“Görünür, “Qarabağ” Ndlovudan da güclü hücumçu alacaq”

“Görünür, “Qarabağ” Ndlovudan da güclü hücumçu alacaq”
ÖLKƏ FUTBOLU 22 Yanvar 2018 / 12:50 6944
-  A +

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Qol.az saytına müsahibə verib. Klubların qış fasiləsindəki hazırlıq prosesini dəyərləndirən mütəxəssis transfer siyasətinə də toxunub.

- Klublarımızın fasilədəki hazırlıq prosesini necə qiymıtləndirirsiniz?

- Komandalar planlı şəkildə hazırlaşırlar. Əksəriyyəti toplanışın birinci hissəsini Bakıda keçirdilər. Hava şəraiti də buna imkan verirdi. İkinci mərhələ üçün isə Antalyada toplaşıblar. Bu, ən vacib mərhələ sayılır. Çünki yoxlama oyunları keçiriləcək.Ondan sonra tam hazır vəziyyətdə vətənə qayıdacaqlar.

- Klubların transfer bazarındakı fəallığı barədə nə deyə bilərsiniz?

- Qışda səs-küylü transferlər həyata keçirmək çətindir. Amma buna baxmayaraq, klublarımızın demək olar ki, hamısı götür-qoy edib qərar verirlər. Transfer siyasətinə ciddi yanaşırlar. İnanıram ki, fasilədən sonra yeni-yeni simaları görəcəyik. Onlar da Azərbaycan çempionatına öz töhfələrini verəcəklər.

- “Neftçi” transfer məsələsində əsas rəqibləri ilə müqayisədə bir qədər geri qalır. Bu, komandanın çıxışına nə dərəcədə təsir edəcək?

- Mən bunu ciddi problem hesab etmirəm. Baxmayaraq ki, çox futbolçunun komandanı tərk etdiyi yazılır. Əsas oyunçuların 1-2-si gedib. Hazırda da onların boşluğunu doldurmaq üçün komandada işlər aparılır. Bəzi addımlar atılıb. Məncə, bəziləri də bundan sonra atılacaq. Onsuz da “Neftçi”də balanslaşdırılmış əsas heyət var idi. Bundan sonra 1-2 transferlə gücə güc qatmağa çalışacaq. Ən azı ötən ildəkindən daha üstün “Neftçi” görə biləcəyik.

- “Qarabağ”ın Dino Ndlovunu satması da müzakirələrə səbəb oldu. Sizcə, Ağdam klubu onun boşluğunu doldura biləcəkmi?

- “Qarabağ” həmişə bizə səviyyəli transferlər bəxş edib. Ndlovu də o futbolçulardan idi. Komanda hər şeyi planlı şəkildə edir. Görünür, ondan da güclü hücumçu transfer etməyi planlaşdırırlar. Bir az səbrli olsaq, “Qarabağ”ın çempionata rəng qatan səviyyəli bir futbolçu gətirəcəyini görəcəyik.

- Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığmamız artıq iki yoxlama oyunu keçirib. “Alanyaspor”un U-21 komandasını 3:1 hesabı ilə məğlub edən Rəşad Sadıqovun kollektivi dünən albaniyalı həmyaşıdlarına uduzublar...

- Bunlar sınaq oyunlarıdır. Xeyli yeni futbolçu cəlb olunub. Rəşad Sadıqov kompleks işlər görür. Yeni komanda formalaşdırmaq istəyir. Bundan başqa, öz fəlsəfəsini yeridir. Hər bir peşəkar işdə səbrə ehtiyac var. Oyundan-oyuna bizi sevindirən U-21 yığması görəcəyimizə inanıram.

- Yəqin ki, Antalyaya gedib klubların, milli komandaların hazırlıq prosesini izləyəcəksiniz...

- Əlbəttə, gedib, hazırlıq prosesi ilə tanış olacağıq.

- Qurban Qurbanovun milliyə baş məşqçi təyinatından sonra onunla müəyyən məsələlərlə bağlı müzakirələriniz, söhbətləriniz olubmu? Ümumiyyətlə, ya Qurbanov, yaxud da Məşqçilər Komitəsi hansısa təklif irəli sürübmü?

- Onunla görüşümüz olub. Amma hələlik Qurbanov iş başında olmayıb. Bundan sonra görüşüb, müzakirələr də edəcəyik. Hələlik hansısa təklif olmayıb. Çünki yanvarın əvvəlindən Antalyadadır. Düzdür, bundan öncə görüşümüz olub, söhbətləşib məsləhətləşmişik. Həmişə bunu demişəm ki, bütün sağlam qüvvələr baş məşqçi ətrafında birləşib gözəl işlər görməliyik. Gələcəkdə də bu yöndə öz köməyimizi əsirgəməyəcəyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki