“Sumqayıt”dan milliyə düşmək daha asandır” – Nicat Qurbanov

“Sumqayıt”dan milliyə düşmək daha asandır” –  Nicat Qurbanov
ÖLKƏ FUTBOLU 12 Yanvar 2018 / 14:25 3055
-  A +

“Sumqayıt”ın yeni transferi Nicat Qurbanov Qol.az saytına müsahibə verib. 25 yaşlı futbolçu həm “Zirə”dən ayrılmasının səbəblərini, həm də əsas hədəflərini açıqlayıb.

- “Zirə”dən özün ayrıldın, yoxsa?

- “Sumqayıt”dan təklif gəldi. Baş məşqçi ilə danışdıq. “Zirə”də az oynayırdım deyə getmək istədiyimi bildirdim. Razılaşdıq, ayrıldım. Yəni, özüm getdim, məni komandadan çıxartmadılar. Xahiş elədim, ayrıldım.

- Komandadan getmək istədiyini bildirəndə Ayxan Abbasovun reaksiyası necə oldu?

- Futboldu, özü də başa düşdü ki, oynamaq istəyirəm. Dedi ki, “Sumqayıt”da oynamaq şansın daha çox olacaqsa, etiraz eləmirəm. Mən də sağollaşıb, halallaşıb “Zirə”dən ayrıldım.

- “Zirə”də niyə möhkəmlənə bilmədin?

- Hər məşqçinin öz sistemi var. Ayxan müəllimin taktiki sxemninə uyğun gəlmədiyim üçün belə alındı. Məşqlərimi normal edirdim. Sadəcə, baş məşqçi belə məsləhət görürdü.

- Yalnız “Sumqayıt”dan təklif almışdın?

- Açığı, bu komandadan təklif aldıqdan sonra digərlərinə baxmadım. Çünki özüm istəyirdim. Burda yaxşı kollektiv var, hamısı yerli uşaqlardır. Bilirəm ki, oynamağa daha çox şans yaranacaq. “Sumqayıt”a bir neçə il bundan öncə də keçə bilərdim. Bu il alındı. 

- “Sumqayıt”ın mövsümün sonunda Avroliqaya vəsiqə qazanmaq şansı var. Bu amil də keçidinə təkan verdimi?

- Tək bununla əlaqələndirməzdim. “Zirə”də də qalsaydım, Avroliqada oynaya bilərdim. Sırf oyun baxımından, özümün də bura marağım olduğu üçün “Sumqayıt”a gəlməyi üstün tutdum. Sumqayıt futbol şəhəridir, yaxşı ab-hava var. Oyunları maraqlı keçir, azarkeşlər daim tribunaları doldururlar. “Sumqayıt”a keçidimdə əsas bu amillər rol oynadı. Həm də “Sumqayıt”dan milliyə düşmək daha asandır. Çünki oynamaq şansı çox olur. Futbolçunun pik nöqtəsi onun milli komandada oynamağıdır. Köhnə formamı bərpa edib, milliyə düşmək üçün daha məqsədli çalışacam və oynayacam. Amma hazırda əsas fikrim “Sumqayıt”a xeyir verməkdir.

- Mətbuata müsahibəndə bildirmisən ki, “Zirə”nin hədəfi çempionluq deyil...

- Yox, sadəcə demişəm ki, “Zirə” ilk 3-lük uğrunda mübarizə aparır. Məqsəd, sırf çempionluq deyil. Əsas hədəflərinin medalçılar sırasında olmaq olduğunu demişəm.

- Yeni komandan ölkə kubokunun yarımfinalındadır. Ümumiyyətlə, kuboku qazanmaq şanslarını necə dəyərləndirirsən?

- Futbolda hər şey 90 dəqiqədən sonra məlum olur. Oyunun əvvəlində heç kim deyə bilməz ki, biz qalib gələcəyik və ya uduzacağıq. Meydana hamı qələbə üçün çıxır. Rəqib “Keşlə”dir. Gördüyünüz kimi, yeni məşqçi gəlib, transferlər edirlər. Pis komanda deyil. Bu o demək deyil ki, biz rəqibdən çəkinib qorxacağıq. Yox, məqsədimiz finala çıxmaqdır. Kubokun əsas favoriti “Qarabağ” idi. Bu gün onlar kubokdan kənarda qalıblarsa, deməli, hamının şansı var. Eləcə də “Sumqayıt”ın.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord