Altay Əliyev AzTV-dən getdi

Altay Əliyev AzTV-dən getdi
ÖLKƏ FUTBOLU 13 Aprel 2010 / 13:05 8933
-  A +

Tanınmış idman şərhçisi Altay Əliyev uzun müddət çalışdığı AzTV ilə yollarını ayırıb. Qol.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Əliyev öz ərizəsi ilə işdən gedib.

Məlumatı həmkarımızın özü də təsdiqləyib. Qərarının konkret səbəblərinə gəldikdə, Əliyev hələ bu barədə danışmaq istəmədiyini bildirib. O, bir müddət istirahət edəcəyini söyləyib: “Hələlik bir sıra təkliflər var. Qısa müddətdən sonra gələcək iş yerim müəyyənləşəcək. Ola bilsin, bir müddət jurnalistikadan kənar sahədə çalışdım”.

Qeyd edək ki, Altay Əliyev 1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. Əliyev bir sıra tarixi oyunların, o cümlədən “Neftçi”nin 2006-cı ildə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nun finalında Litva “Kaunas”ını 4:2, həmin il Çempionlar Liqasında Belçika “Anderlext”ini 1:0, “Qarabağ”ın ötən yay Avropa Liqasında Norveç “Rusenborq”u və Finlandiya “Honka”sı üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü televiziya vasitəsilə canlı şərh edib.

A.Əliyev teleşərhçi kimi fəaliyyətə başlayandan qısa müddət sonra tamaşaçıların rəğbətini qazanıb. O, surətli danışığı və emosionallığı ilə Azərbaycan idman teleşərhçiliyinə yenilik gətirməyi bacarıb.

Qeyd edək ki, A.Əliyevlə geniş müsahibəni yaxin vaxtlarda Qol.Az-da oxuya bilərsiniz.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı