Rail Məlikov: "Netçi"də ən çox cərimə mənə kəsilib"

Rail Məlikov: "Netçi"də ən çox cərimə mənə kəsilib"
ÖLKƏ FUTBOLU 13 Aprel 2010 / 19:15 2502
-  A +

"Komandamızın son məğlubiyyətlərinin, uğursuzluqların səbəbini özümüzdə görürəm. Həqiqətən də özümüzə, komandamıza yaraşan oyun sərgiləmədik və nəticədə iki vacib oyunda ardıcıl məğlub olduq. Amma digər tərəfdən baxanda belə “qara zolağ”a hər bir komanda düşə bilər. Məsələn, son oyunda yenildiyimiz “Qarabağ” da uğursuz seriyaya bizimlə dueldə son qoydu. İnşallah, biz də bu zolaqdan çıxıb, uğurlu oyunlarımızı davam etdirəcəyik”. Bu fikirləri Qol.Az-a açıqlamasında “Neftçi”nin kapitanı və millimizin müdafiəçisi Rail Məlikov deyib.
Təcrübəli futbolçu son oyunlardakı uğursuzluqlara görə əsas heyətin 3 aparıcı üzvünün – Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atemin əvəzedici heyətə göndərilməsini və əksər oyunçuların pul cəzasına layiq görülməsini normal hesab edir: “Bunda qeyri-adi nəsə axtarmaq lazım deyil. Hər halda səhvlərimiz var idi ki, cəzalandıq. Əvəzedici heyətə göndərilməyi də böyük qəbahət saymıram. “Neftçi” böyük klubdu və onun əvəzedici komandasında olmağın özü də bir şərəfdi”.
Məlikovla söhbətimizdə məlum oldu ki, onun özü də cəzasız qalmayıb. “Ağ-qaralar”ın kapitanı hətta ən böyük cəzanın ona kəsildiyini bildirdi: “Elə ən çox cərimə olunan mən oldum. Bunu da normal hesab edirəm. Çünki “Qəbələ”ylə oyunda heç də hisslərimi cilovlaya bilmədim. Nəticədə iki oyunluq cəzalandım və komandamı çətin vəziyyətə saldım. Məhz bu üzdən ən ağır cəzanı da mənə kəsdilər. Kapitan olsam da, bunu normal hesab edirəm. Diskvalifikasiyaya görə AFFA-ya ödənilməli olan cəriməni də özüm verəcəm və bunu problemə çevirmirəm. Belə də olmalıdı. Çünki “Neftçi”də adına uyğun nizam-intizam olmalıdı”.
Rail bu cəzaların son turlarda toparlanmalarına, daha yaxşı oyun nümayiş etdirəcəklərinə inandığını deyir: “Cəza oldu, olmadı, toparlanmağa borcluyuq. Təbii ki, bu cəzaların heç də az faydası olmayacaq. Amma biz istənilən halda məsuliyyətli olmalıyıq. Düzdü, real baxsaq, çempionluq şansımız yüksək olmasa da, ən azı avroliqaya vəsiqə qazana bilərik. Bunun üçün də son 5 turda maksimum nəticə qazanmaq fikrindəyik. İnşallah, növbəti oyunda “İnter”ə qalib gələ bilsək, bunun davamını gətirəcəyik. Heç də zəif heyətimiz yoxdu. Sadəcə özünəinamı qaytarmaq üçün bircə qələbəyə ehtiyacımız var".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın