Adil Nadirov: «Bizi az qala döyüb öldürəcəkdilər"

Adil Nadirov: «Bizi az qala döyüb öldürəcəkdilər"
MÜSAHİBƏ 20 Aprel 2010 / 17:28 14906
-  A +

Azərbaycan futbolunun tanınmış simalarından Adil Nadirov 60 illik yubileyi ərəfəsindədir. Əməkdar məşqçinin “Qarabağ”ın yaşamasında və uğurlar qazanmasında böyük xidmətləri olub. Baxmayaraq ki, min bir əziyyət çəkib, ömrünün 50 ilini futbola fəda edib. Aprelin 24-də 60 yaşı tamam olacaq yubilyar Qol.Az və Supersport.Az saytlarına müsahibə verib.

- Futbola 1960-ci ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında gəlmişəm. 15 yaşndan “Qarabağ”da oynamışam. Sonralar Mingəçevirin “Toxucu” (1968-70-ci illər), Tiflisin SKA (1970-73-cü illər) komandasında çıxış etmişəm. “Qarabağ” klubunu yaratmışam və məşqçi kimi çalışmışam. 1978-ci ildə komandanı güclülər dəstəsinə çıxarmışam. O zaman özüm də oynayırdım. 31 yaşımda futbolçu karyeramı başa vurdum. 1982-ci ildə bəzi səbəblərə görə komanda fəaliyyətini dayandırdı.
- Səbəb nə idi?
- Baxımsızlıq. 1987-ci ildə yenidən komandanı götürdüm və güclülər dəstəsində çıxış edərək çempion olduq. Sonralar doğma klubumda məşqçilərdən Elbrus Abbasov, Rəşid Özbəyov, Ağasəlim Mircavadov, Ruslan Abdullayev, Şahin Diniyev, Böyükağa Ağayev çalışıb. Mircavadovun rəhbərliyi dövründə ölkədaxili yarışlarda böyük uğurlar qazanmışıq. Onunla işləmək çətin olduğu qədər də maraqlıdır. Mircavadovla çalışdığım 6 il ərzində çox tələbkar olduğunun şahidi olmuşam. 
- Ötən günləri necə xatırlayırsınız?
- Çox güclü futbolçularla birgə oynamışam: Elbrus Abbasov, Şəfəq Hümbətəliyev, Allahverdi Bağırov, Saşa və s. O zaman futbola böyük maraq var idi. Amma indi belə deyil. “İmarət” stadionunda iynə atsan yerə düşməzdi. Əvvəllər oyunlara daha çox azarkeşlər gəlirdi, onlar çılğınlıqla yadda qalırdılar.
- Tiflisdə də oynamısınız.
- Məşqçilərdən Zaur Kalayev və Slava Metrevelidən futbolun sirləri və incəliklərini öyrənmişəm və onlara təşəkkür edirəm.
- Yetirmələrinizdən kimlərin adını çəkə bilərsiniz?
- SSRİ çempionatında oynamış Cavanşir Novruzov, Şahid Həsənov, Elgiz Məmmədov, Cəmil Haqverdiyev, Yaşar Hüseynov, Yusif Əsədov, İxtiyar Məmmədov, Arzuman Cabbarov və digərləri.
- “İmarət” yaddaşınıza necə həkk olunub?
- Həyatımın ən gözəl çağları orada keçib. Hər gün səhər saat 10-dan axşam 7-dək “İmarət”də olurdum. Ora Qarabağın cənnət güşəsidir: gözəl havası, su, ağaclar, yaşıllıq. “İmarət” tez-tez yuxuma girir, görürəm ki, futbol oynayıram. Gözəl çinarlar gözümə dəyir…
- Çəkindiyiniz futbolçu olubmu?
- Gizlətmirəm, olub. Yarımmüdafiədə oynamışam və bütün arxa xətt oyunçularını aldada bilsəm də, bir futbolçu vardı ki, ondan qorxurdum. Bu müdafiəçi, Zaqatala klubunda oynamış Vısotski idi və çox vaxt onu keçə bilmirdim. Amma bunu məşqçilərdən gizlədirdim.
- Eşitdiyimizə görə, ölümlə üzlədiyiniz anlarınız da olub.  
- Doğrudur. 1967-ci ildə Qusarda oyunda qol vurduqdan dərhal sonra meydanı tərk edərək, mehmanxanaya tərəf qaçıb, otağa girib qapısını bağladım. Ona görə ki, orada qol vuranı bərk əzişdirirdilər. Çox vaxt oradakı oyunlarda dava-dalaş olurdu.
Qazaxda isə bir dəfə bizi az qala döyüb öldürəcəkdilər. Ancaq saçı ilə maşın çəkən pəhləvan bizi ölümdən xilas etdi.                     
- Geriyə nəzər saldıqda ən çox nəyə təəssüflənirsiniz?
- (Kövrəlir). Kaş ki, Ağdamda olaydıq. Elə komanda yaratmışdım ki, 10 il dalbadal çempion olardıq. Amma sevindiyim odur ki, çox əziyyətlər hesabına olsa da, komandanı yaşatmışam. Qarabağ adı bizim üçün çox doğmadır, əzizdir. Qardaşım Ərşad bu torpaqlar uğrunda gedən döyüşlərdə şəhid olub. Mən isə vuruşmasam da, “Qarabağ” komandasını yaşatmaq üçün çalışmışam və çox xoşbəxtəm ki, buna nail olmuşam. Hətta komanda dağılmaq təhlükəsiylə üzləşdiyi zamanlarda mövcud vəziyyəti futbolçulardan gizlətmişəm və yalnız Allaha ümid etmişəm. Bir daha “Qarabağ”ı yaşada bildiyimiz üçün özümü xoşbəxt hesab edirəm. Ötən illərdə komandanın yaşamasında bir sıra futbolçular böyük əmək sərf ediblər: Elşad Əhmədov, Yaşar, Müşfiq Hüseynovlar, Səttar Əliyev, Zaur Qarayev və s. Çox həyəcanlıyan, adını çəkmədiyim digər futbolçular məndən inciməsinlər. Onların hamısına minnətdaram. Biz “Qarabağ”la yaşayıb onu yaşatmışıq. Bunu həmişə özümüzə borc saymışıq. Nə əziyyət çəkmişəm, hamısını halal edirəm. Hələ Ağdamda oynayanda “Qarabağ”ın gələcəkdə Avropada sözünü deyəcəyini bildirəndə çoxları istehza ilə yanaşırdı. Yaxşı yadımdadır ki, UEFA Kubokunda Finlandiyada “MüPa-47” ilə oyundan əvvəl gördüm ki, “Qarabağ” “Karabax” kimi yazılıb. Əsasən bu sözü ermənilər işlədirlər. İradımı bildirərək, meydana çıxmayacağımızı dedim. Qısa müddət sonra tələbim yerinə yetirildi. Ümumiyyətlə, “Qarabağ” min bir əziyyətlər çəkib. Elə olub ki, 1 il ərzində 4 şəhər dəyişmişik. Gah Mingəçevir, gah Əli Bayramlı, gah Bakı, gah da Sumqayıtda məskunlaşmışıq. Komandanı yaşatmaq üçün bunları etmişəm. “Qarabağ”ı “Azərsun Holdinq” sponsorluğa götürənə kimi  klubun yaşamasında ən çox Yusif İldırımzadənin rolunu qeyd etmək istərdim. Bundan başqa, Nazim Abdullayev, Zakir Tağıyev, Yunis İldırımzadə və digərlərinin də köməyi dəyib. Allah hamısının canlarını sağ eləsin. 
Ancaq zaman hər şeyi yoluna qoydu. Allahın köməyilə komanda üçün arzuladıqlarımı həyata keçirə bildim. 2001-ci ildə “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl klubu himayədarlığa götürəndə, “Bu komanda ona görə yaşamalıdır ki, adı Qarabağdır və ermənilərə bu torpağın Azərbaycanın olduğunu bir daha sübut edəcəyik” kəliməsi yaxşı yadımdadır. Mən başda Abdulbari bəy olmaqla Tahir Gözəl və Əmrah Çəlikələ təşəkkür edirəm ki, “Qarabağ”ı yaşatmaq üçün neçə illərdir əziyyət çəkirlər. Bu gün komandaya kömək etmək lazımdır. Kimlərsə Ağdam stadionunda onlardan reklam pulu istəyirlər. “Azərsun Holdinq”ə qarşı çıxmaq qəbulolunmazdır. Bu, şirkət neçə illərdir doğma komandamız üçün milyonlar xərcləyir...
- Ən çətin oyunlarınız hansı olub?
- Etiraf edim ki, “Qarabağ”ın Gəncə, Bərdə və Qusar klubları ilə oyunları həmişə istədiyimiz kimi alınmayıb, ağır olub. “Neftçi” üçün isə arzuolunmaz komanda “Qarabağ”dır. Bu komanda ən güclü vaxtlarında belə bizimlə oynaya bilməyib.
Yaxşı yadımdadır, bir dəfə bölgələrdən birində uduzduğumuz zaman meydana aşıqlar töküb konsert verdilər və bu, mənə çox pis təsir etdi.
- Bu, hansı bölgədə olub?
- Bunu deməyəcəm. Ancaq bir qədər fikirləşənlər hansı bölgədən söhbət getdiyini bilərlər. Sumqayıtda həmin regionun komandası ilə oyunda bunun əvəzini çıxdıq. Oyuna zil səsli xanəndə gətirmişdim və 3:0-lıq qələbəmizdən sonra Qarabağ şikəstəsini oxutdum. Gördüm ki, keçmiş futbolçumuz Rafael Kərimovun atası Ərşad kişi bunu hiss etdi, hönkür-hönkür ağladı. Allah ona rəhmət eləsin.
- Çox güman ki, ən sevincli gününüz “Makkabi” səddini keçəndə olub.
- Bəli, 1999-cu ildə. O zaman bu, ağlabatan deyildi. Ancaq əvvəlcədən mən bunun yuxusunu görmüşdüm. Oyundan üç gün əvvəl gördüm ki, Səttar Əliyev əlində kubok qarşıma gəlib. Səhərisi futbolçulara yuxumu danışdım və dedim ki, mərhələ adlayacağıq. İsraildə ilk oyunda rəqibi 2:1 hesabıyla məğlub etdiyimiz oyunda Səttar hər iki qolun ötürməsini verdi və Müşfiq Hüseynov dubl etdi. Deməli, yuxum çin çıxdı.
- Bu zaman hansı hisslər keçirdiniz?
- Azərbaycan futbolu tarixində ilk dəfə komandamız qızıl səhifə yazdı. Oyundan sonra fikirlərimi öyrənmək istəyən jurnalistlər qarşısında danışmağa söz tapmadım, sevincimdəm honkür-hönkür ağladım. Bu, həyatımda ən xoş gün idi. “Rusenborq” səddini keçəndə də çox sevinmişəm.
- Amma komandanızın bugünkü durumu ürəkaçan deyil... 
- Hər zaman uğur qazanmaq olmur. İnanıram ki, “Qarabağ” öz sözünü deməklə Avrokuboklara vəsiqə qazanacaq. Çempion olmaq məsələsinə gəlincə, bu çətindir.
- “Qarabağ” həm də tənqid hədəfindədir.
- Həmişə belə olub. Udanda komanda təriflənir. Uduzanda da sağlam tənqid olmalıdır ki, bundan nəticə çıxarılsın. Yorğunluq və zədəlilərin olması mənfi təsirlərini göstərir. Komandada futbolçuya ehtiyac olduğundan qardaşım oğlu Vüqar ayaq barmağında çat olmasını belə gizlədib.  
- Yeri gəlmişkən, Vüqar çoxdandır qol vura bilmir.
- Ola bilər ki, yaşı, təcrübəsi çatmır. Ancaq meydanda çox şeylər edir, effektli ötürmələr verir. Bu gün “Qarabağ”da bir neçə futbolçu var ki, istənilən oyunu göstərə bilmir.
- AFFA və PFL-in fəaliyyətindən razısınızmı?
- Bu gün Azərbaycan futboluna böyük sərmayə qoyulur. AFFA və PFL-in fəaliyyətini yüksək qiymətləndirirəm. Çempionatın səviyyəsi artıb, gərgin oyunlar olur, qarşılaşmalarda sürət var. Əvvəllər komandalarımız Avropada son 20 dəqiqəni çatdıra bilmirdilər, yalnız az qol buraxmaq barədə düşünürdüsə, indi qələbə haqda düşünürlər. Fiziki keyfiyyət, ustalıq, sürət artıb. Bütün bunlar inkişaf deyilmi?
- Milli komanda haqda nə fikirdəsiniz?
- Əvvəllər rəqiblər əminliklə qələbə qazanacaqlarını deyirdilər, indi isə millimizdən çəkinirlər. Ümid edirəm ki, yığma komandamız bu dəfə seçmə mərhələdə daha çox xal toplaya biləcək. Foqts çox işlər görür.
- Bildiyimizə görə, 50 illik yubileyinizi keçirməmisiniz. Bəs, 60 illiyinizi qeyd edəcəksiniz?
- O zaman Sumqayıtda razılıq vermədim ki, yubileyimi Ağdamda qeyd edəcəm. İnşallah, 60 illiyim Quzanlıda keçiriləcək. PFL-in prezidenti Ramin Musayevə dərin təşəkkürümüzü bildirmək istəyirik. Ona görə ki, məhz bu şəxsin böyük xidmətləri sayəsində “Qarabağ”ın ev oyunlarının keçirməsinə icazə verildi, hətta PFL media nümayəndələrini Quzanlıya apardı. Avtobusun qarşısında yazılan “Bu gün Quzanlıya, sabah Ağdama!” şüarı isə böyük sevinc bəxş etdi. Ramin müəllimin belə qərar verməsi vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından xəbər verir.
- Yubileyinizi kim keçirəcək?
- “Qarabağ”ın rəhbərliyi. Klubun direktoru Əmrah bəy bununla əlaqədar lazımı göstərişlər verib, mənimlə görüşüb. “Azərsun Holdinq”in rəhbərliyinə təşəkkür edirəm. Bu tədbirdə başda AFFA və PFL rəhbərliyi olmaqla futbol veteranlarının iştirakı gözlənilir.
- “Azərsun Holdinq”dən hansı mükafat gözləyirsiniz?
- Bu şirkətin “Qarabağ”ı yaşatması mənim üçün ən böyük mükafatdır.
- Balaca Adil yolunuzu davam etdirə bilərmi?
- Biz futbolçu ailəsiyik. Vaxtıilə dayım Rasim Əliyev “Qarabağ”da oynayıb. Bilirsiniz ki, şəhid qardaşım Ərşadın oğlu Vüqar da futbolçudur. Oğlum Kamil əvvəllər komandamızda çıxış edib, ancaq sonradan zədələndiyi üçün futboldan aralandı. İndi hakimliyə başlayıb. Ümid edirəm ki, səviyyəli referi olacaq. Nəvəmə gəlincə, 3 yaşı var. Hiss edirəm ki, istedadlıdır və yaxşı futbolçu olacaq. Topla yaxşı rəftar edir, hər iki ayağı ilə eyni gücdə zərbələr vurur.
- Sonda arzunuz...
- (Gözləri dolur). Allah mənə möhlət versin Ağdama qayıdıb qardaşım Ərşadın məzarını ziyarət edim. Bundan başqa, heç bir arzum yoxdur. Qardaşım tez-tez yuxuma girir. 

 

Daha çox


Son xəbərlər