"Kəpəz"də 3 ildi vəziyyət belədi... "

"Kəpəz"də 3 ildi vəziyyət belədi... "
MÜSAHİBƏ 25 Oktyabr 2017 / 15:11 3344
-  A +

"Kəpəz"in kapitanı Şəhriyar Rəhimovun Qol.az saytına müsahibəsi

- "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanızın hazırkı durumu ilə bağlı nə deyə bilərsən?

- Vəziyyətimiz çox ağırdı. Bizdə sabit oyun yoxdur. 1-2 görüşdə yaxşı çıxış edirik, sonra həmin oyunu göstərə bilmirik. Hərdən elə oynayırıq ki, hamı bizi tərifləyir, ancaq bəzən bərbad futbol sərgiləyirik. Sanki həmin komanda deyilik.

- Uğursuzluğun səbəblərini nədə görürsən, komandada hansı çatışmazlıqlar var?

- Zəif çıxışımızın əsl səbibini bilsək, o problemi aradan qaldırardıq. Futbol elə bir oyundur ki, konkret səbəb göstərmək olmur. Müxtəlif səbəblər ola bilər. Bəhanə gətirməyi də xoşlamıram, amma ötənilki heyətimizdən 4-5 futbolçu qalıb. Yeni komanda qurulub. Legionerlərimiz də yenidi. Ev oyunlarımızı Gəncədə keçirmirdik. Bunun da müəyyən qədər təsiri var. Bununla belə, deyə bilmərəm ki, biz hər şeyi düz edirik, amma filan səbəblər bizə nəticə qazanmağa imkan vermir.

- Baş məşqçiniz Şahin Diniyev uğurlu nəticələr qazanmaq üçün zamana ehtiyac olduğunu deyir.

- Təbii ki, bu cür vəziyyətdə hər bir komandaya vaxt lazımdır. "Qarabağ"ın uğurlu çıxışları buna bir nümunədir. Komanda uzun illərdi eyni futbolçularla çıxış edir, heyəti qoruyur. Bizə də vaxt lazımdır.

- Şahin Diniyev futbolçulardan çox narazılıq edir?

- Şahin müəllimin bir xasiyyəti var ki, biz yaxşı oynamışıqsa, uduzsaq da, bizə irad bildirmir. Ancaq elə bərbad oyunlarımız da olub ki, matçdan sonra bizə qışıqırıb. Təbii ki, oyunumuzda sabitlik olmadığı üçün baş məşqçimiz də bizdən razı ola bilməz. 

- Xeyli müddətdir komandanız sonuncu pillədə qərarlaşıb. Bu durum “Kəpəz”də psixoloji gərginlik yaradır?

- Bəli, üzərimizdə təzyiq var. Bütün oyunlara gərgin çıxırıq. Bizdə sərbəstlik yoxdur. "Qarabağ" və "Qəbələ" ilə oyunlarda da mütləq qalib gəlməli olduğumuzu düşünürük. Hansı ki, turnir cədvəlinin yuxarı pillələrində qərarlaşsaq, bu oyunlara bir qədər rahat çıxardıq. Qəbul edirəm ki, gərginliyimiz çoxdur. Toparlanmalıyıq. Sonuncu yerdə olduğumuz üçün tamamilə ruhdan düşə bilmərik.

- Bilirik ki, "Kəpəz"in büdcəsi məhduddur. Bəlkə, futbolçular maaşlarını vaxtında ala bilmədiyi üçün yaxşı oynamırlar?

- Bu il stadionumuza da pul xərcləndiyi üçün büdcə bir qədər azaldılıb. Ancaq biz "Kəpəz"də müqaviləyə qol çəkmişiksə, bundan sonra bəhanə gətirə bilmərik. Bunlar düzgün iş deyil. Maaşımızı vaxtında alırıq. Qələbə qazansaq, mükafat da alarıq. "Qəbələ" ilə oyundan sonra mükafat verildi. Yəni klub rəhbərliyi bizə bacardığı qədər köməklik edir. Bəli, bazamız yoxdur, Bakıda məşq edirik, müəyyən çətinliyimiz var. Ancaq 3-cü ildi ki, "Kəpəz"də vəziyyət belədi. Ona görə də bəhanə gətirmək düzgün deyil. Təbii ki, biz də istəyirik ki, səviyyəli legionerlərimiz olsun, amma bu gün "Kəpəz"in durumu budur, reallığı qəbul etmək lazımdır.

- "Kəpəz"in futbolçularının ustalıq səviyyəsi necədir? Güclənmək üçün qışda hansı dəyişikliklərə ehtiyac var?

- Bu vəziyyətdən çıxmaq üçün mütləq nəsə dəyişiklik edilməlidir. Ancaq bunun taktiki cəhətdən və ya oyunçular olacağını baş məqşçi yaxşı bilər. "Kəpəz" adətən komanda şəklində yaxşı oyuna üstünlük verib. Heç vaxt oyunu sərf bir futbolçunun üzərində qurmamışıq. Real danışmaq lazımdır, "Kəpəz"in oyunçularının ustalıq səviyyəsi yüksək deyil. Biz birliyin hesabına nəsə etmək istəyirik. Təəssüf ki, hələ alınmır. Yüksək səviyyəli futbolçu gətirmək istəyirsənsə, yaxşı büdcən olmalıdır. Hamı kimi mən də istəyərəm ki, komandamız güclənsin.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın