"Yunis Hüseynova görə çox dərinə getmədim" - Saşa Yunisoğlu

"Yunis Hüseynova görə çox dərinə getmədim" -  Saşa Yunisoğlu
MÜSAHİBƏ 22 Yanvar 2018 / 15:45 5982
-  A +

Milli komandamızın sabiq üzvü Saşa Yunisoğlu Qol.az-a müsahibə verib. "Kəpəz"ə transferi son anda alınmayan təcrübəli müdafiəçi bunun səbəblərini açıqlayıb.

- "Kəpəz"in düşərgəsində baxışda idin. Keçidin niyə baş tutmadı?

- "Kəpəz"ə baxışa getməmişdim. Yunis Hüseynov məni birbaşa müqaviləyə çağırmışdı. Hətta maaşımı da danışmışdıq. Müqavilə üçün bütün sənədləri kluba vermişdim. Türkiyə toplanışına getmək üçün adıma bilet də hazır idi. Gündə iki dəfə komanda ilə çalışırdım. Hətta hər məşqdən sonra hamı avtobusa minirdi, mənə isə əlavə hazırlıq keçirdilər. Baş məşqçi doğrudan da mənə inanıb komandaya dəvət etmişdi. Buna görə Yunis müəllimə "sağ ol" deyirəm. 2 gündən sonra birdən-birə məni çağırıb dedilər ki, işin alınmır. Rəhbərlik tərəfindən deyilib ki, daha transfer olmayacaq. Bilmirəm, niyə belə etdilər. Bəlkə də büdcədə problem var. Amma Yunis Hüseynova görə çox da dərinə getmədim. Çünki ona böyük hörmətim var. Bir daha etimad göstərib çağırdığına görə ona minnətdarlığımı bildirdim. Uğurlar arzulayıb, komandadan ayrıldım. Heç bir problem olmadığını söylədim.

- Bəs Yunis Hüseynovdan səbəbini soruşmadın?

- Mənim Yunis Hüseynovla heç bir problemim yoxdur. Ola da bilməz. Əksinə, ona və məşqçilər korpusuna minnətdaram ki, məni yenidən böyük futbola, Premyer Liqaya qaytarmaq istəyirdilər. Sadəcə, bəzi səbəblərə görə iş alınmadı. Həyat bununla bitmir, yolumuza davam edirik.

- Bundan sonra necə olacaq? Başqa təkliflərin varmı?

- İndi gözləmə mövqeyindəyəm. Hələ 10 il oynamaq istəyirəm. Premyer Liqadan təklif yoxdur, çünki cəmi 8 komanda var. Birinci diviziondan 2-3 teklif almışam. Amma hələ qərar verməmişəm.
 
- Deyəsən, birinci divizionda oynamaq istəmirsən...

- Divizionda sırf şəraitə görə oynamaq istəmirəm. Meydançaların 90 faizi bərbad vəziyyətdədir. Keçən il "Səbail"də oynamağa razılıq vermişdim. Çünki komandanın şəraiti Premyer Liqa səviyyəsində idi. Oyunların çoxu "Bayıl Arena"da keçirilirdi.

- Belə çıxır ki, birinci divizionla Premyer Liqa arasında uçurum böyükdür...

- Ötən il Azərbaycan kubokunun 1/8 mərhələsinin oyunları Premyer Liqa ilə birinci divizion klubları arasında olub. Heç bir aşağı dəstə klubu Premyer Liqa təmsilçilərinə müqavimət göstərə bilmədi və nəticədə kubokdan kənarda qaldılar. Məncə, buna əsasən, divizion klublarına qiymət vermək olar. Orada cəmi 1-2 komanda Premyer Liqa səviyyəsindədir.

- Adətən Premyer Liqadan ora gedib oynayan futbolçular  narazılıq edirlər ki, divizionda özbaşınalıqdı...

- Divizionla Premyer Liqanı müqayisə edəndə, aşağı dəstədəki şəraitsizlik, pulsuzluq, özbaşınalıq futbolçularda və azarkeşlərdə neqativ hisslər oyadır. Hərdən mənə elə gəlir ki, əgər UEFA şərt qoymasa, Azərbaycanda divizionu məhv edərlər. 

- Milli komandalarda gerçəkləşən məşqçi dəyişikliklərini necə qarşıladın?

- Uzun illərdir, Azərbaycan milli komandaları heç nəyə nail ola bilmir. Necə deyərlər, qara tuneldə işıq görünmürdü. Belə kordinal dəyişikliklər olmalı idi. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Amma ən azından bu yeniliklər futbolumuzun gələcəyinə ümid verir. İnanıram ki, həm Qurban Qurbanov, həm də Rəşad Sadıqov uğur qazana biləcəklər. Onlara bu çətin işdə uğurlar arzulayıram.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər