"Başda Qurban Qurbanov olmaqla hər birinə çətin olacaq" – Şahin Diniyev

"Başda Qurban Qurbanov olmaqla hər birinə çətin olacaq" –  Şahin Diniyev
ÖLKƏ FUTBOLU 13 Dekabr 2017 / 12:23 4219
-  A +

“Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyev Qol.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis aşağı yaş qrupları üzrə yığmalara yeni baş məşqçilərin təyinatına münasibət bildirib.

- Hər birini təbrik edirəm. Bu, təkcə kiminsə yox, hamımızın millisidir. Hamısı gənc mütəxəssislərdir. Yeni başlayırlar, hədəfləri var, özlərini sübut etmək istəyirlər. Milli komandada işləmək böyük bir məsuliyyətdir. Hər birinə uğurlar arzu edirəm. İnanıram ki, yaxşı nəticələr qazanacaqlar. Nəticədən də çox, əsas məqsəd aşağı yığmalarda futbolun inkişafıdır. Futbolçu yetişdirilməsində böyük rol oynayacaqlar. Hamısı futbol oynayıblar. Rəşadın təcrübəsi daha çoxdur. Oynaya-oynaya baş məşqçilik edir. Başda Qurban Qurbanov olmaqla, hər birinə çətin olacaq. Futbolumuzun reallığı belə deməyə əsas verir. Sehrli çubuqları yoxdur ki, birdən-birə vəziyyəti 180 dərəcə dəyişsinlər. Onları tələsdirmək, çox tələbkar olmaq da lazım deyil. Sadəcə, yaxşı iş görmək üçün yaxşı təməl qoyulmalıdır. Millidəki iş prinsipi “Qarabağ”dakı kimi olacaq. Eyni sistemlə gedəcək. Bunu təyinatlardan da belə başa düşmək olar. Əl-ələ verib Azərbaycana futboluna töhfə verəcəklər.

- Hamısı gənc mütəxəssislərdir. Onları bu iş üçün hazır sayırsınızmı?

- Səmimi desəm, pis məşqçilər deyillər. Bu, birmənalıdır. Təcrübələri azdır, özləri də etiraf edərlər. Amma oynadıqları futbolla bunu kompensasiya edə bilərlər. Çox məsuliyyətli işin altına giriblər. Ümid edirəm ki, uğurlu çıxacaqlar. Daha çox seleksiyada diqqətli olmalıdırlar. Seçimdə yanılmaq olmaz. Yığma komandanı yenidən qurmaq çox çətindir. Çünki vaxt məhdudiyyəti var. Futbolumuzda bu gün gənc nəsil o qədər yaxşı deyil. Kimsə bu yükün altına girməli idi. Yük var deyə, olduğu kimi qalmamalıdır. Onlar bu yükün altına girdilər. Nə qədər bacaracaqlar, bunu zaman göstərəcək. Bizim işimiz onların yanında olmaqdır. Yığmanın uğuru hamımızın uğuru olacaq.

- Rəşad Sadıqov 2 yığma ilə yanaşı, həm də “Qarabağ”ın U-19 komandasını çalışdıracaq…

- Çox çətin olacaq. Eyni zamanda, 3 işi görmək asan məsələ deyil. Gənclik, cavanlıq amili var, bu başqa məsələdir. Burada fiziki gücdən daha çox zehni güc lazım gələcək. Rəşad hansı yükün altına girdiyini yaxşı bilir. Yəqin bacaracaq ki, üstünə götürüb. Özünə inanır.

- Birdən-birə belə məsuliyyətli işin altına girmək onların məşqçilik karyerasına mənfi təsir göstərə bilərmi?

- Futbol inkişaf etmiş ölkələrdə klublara bu cür təyinatlar gənc mütəxəssislər üçün artıq bir imic formalaşdırır. Ancaq Azərbaycan kimi futbolçu potensialı aşağı olan bir yığmada işləmək çətindir. Onlar gözlərinin qabağına gətirməlidirlər ki, millidə uğurlar çox olmayacaq. Bu, elə milli deyil ki, tez bir zamanda asanlıqla uğur qazansın. Bayaq da dediyim ki, burada əsas məqsəd millinin inkişafına nail olmaqdır. Bütün təyinatlar buna hesablanıb. Hamısının başında Qurban Qurbanov dayanacaq. Milli komandalar eyni mexanizmlə işləyəcək. Ona görə də hələlik onlardan böyük uğur gözləmək tezdir. Sadəcə, dəstəkləməliyik. Kim gəlsə belə, yığmanı ya pis edəcək, ya da yaxşı. Əlimizdə olan materialdan ev tikmək lazımdır. Hər birinə uğurlar arzulayıram.

- U-18 və U-20 kimi yeni yığmalar yaradıldı. Bu komandaların yaradılmasını necə dəyərləndirərdiniz?

- Bu layihə hələ çoxdan var idi. Məm Məşqçilər Komitəsində işləyəndə bu bir neçə dəfə AFFA-ya təklif olunub. Hər dəfə “yox” cavabı alınıb. Bu cür yığmaların yaradılması, əlbəttə ki, yaxşıdır. Bu işin içindəyəm deyə bilirəm. Artıq itkilər az olacaq. Məsələn, bir yaş qrupundan digərinə keçid zamanı 20-30 faiz yaxşı futbolçu qalırdısa, bundan sonra 70-80 faiz qalacaq. Həmin futbolçuları itirməmək üçün belə bir addım atıldı. Bu gün Qurban Qurbanovun bunu qəbul etməsini yaxşı hal sayıram.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər