"Qarabağ" hər dəfə bizə 4-5 top vururdu" - Amil Yunanov

"Qarabağ" hər dəfə bizə 4-5 top vururdu" -  Amil Yunanov
ÖLKƏ FUTBOLU 15 Dekabr 2017 / 22:28 4962
-  A +

"Sumqayıt"ın hücumçusu Amil Yunanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"a qalib gələrək (2:0) yarımfinala yüksəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.


- “Sumqayıt” bu gün tarixi qələbə qazandı. Buna nəyin hesabına nail oldunuz?

- Əlbəttə, tarixi nəticədir. Əsas səbəbi səfərdən yaxşı nəticə ilə qayıtmağımız oldu. Bilirdik ki, 1:0 hesablı qələbə bizə sərf edir. Azarkeşlərimizin də dəstəyini qeyd edərdim. Sağ olsunlar, sona qədər bizi tək buraxmadılar. Komandada hamı bir nəfər kimi mübarizə apardı. 4-5 ildir “Sumqayıt” kubokda “Qarabağ”la düşürdü. Hər dəfə bizə 4-5 top vururdular, keçə bilmirdik. Amma bu dəfə qarşımıza məqsəd qoymuşduq ki, növbəti mərhələyə adlamalıyıq. İnanıram ki, “Keşlə”ni də keçib, final oynayarıq.

- Qolun sevincini çılğınlıqla qeyd etdin...

- Topu boş qapıya vursaydım da, eyni cür qeyd edərdim. Neçə vaxtdır fərqlənə bilmirdim, Hərdən məndə belə hallar olur. Bilirdim ki, 2:0 yaxşı nəticədir. Buna görə də sevinirdim. Rəqib “Qarabağ” olduğundan daha çox çılğın şəkildə qeyd etdim. Bəlkə də düz etmədim. Amma özümü saxlaya bilmədim.

- Formanı çıxardığın üçün sarı vərəqə aldın. Bu vərəqə sənə, komandana qarşıdakı və ya final oyununda çətinlik yarada bilər...

- Bilirəm. Çalışacam, növbəti kubok oyununda sarı vərəqə görməyim.

- “Qarabağ” səddini keçdikdən sonra finala yolunuzun açıldığını demək olarmı?

- “Keşlə” də yaxşı komandadır. Ümid edirəm ki, onları da keçib final oynayarıq. Bu, bizim üçün böyük şey olar.

- Bugünkü heyəti kim müəyyənləşdirmişdi: Samir müəllim, yoxsa köməkçisi?

- İlk oyunda da bu heyətlə oynamışdıq. Səfərdə də pis təsir bağışlamamışdıq. Yəqin, Samir müəllimin xəbəri var idi. Mən bilmirəm, bunu məqşçilərdən soruşmaq lazımdır.

- Oyundan sonra klub prezidenti ilə uzun müddət söhbət etdiniz. Maraqlıdır, nə danışırdınız?

- Heç nə, təbrik etdi. Sevincini bizimlə bölüşürdü.

- Bu oyunda millinin yeni baş məşqçisi Qurban Qurbanovun komandasına qarşı oynadın. O da artıq səni diqqətdə saxlayacaq. Bu amil sənin milliyə düşmək perspektivini artıracaqmı?

- Milli komandada oynamaq ən böyük arzularımdan biridir. O formanı geyinmək üçün çox çalışmaq lazımdır. Artıq böyük turnirlərdə oynamağın vaxtıdır. Baş məşqçi dəvət göndərsə, canla-başla oynamağa hazıram.

- Səncə, milli komandaya yolun “Qarabağ”dan keçir, yoxsa “Sumqayıt”dan da ora düşə bilərsən?

- Komandamız 4-cü pillədədir. Kubokda da mərhələ keçmişik. Elə “Sumqayıt”da özümü yaxşı tərəfdən göstərsəm, düşünürəm ki, milliyə dəvət ala bilərəm.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın