədbiq etmək eşqinə düşüb. Əla! Amma bu yola media ilə problemli münasibətləri gücləndirməklə yox, komandaya laqeyd və məsuliyyətsiz yanaşmanı, kif atmış idarəçilik sistemini dəyişməklə başlayırlar, yoldaş Əhmədov və sayın başkan!

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər