Anatoli Banişevski adına stadion

Anatoli Banişevski adına stadion
YAZARLAR 13 Dekabr 2017 / 10:25 6276
-  A +

«Qol.az»ın baş redaktoru Aydın Bağırov çox maraqlı bir təkliflə çıxış edib. Məsələ qaldırıb ki, Bakıdakı stadionlardan birinə Azərbaycan futbolunun dünyaca ünlü futbolçusu Anatoli Banişevskinin adı verilsin.

Banişevskini tanıtmağa ehtiyac yoxdur, o, öz adını futbol tariximizə, özü də təkcə Azərbaycan futbolunun tarixinə deyil, dünya futbolu tarixinə qızıl hərflərlə yazıb.

Banişevskinin adını başqa cür də əbədiləşdirmək mümkündü. Sovetlər dönəmində «Fedotov klubu» deyilən bir klub vardı, sovet futbolunda ilk dəfə Fedotov adlı bir futbolçu 100-dən artıq qol vurduğuna görə bu klubu onun şərəfinə yaratmışdılar. 100-dən artıq qol vuranlar bu kluba düşürdü. Yəni bir fəxri ad idi. Azərbaycandan isə yalnız Anatoli Banişevski bu fəxri ada layiq görülmüşdü. Yəni ölkə çempionatında 100-dən artıq qol vurmuşdu.

İndi bombardirlər üçün də belə bir «Banişevski klubu» yaratmaq olar.

Banişevskinin kimliyi barədə də bir misal.

Sovetlər dönəmində minik avtomobili almaq çox çətin idi. Bəzən illərlə növbəyə durmalı olurdun. Bir akademikin «Volqa» növbəsi çatırmış. Ali Sovetin sədri Məmməd İsgəndərov həmin «Volqa»nı növbəsiz Anatoli Banişevskə bağışlayır.

Akademik İsgəndərovun yanına şikayətə gedir. Və tələb edir ki, «Volqa»nı ona versinlər. Və deyir ki, kimdi ey bu uşaq ki mənim maşınımı ona verirsiz.

İsgəndərov onu sakitləşdirib soruşur:

- Braziliyanın Kommunist Partiyasının katibi kimdi?

- Bilmirəm.

- Braziliyanın Ali Sovetinin sədri kimdi?

- Bilmirəm.

-Braziliyanın Nazirlər Sovetinin sədri kimdi?

- Mən nə bilim ey.

- Akademiksiniz, deyə bilərsinizmi Braziliyada Elmlər Akademiyasının prezidenti kimdi?

- Yox, onu da bilmirəm.

- Yəni o boyda Braziliyadan bir adam tanımırsıınız?

- Niyə tanımıram? Pele!

İsgəndərov gülüb deyir:

- Ay yoldaş akademik, Banişevski də bizim Pelemizdi də.

Akademik qalxır ayağa:

- Məni yaxşı yola verdin, halal xoşu olsun.

Gəlin biz də stadionlardan birinə Azərbaycanın Pelesi Anatoli Banişevskinin adını bağışlayaq. Halal xoşu olsun!


Nicat NOVRUZOĞLU,
"Ədalət" qəzeti

Daha çox

28.09.23

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı