"Onlar haqda necə pis danışa bilərəm?" - Denis Silva

"Onlar haqda necə pis danışa bilərəm?" -  Denis Silva
GÜNDƏM 4 Dekabr 2017 / 15:18 3167
-  A +

“Keşlə”nin müdafiəçisi Denis Silva  Topaz Premyer Liqasının XIV turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Qol.az-ın məlumatına görə, görüşlə bağlı fikirlərini açıqlayan braziliyalı futbolçu komanda ətrafında gəzən söz-söhbətlərə də münasibət bildirib.

- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdik...

- Komanda çox pis vəziyyətdədir. Ona görə də meydana qələbə qazanmaq üçün çıxmışdıq. Son oyunları uduzduğumuzdan, Qəbələyə 3 xal dalınca gəlmişdik. Çünki buna ehtiyacımız var. Hər oyunda kifayət qədər imkanlarımız olur. Amma qol vura bilmirik. Səbəbini özümüz də bilmirik. “Qəbələ” ilə oyunda da 3 real qol şansımız oldu. Yenə dəyərləndirə bilmədik. Yəqin ki, gələn il hər şey qaydasına düşər. İndiki vəziyyəti isə heç cür izah edə bilmirəm. Çox qəliz vəziyyət yaranıb.

- Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məsələsi barədə nə deyə bilərsən?

- Onlar bizim dostlarımızdır. Mən bu barədə heç nə deyə bilmərəm. Çünki işin içində deyiləm. Nə baş verdiyindən xəbərsizəm. Onlar haqda necə pis danışa bilərəm? Klub prezidenti ilə danışdıq. Hamımız çalışırıq ki, baş verənləri komandadan uzaq tutaq. Çünki biz daha çox oyunlara köklənməliyik. Sonuncu pillədəyik. 7-8 oyundur qələbə qazana bilmirik. Lazımi qurumlar bu işlə məşğul olurlar.

- Əsas şübhələr “Neftçi” ilə oyuna görədir. Bu iki futbolçu həmin oyunla bağlı sənə nəsə deyib?

- Heç kim bu barədə mənə bir söz deməyib. Həmin oyun haqda ümumi söhbətmiz olub. Danışmışıq ki, qələbə qazanmalıyıq. Çünki xala ehtiyacımız var. Oyun uduzmaq olar. Amma ardıcıl 7-8 oyunda uduzmaq... Söz tapa bilmirəm. 10 ildir Azərbaycandayam, ilk dəfədir belə vəziyyətlə üzləşirəm. Hamımız qələbə qazanmaq istəyirik. Digər məsələlərlə müvafiq qurumlar məşğul olurlar. Nə baş verdiyini onlar deyəcəklər.

- “Keşlə”nin əsas problemi nədir?

- Dəqiq nəsə demək çətindir. Hazırda autsayderik. Futbolçular əllərindən gələni edirlər. Bəziləri zədəlidirlər. Çox çətin vəziyyətdəyik. Heç bir izah verə bilmirəm. Nəyisə dəyişməyə çalışırıq.

Daha çox


Son xəbərlər