“Neftçi”nin hazırkı vəziyyəti biabırçılıq yox, faciədir” – Georgiyevski

“Neftçi”nin hazırkı vəziyyəti biabırçılıq yox, faciədir” – Georgiyevski
MÜSAHİBƏ 28 Yanvar 2018 / 13:24 6177
-  A +

“Neftçi” və “İnter”in (hazırkı “Keşlə”) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski Qol.az-a müsahibə verib. Hazırda ölkəsinin “Rabotniçki” klubunda məşqçi işləyən makedoniyalı veteran futbolçu ölkəmizdəki günlərini yada salıb.

- Azərbaycandan ayrılandan sonra nə işlə məşğul olursunuz?

- “İnter”dəki son ilimdə Avropa Liqasının “Elfsborq”la oyununda Kaxaber Sxadadze mənə köməkçisi olmağımı təklif etdi. Beləcə məşqçiliyə başladım. Bu, mənim məşqçilik karyeramda ilk təcrübəm olub. Vətənimə qayıdandan sonra, 2015-ci ildə “Rabotniçki”nin aşağı yaş qruplarında işə başladım. 2 ildən sonra məşqçilik kurslarında iştirak edib, B və A kateqoriyaları aldım. Yalnız PRO kateqoriyası qalıb. Hazırda isə əsas komandada köməkçi məşqçi işləyirəm.

- Futbolçu və məşqçi: hansı daha çətindir?

- Futbolçu olanda yalnız oyunu və məşqçinin dediklərini düşünürsən. Məşqçi kimi isə 22 futbolçu ilə maraqlanmalısan. Elə etməlisən ki, sanki 1 nəfərlə işləyirsən. Yəni, hamısına fikrini çatdırmağı bacarmalısan. Məşqçi bir yox, bir çox şeylər haqda fikirləşməlidir.

- Məşqçi kimi əsas məqsədiniz nədir?

- Futbolçu həyatında olduğu kimi, yaxşı nəticə qazanmaq istəyirəm. Ancaq təkcə nəticə, çempionluq yox, mənim başqa hədəflərim də var: gənc futbolçuların yetişməsinə köməklik etmək. Elə etməliyik ki, daha çox gənclər yetişsin və yaxşı səviyyədə olsunlar. Çünki həyatda səndən soruşmurlar ki, neçə dəfə çempion olmusan. Soruşurlar ki, neçə yetirmən var. Bir futbolçu belə yetişdirməmisənsə, onda niyə məşqçisisən? Biz ilk növbədə müəllimik. Onları həm yaşı insan, həm də yaxşı futbolçu kimi yetişdirməliyik. Bu, bizim vəzifə borcumuzdur. Çempionluğu qazana bilərsən, amma yaxşı insan olmağı bacarmaq çətindir.

- “Rabotniçki” Antalyada “Keşlə” və “Qəbələ” ilə yoxlama oyunları keçirib...

- Hər iki oyunda uduzmuşuq. Bunlar bizim ilk oyunlarımız idi. Belə nəticələr bizim planlarımıza mənfi təsir etmir.

- Azərbaycan klubları sizə necə təsir bağışladılar?

- “Qəbələ” əvvəlki səviyyəsində qalmağa çalışır.Həmin komandada yaxşı tanıdığım, birgə oynadığımı futbolçular var. Cavid Hüseynovla “Neftçi”də, Asif Məmmədovla “İnter”də oynamışam. Deyərdim ki, indi həminki futbolçu səviyyələrindən də artıqdırlar. Bunu görmək çox xoşdur. “Qəbələ”də yaxşı tanıdığım daha bir futbolçu var. Voislav Stankoviçlə “İnter”də oynamışam. “Qəbələ”də başqa yaxşı futbolçular da çıxış edir. Amma şəxsi fikrim belədir ki, bu komandada əvvəlki legionerlər daha güclü idilər. Demirəm, indikilər zəifdir. Azərbaycan çempionatını da internetdən izləyirəm. Müqayisə aparanda belə nəticəyə gəlirəm ki, “Qəbələ”dəki əvvəlki futbolçular daha güclü idilər. Bununla kiminsə xətrinə dəymək istəmirəm. Subyektiv fikrimdir. “Qəbələ” yenə yuxarı pillələrdir, yaxşı heyətə malikdir.

- Yəqin bilirsiniz, “İnter”in adı dəyişib. İndi “Keşlə” adlanırlar...

- Mən oynadığım vaxtdan çox az futbolçu qalıb. İndiki heyətdən Denis Silva ilə Adrian Skarlatakeni tanıyıram. Bundan başqa, Vaqif Cavadov, Slavik Alxasov və Pərdis-Fərcad Azadın da adlarını çəkə bilərəm. Komandada yerli futbolçuların olması yaxşı haldır. Amma düşünürəm ki, indiki komanda əvvəlkindən zəifdir. Ola bilər ki, indi maliyyə bir qədər zəifdir. Ancaq hər şey pulla bağlı deyil. Yaxşı futbolçu olmaq istəyirsənsə, üzərində çox çalışıb, səviyyəsini yüksəltməli, hər oyunda əvvəlkindən yaxşı təsir bağışlamalısan.

- Azərbaycan karyeranızın əsas hissəsi “Neftçi” ilə bağlı olub. Titullar qazandığınız komanda indi yaxşı vəziyyətdə deyil...

- Burda olanda xəbər tutdum ki, “Neftçi” 1:8 uduzub. Bu, artıq biabırçılıq yox, faciədir. Bunu tam açıq şəkildə deyirəm. “Neftçi”ni bütün dünya tanıyır. Azərbaycan futbolunun simasıdır, onu itirmək olmaz. Mənə “Neftçi”ni belə vəziyyətdə görmək çox üzücüdür. Bu komandaya ilk getdiyim gündən özümü evimdəki kimi hiss etmişəm. Eləcə də “İnter”də. Bu iki komandada oynadığım dövrdə çox rahat olmuşam. Onlar mənim üçün doğma klublardır. İndi isə belə zəiflədiklərini, ağır məğlubiyyətlər aldıqlarını biləndə, özümə yer tapa bilmirəm, pis təsir edir. Çünki məndən soruşurlar ki, “Neftçi”də oynamısan, onun böyük klub olduğunu deyirsən. Bəs necə olur ki, bu komanda elə də güclü olmayan rəqiblər oyunda darmadağın olur. Bəli, “Neftçi” vaxtı ilə Avroliqada oynayıb. Ancaq bütün bunlar artıq keçmişdə qalıb. İndidən danışmaq lazımdır. Keçmişdə olanlar keçmişdə qalır. Əsas olan bugünkü nəticələrdi. Tarix çempionluqları yazır, pis nəticələri yox. Ona görə də pis yox, yaxşı tarixi yazmaq lazımdır.

- Uzun illər Azərbaycan çempionatında oynamısınız. Sizcə, Premyer Liqa onda güclü idi, yoxsa indi?

-
 Birmənalı olaraq deyirəm ki, onda daha güclü idi. “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Bakı”, hətta “Simurq” və “Kəpəz”ə qarşı belə oynamaq çətin idi. AZAL da çox yaxşı komanda idi. Hətta avrokuboklara düşmüşdülər. Ona görə deyirəm ki, səviyyə indikindən çox yüksək idi. Bilirəm ki, indi maddi problem var. Ancaq hər şeyi pula bağlamaq düzgün olmazdı. Səviyyəni itirməməlisən. Çalışmalısan ki, əvvəlki səviyyədə qalasan. Çünki insanlar əvvəldən Azərbaycan futbolunun təməlini qoyublar. Nəticədə “Neftçi”, “Qarabağ” və “Qəbələ” Avroliqanın qrupuna düşüb. Hətta “Qarabağ” bu mövsüm Çempionlar Liqasında iştirak edib.

- Yeri gəlmişkən, “Qarabağ”dan belə nəticə gözləyirdin?

- Əlbəttə, işi düzgün quranda nəticəsini görürsən. Dəqiq deyə bilmərəm, ola bilər ki, “Qarabağ”da da maliyyə bir qədər azaldılıb, ancaq səviyyə qalıb. Deməli, iş düzgün qurulub. Hər şeyi pulla almaq olmaz. Sağalmaz xəstə olsan, heç bir pulla bunu sağalda bilməzsən. Əsas odur ki, “Qarabağ” işini düzgün qurduğu üçün hər il səviyyəsini artırır. Bu, “Neftçi” də belə idi. Ancaq sonradan nə oldusa, hər şey enişə doğru getdi. “İnter”də də işlər yaxşı gedirdi, yaxşı rəhbərləri var idi. Klubda peşəkar insanlar çalışırdı. Güclü sponsor dəstəyinə malik idilər. Kaxaber Sxadadze yaxşı məşqçi idi, güclü komanda yaratmışdı. Ardıcıl bir neçə il yaxşı nəticələr qazandılar. Ancaq sonradan klubda nə baş verdisə, biz bunu bilmədik. İndi görünən odur ki, komanda əvvəlki səviyyədə deyil.

- Birlikdə çıxış etdiyiniz Mirhüseyn Seyidovla Nizami Hacıyev artıq futboldan uzaqlaşdırılıblar...

- Bilirəm, onlarla birlikdə “Bobo” (Ağakişi Mehdizadəni nəzərdə tutur) ləqəbli məşqçi də futboldan ömürlük kənarlaşdırılıb. Onu “İnter”dən tanıyıram. Açığı, məlumatı mətbuatdan oxuyanda şoka düşdüm. Dərhal Səbuhi Səfiyarlıya zəng vurdum. Onu “İnter”də oynadığım vaxtdan tanıyıram. O, mənə vəziyyəti izah etdi. Onu deyə bilərəm ki, mən hələ də inanmıram. Onlar çox yaxşı insandırlar. Belə etdiklərinə inanmıram. Çox pis oldum. Nizaminin mənə çox köməyi dəyib. İlk dəfə nömrəni də mənə o alıb. Həyatda belə şeylər unudulmur.

- Hələ sən Azərbaycanda çıxış etdiyin vaxt danışılmış oyunlar haqda söz-söhbətlər gəzirdi. Siz özünüz nəsə eşitmişdinizmi?

- Yox, and içə bilərəm ki, həqiqəti deyirəm. Hətta o vaxt “İnter” – “Simurq” oyunları haqda çox danışırdılar. Çünki sponsorları eyni idi. Ancaq onda da meydanda bütün gücümüzü ortaya qoyurduq. Hətta “Simurq”da oynayan serbiyalı hücumçu Draqan Çeran var idi. Bir-birimizin anasını söyürdük. Qızımın canına and içirəm ki, bunlar həqiqətdir. Mən inanmıram ki, kimsə adi vəziyyətdə bir-birinin anasını söysün. Sizcə, bu, normaldır? Hətta, “Simurq”un “İnter”ə xal verməsi haqda söhbət gedəndə mənə pis edirdi. Çünki bu, həqiqət deyildi, başımla cavabdehəm.

- Qurban Qurbanovun təyinatını necə qarşıladınız?

- Əvvəlcə onu deyim ki, yaxşı ki, Berti Foqtsu göndərdilər.

- Niyə belə düşünürsünüz?

- Çünki gəldiyim ilk gündən Azərbaycan xalqını öyrənməyə başladım. Azərbaycanlılar hər zaman irəli gedirlər, heç nədən çəkinmirlər. Foqts isə qorxaq futbol oynadırdı. Bu da Azərbaycan xalqına yaraşmır. Qurban Qurbanova gəlincə isə düzgün təyinatdır. Onun milliyə gəlişi uzun müddət idi ki, gözlənilirdi. Tam əminəm ki, seçim doğrudur. Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında uğurlu nəticələr qazanacaq.

- Bilirsiniz ki, mart ayında Makedoniya ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin görüşlə bağlı nə deyə bilərsiniz?

- Bilirəm, sizə o qədər qalib gəlmişik. Bunu hər zaman zarafatla demişəm. Azərbaycana qarşı oynamaq həmişə çətin olub. Bu dəfə də belə olacaq. Yeni baş məşqçiniz var, görək komanda necə təsir bağışlayacaq. Düşünürəm ki, çətin olacaq.

Elnur SALAHOV,
Antalya

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı