“Artıq “Qarabağ”la oyunu düşünməyə başlamışıq” – Təmkin Xəlilzadə

“Artıq “Qarabağ”la oyunu düşünməyə başlamışıq” – Təmkin Xəlilzadə
ÖLKƏ FUTBOLU 18 Noyabr 2017 / 19:15 2630
-  A +

“Zirə”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Topaz Premyer Liqasının 12-ci turunda “Keşlə”yə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb.


- Nəhayət, “Keşlə” ilə oyunlardakı sindromu sındırdınız…

- “Neftçi” ilə matçdan sonra çempionatda yaranmış fasilədən istifadə edib bu qarşılaşmaya hazırlaşdıq. Bilirdik ki, bizi ən çətin səfər oyunu gözləyir. Bu rəqiblə oyunlarımız istədiyimiz kimi alınmırdı, problemlər yaşamışıq. İndi yaxşı formadayıq. Şükürlər olsun ki, komanda olaraq istədiyimiz nəticəni qazandıq.
 
- Son dəqiqələrdə “Keşlə” təzyiqi artırmışdı...

 
- Hesabda öndə olduğumuza görə, üstünlüyümüzü qorumağa çalışdıq. Müdafiə olunmaqla əks-hücumlarda növbəti qol vuracağımıza inanırdıq. “Keşlə”nin təzyiqi artırması normaldır, çünki evdə çıxış edirdi, hesabda geri idi. Yaxşı müdafiə olunduq.
 
- Əksər oyunlarda rəqib müdafiəçilər sənə qarşı bir qədər kobud oynayırlar. Bu gün də İlkin Qırtımovla sanki gərginlik yaşadınız...

- Hiss edirəm ki, mənə qarşı tez-tez kobud oynayırlar. Özümü belə şeylərə hazırlayıram. Bacardığım qədər sakit olmağa çalışıram. Bəzən hesabda geri olanda, ya da istədiyini edə bilməyəndə özündən çıxırsan. Amma məni niyə vurduqlarını anlamıram.
 
- Çətin səfər olduğunu dedin. Düşünmürsən ki, bu qədər epizodu qaçırmaqla oyunu özünüz çətinləşdirdiniz?

- Həm mənim, həm də Viktor İqbekoyinin fərqi artırmaq üçün fürsəti oldu. Bəlkə də həmin imkanları qola çevirsəydik, daha rahat oynayacaqdıq. Ümumi götürdükdə, çempionatda asan rəqib yoxdur. Lakin “Keşlə” ilə oyunlarımız başqa cür, çətin keçir. Hər dəfə 1:1 hesabı qeydə alınır.
 
- Digər komandalar öz aralarında çempionluq uğrunda amansız mübarizə apardığı bir vaxtda “Zirə” sanki gözdən-könüldən uzaq öz işini görür...

-Desək ki, qarşımıza çempionluq hədəfi qoymuşuq, özümüzü aldatmış olarıq. Məqsədimiz hər oyunda yaxşı nəticə qazanmaqdır. Uda bilmiriksə, uduzmamağa çalışırıq. Kimin mövsümü neçənci pillədə başa vuracağına mövsümün sonunda aydınlıq gələcək. Hazırkı mövqeyimizdən razıyıq. Bunu qorumaq çox çətindir.
 

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?

- Oyun qurtaran kimi, baş məşqçimiz dedi ki, bu qələbəni unuduruq, burada qalır. Artıq “Qarabağ”la matçı düşünməyə başlamışıq. Bizi çox çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyac yoxdur. Çempionlar Liqasında çıxış edirlər. Amma öz meydanımızda oynadığımıza görə, uğur qazanacağımıza inanıram.

- “Qarabağ”a transfer olacağınla bağlı xəbərlər dolaşır...

- Bu haqda söz-söhbət gəzir, amma mənə konkret söz deyən olmayıb. İndiki məqamda heç fikrimi buna yönləndirmək də istəmirəm. Çünki yaya qədər klubumla müqaviləm var. Necə olacaqsa, zamanı çatanda görəcəyik. Yayda oturub söhbət edəcəyik. Xeyirlisi nədirsə, o da olacaq.

Daha çox


Son xəbərlər