«Neftçi»nin ilk prezidenti: “Üstümə tapança çəkib, stadionu əlimdən aldılar”

«Neftçi»nin ilk prezidenti: “Üstümə tapança çəkib, stadionu əlimdən aldılar”
XƏBƏR 12 Aprel 2010 / 00:32 4005
-  A +

«Neftçi» klubunun ilk prezidenti olmuş Aydın İbrahimov uzun fasilədən sonra mediaya açıqlama verib. Qol.Az-ın lent.az-a istinadən yaydığı məlumata görə, Aydın İbrahimov İncəsənət Muzeyindən rəsm əsərləri oğurluğunai görə uzun müddət axtarışda olub. 10 ilədək ABŞ-da yaşadıqdan sonra 2007-ci ildə Bakıya qayıdıb. O. «Neftçi»də çalışdığı dövr ərzində başına gələn hadisələrdən danışıb. «Mən “Neftçi”ni götürəndə yenicə SSRİ çempionatının I liqasına düşmüşdü. Sonradan ittifaq dağıldı. Komandanı peşəkar kluba çevirdik və Azərbaycan çempionatında oynamağa başladıq. Yenə “Neftçi”ni mən saxlayırdım. İllərini xatırlamıram, deyəsən, iki dəfə çempion olduq, kubok qazandıq, UEFA kubokunda çıxış etdik (“Neftçi” 1992 və 1995-1996-cı il mövsümündə çempion olub, 1994-1995 və 1995-1996-cı il mövsümlərində Azərbaycan kubokunu, 1992 və 1995-ci illərdə Azərbaycan Superkubokunu qazanıb. 1995-1996-cı il mövsümündə UEFA Kubokunda çıxış edib. 1996-1997-ci il mövsümündə də I yeri tutsa da, AFFA aşağı yaş qruplar arasında keçirilən çempionatlarda “Qarabağ”ın hamıdan güclü olduğunu əsas gətirərək, Ağdam klubunu çempion elan edib. Lakin UEFA rəhbərliyi Çempionlar Liqasında “Neftçi”nin çıxış etməli olduğunu bəyan edib - red.). Nəyə görə dəqiq tarixlərini yaddan çıxarmışam? İlk azərbaycanlı dünya çempionu olduğum halda, məni yaddan çıxarıblar. Belədə “Neftçi”nin titullarını necə xatırlaya bilərəm? Komandasının Azərbaycan çempionu olması dünya çempionu üçün nədir ki? Bu, mənim üçün xırda bir şey idi. Yaddan çıxarılmağımın səbəbini isə Azərbaycan Güləş Federasiyasından soruşun. Mən haradan bilim? “Neftçi”nin prezidenti vəzifəsindən istefa vermədim. Məni elə vəziyyətə saldılar ki... Ən geridə qalmış Afrika ölkələrində də belə hal olmayıb ki, çempion bir komanda olsun, beynəlxalq arenaya başqası çıxsın. Amma “Neftçi”yə qarşı belə davrandılar. Çempion olduğumuz halda, AFFA qızıl medalları “Qarabağ”a verdi. O hadisədən sonra futbola nifrət etdim. Heç maraqlanmadım da... Baxmayaraq ki, UEFA Çempionlar Liqasında məhz “Neftçi”nin çıxış etməli olduğuna dair qərar çıxardı. Axı necə ola bilər ki, çempion olasan, kubok qazanasan, amma Avropa kuboklarında çıxışın müqabilində UEFA-dan köçürülən 200 min dollar pulun bir sentini də AFFA-dan almağa ixtiyarın olmasın?
Sonra da yazdılar ki, guya Tofiq Bəhramov adına Respublika stadionunu kababxanaya çevirmişəm. Əvvəla, dünyanın elə bir stadionunu tapa bilməzsiniz ki, orada yeməkxana olmasın. Moskvadakı “Lujniki” stadionunda yarmarka düzəltmişdilər. Bizim stadionun da çölündə yeməkxana vardı. Kiçik mətbəx və balaca zaldan ibarət idi. Vəssalam. Xalq Cəbhəsinin hakimiyyəti illərində Bakı şəhər prokuroru Çingiz Qənizadə məni çağırdı ki, gəl, stadionda yarmarka açaq. Razı olmadım. Dedim ki, mənə nifrət edərlər. “Dünya çempionusan, yeməyə çörəyin çatmır, nəyin çatmır?” söyləyərlər. Axı orada gələcək nəsil futbol oynayır... Soruşdum ki, yarmarkanı niyə başqa yerdə açmırsınız? “Bura qapalı yerdir, oğurluq ehtimalının da qarşısını almaq mümkündür” deyə cavab verdi. Qənizadəyə bu işin altına girməməyi məsləhət gördüm. Yalnız prezidentin yazılı tapşırığından sonra yarmarka açmağa razılıq verəcəyimi bildirdim... Amma bunlar faktdır ki, stadionu məndən tapança ilə alıblar. Xeyli vaxt keçdikdən sonra bir polis işçisi adını xatırlamadığım güləşçi ilə gələrək, tapança ilə iş otağıma girdilər. Onlar “Sən bu kabinetdən çıxmalısan” dedilər. Sonra da stadionda yarmarka açmağa icazə verməməyimin səbəbini soruşdular. Stadionun açarını aparıb təhvil verdim: “Alın açarları. Kim istəyir, yarmarka açsın, kim istəyir, başqa iş görsün. Mən tapança gücünə işləyə bilmərəm” dedim. Oradan işçilərimi də götürdüm və “Neftçi”nin köhnə bazasına gəldim. Stadionda yarmarkanı kim açdı, nə üçün açdılar, xəbərim yoxdur».

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı