"Qarabağ"la oyunlarımız yaxşı alınmır" - Fərhad Vəliyev

"Qarabağ"la oyunlarımız yaxşı alınmır" -  Fərhad Vəliyev
ÖLKƏ FUTBOLU 12 Dekabr 2017 / 01:30 2248
-  A +

"Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli qolkiper söhbətə qırmızı vərəqə gördüyü epizoddan başlayıb.

- Son dəqiqələrdə Pedro mənimlə üzbəüz qaldı. İstədim, çıxıb topu uzaqlaşdırım. Bu vaxt məni aldatdı. Mən isə əvvəl Pedroya, daha sonra topa toxunub rəqibi yıxdım. Hakim də haqlı olaraq düzgün qərar verdi.


- Bu nəticəni turu keçmək üçün yetərli hesab edirsən?

- “Qarabağ” kimi komandaya qarşı ilk oyunda səfərdə 1:2 hesablı məğlubiyyət pis nəticə deyil. Artıq 2-ci matça hazırlaşacağıq. Düşünürəm ki, evdəki oyuna daha yaxşı hazırlaşıb, turu keçmək olar.

- Səncə, növbəti mərhələyə adlamaq real görünür?

- Əlbəttə. Bilirsiniz ki, “Qarabağ”la oyunlarımız yaxşı alınmır. Bu dəfə pis oynamadıq. Hər şeyə cavab oyununda aydınlıq gələcək.

- Ev oyununda “Sumqayıt”ın üstünlüyü nə olacaq?

- Ev oyunlarında güclü komandalara qalib gəlib, xal qazanmışıq. İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaqlar. Bizi tək qoymayacaqlar. Birlikdə tam komanda olub, sona kimi mübarizə aparacağıq.

- “Qarabağ”la cavab oyununda qapıda gənc həmkarın dayanacaq. O isə oyun təcrübəsi baxımından əziyyət çəkir. Necə olacaq?

- O da yaxşı qapıçıdır. Özünü göstərmək üçün şansı olacaq. Məncə, komandaya köməyi dəyəcək.

- Çempionat artıq yarılanıb. 4-cü pilləni “Sumqayıt” üçün uğurlu saymaq olarmı?

- Əlbəttə. Əvvəlki illərlə müqayisədə uğurlu hesab etmək olar. 4-cü pillə pis nəticə deyil. Qarşıda ikinci dövrə var. Birinci dövrədə “Qarabağ”la hər iki oyunumuzu səfərdə oynamışıq. Doğma meydanda bu komanda ilə oyunlarımız var. Evdə daha yaxşı nəticələr qazanıb, yuxarı pillələrə qalxmağa çalışacağıq.

- Ehtiyat oyunçular skamyanız kasaddır. Bu mənada qış fasiləsində yeni transferlərə ehtiyac varmı?

- Bu suala məşqçilər cavab verə bilər. Bildiyiniz kimi, hər iki Cavid zədəlidir. Onlar da komandaya qoşulandan sonra bir az da güclənəcəyik. Transferlərlə isə məşqçilər korpusu məşğul olur.

Daha çox


Son xəbərlər