“Yunis Hüseynov mənə ata kimidir” - Dieqo Souza

“Yunis Hüseynov mənə ata kimidir” -  Dieqo Souza
MÜSAHİBƏ 1 Fevral 2018 / 12:40 5030
-  A +

“Kəpəz”in yeni transferi Dieqo Souza Qol.az saytına müsahibə verib. Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən braziliyalı yarımmüdafiəçi yenidən ölkəmizə qayıdışından danışıb.

- Hazırlıqlarımız çox yaxşı gedir. Bilirsiniz ki, biz toplanışa Bakıda başladıq. Bir həftədən sonra isə Türkiyəyə gəldik. Artıq Antalya toplanışına yekun vururuq. Deyə bilərəm ki, komanda bu müddətdə özünü inkişaf etdirə bildi.

- Yenidən Azərbaycandasan. Təəssüratlarını bilmək maraqlı olardı...

- Azərbaycana qayıtmaq mənim üçün gözlənilməz oldu. Yenidən burada olduğum üçün çox sevinirəm. Çünki köhnə dostlarımı görürəm. Təsəvvür edin, otelə daxil oluram, vaxtı ilə bir yerdə oynadığım futbolçularla rastlaşıram. Bunlar xüsusi hisslərdir. Dario Frederikonun “Kəpəz”ə gəlməyi məni daha da sevindirdi. Komandada əla əhval-ruhiyyə var. Əsl ailə kimiyik. Əsas olan budur. Artıq çempionata hazırıq. “Kəpəz” son sıradadır. Vəziyyəti xeyirimizə dəyişməliyik

- Hazırlıq prosesindən razı qalsan da, yəqin ki, “Yagelloniya”ya 1:8 hesablı məğlubiyyət komandada ab-havanı az da olsa korladı...

- Bu, futboldur. Belə hallar baş verə bilər. Mən braziliyalıyam. 2014-cü ilin dünya çempionatını xatırlayırsınızsa, Almaniya millimizi 7:1 hesabı ilə məğlub etmişdi. Baxmayaraq ki, həmin vaxt komandamızda ulduz futbolçular çıxış edirdi. Futbol istənilən nəticəyə açıq oyundur. Bir tərəfdən baxanda, böyük hesabla uduzmağımız yaxşı oldu. Çünki komandadakı boşluqları gördük. Bəlkə də uduzmasaydıq, həmin çatışmazlıqlar çempionatda bizə problem yaşada bilərdi. Düzdür, kənardan baxanlar məğlubiyyətə görə komandanı tənqid edə bilərlər. Amma biz o fikirdə deyilik.

- Bu, Azərbaycana 4-cü qayıdışındır...

- Bəli, artıq 4-cü dəfədir bu ölkədə çıxış edəcəm. Məni komandaya Yunis Hüseynov dəvət etdi. O, mənim üçün təkcə baş məşqçi deyil, həm də dostdur. Ata kimidir. “Xəzər Lənkəran”da onunla başçılığı altında oynamışam. Onda yaxşı vaxtlarım idi. Sonra Braziliyaya qayıtdım. Bir müddət oynamadım. Buna baxmayaraq, Yunis Hüseynov mənə inandı və “Kəpəz”ə dəvət etdi. Bu, mənim üçün çox vacibdir. Yenə deyirəm, o, mənim üçün məşqçi yox, böyük insandır. Burda təkcə Hüseynovdan söhbət getmir. Onun timsalında bütün Azərbaycan xalqını nəzərdə tuturam. İnsanlarınız çox mehribandır. Futbolçunun səhvi olanda Yunis müəllim onu başa salır, ruhdan düşməyə qoymur. Yaxşı xarakteri var.

- Bundan əvvəl 3 dəfə Azərbaycan Premyer Liqasında oynamısan. O vaxtla indiki arasında hansı fərqləri müşahidə etmisən?

- Əvvəl Azərbaycan çempionatı daha maraqlı, daha səviyyəli idi. “Xəzər Lənkəran”da Denis Kalinkov, Uinston Parks kimi futbolçularla oynamışam. İndi isə müəyyən dəyişikliklər hiss olunur. Bu da anlaşılandır. Çünki hazırda bütün dünyada iqtisadi böhran hökm sürür. Futbolda da əvvəlki kimi yoxdu. Əsas olan hazırkı vəziyyətlə mübarizə aparmaqdır.

- “Xəzər Lənkəran”dan ayrılandan sonra ordakı komanda yoldaşlarınla əlaqə saxlayırdınmı?

- Hamısı ilə yaxşı münasibətlərim olsa da, əlaqə saxlaya bilmirdim. Şəhriyar Əliyev, İlyas Səfərzadə kimi bəzi futbolçuları yenidən gördüyümə sevindim. Mən oynayanda onlar hələ gənc idilər. İndi isə əsas komandada oynayırlar. Rahid Əmirquliyev yaxın dostumdur. Ondan başqa, Kamran Ağayevlə də münasibətimiz var.

- “Kəpəz” turnir cədvəlinə sonuncu pillədədir. Səncə, vəziyyəti dəyişmək çətin olmayacaq?

- Niyə çətin olsun ki?! Elə düşünsəydim, bura gəlməzdim. Yunis Hüseynov məni çağıranda vəziyyəti izah etdi. Həmin vaxt mən klubsuz olsam da, fərdi məşqlər edirdim. Bura yalnız pul üçün gəlməmişəm. Düzdür, yaşamaq üçün mənə də pul lazımdır. Amma hər bir futbolçunun hədəfi olmalıdır. Mənim əsas missiyam “Kəpəz”ə kömək etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik

- Klubsuz qalmağının səbəbi nə idi?

- “Zirə”də olarkən sağ dizimdən zədə aldım. Bundan sonra komandadan ayrıldım və Braziliyaya qayıtdım. 1 il zədəmi sağaltmaqla məşğul oldum.

- Zədən tam sağalıb?

- Əlbəttə, hər şey əladır. Son yoxlama oyununda oynamadım. Çünki baş məşqçi istirahət vermişdi. “Neftçi” ilə görüşdə meydanda olacam.

- “Neftçi” ilə oyundan söz düşmüşkən, həmin qarşılaşma haqda nə fikirləşirsən? Yəqin bilirsən, bu, prinsipial derbidir...

- “Neftçi”ni yaxşı tanıyıram. Bilirəm ki, çox güclü komandadır, onlara hörmət edirəm. Amma məni “Kəpəz” maraqlandırır. Bizi gərgin və maraqlı oyun gözləyir. Yalnız qələbə haqda düşünürük.

Elnur SALAHOV
Antalya

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın