“Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake

“Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake
MÜSAHİBƏ 23 Oktyabr 2017 / 16:41 4241
-  A +

“İnter”in müdafiəçisi Adrian Skarlatake Qol.az saytına müsahibə verib. Rumıniyalı futbolçu komandasının çıxışından, yaranmış vəziyyətdən və gələcək planlarından danışıb.

- Son turda “Səbail”ə uduzdunuz. Əvvəlcə bu oyun haqda fikirlərini bilmək istərdim...

- Heyətdə zədəlilər çoxdur. Son matçda Nizami və Denis kimi aparıcı futbolçularımız oynamadı. Bunlar bizim üçün ciddi itkilərdi. Çünki cəmi 15 futbolçumuz var. Bu vəziyyətdə oynamaq çox çətindir. “Səbail”lə oyuna gəlincə, əlimizə bir neçə imkan düşsə də, istifadə edə bilmədik. Əvəzində isə rəqib qapımıza qol vurdu. Oyunlara daha yaxşı köklənməliyik. Son 5 oyunda cəmi 2 qol vurmuşuq ki, bunlar da künc və cərimə zərbəsindən sonra olub.

- Komandada ümumi vəziyyət necədi? Müsbətə doğru hansısa dəyişiklik hiss olunur?

- Əlbəttə, indi vəziyyət yaxşı deyil. Çünki xala ehtiyacımız var. Qışa qədər maksimum xal qazanmalıyıq. Ümid edirəm ki, fasilədə komandaya yeni futbolçular cəlb olunacaq. Çünki belə oynamaq çox çətindir.

- Klubun yeni rəhbəri Zaur Axundovu axırıncı dəfə nə vaxt görmüsən?

- “Səbail”lə oyundan əvvəl paltardəyişmə otağına gəlmişdi.

- Müşahidə Şurasının sədri hazırkı vəziyyətlə bağlı nə dedi?

- O da vəziyyətdən narahatdır. Çünki biz yaxşı oynamırıq. Amma Axundov da başa düşür ki, rəqabət olması üçün bizim daha çox oyunçuya ehtiyacımız var. Baxın, bizim komandada əgər bir oyunda pis oynayırsansa, bu, o qədər önəmli deyil. Bilirsən ki, heyətdə cəmi 11-12 futbolçu var. Pis oynasan da, gələn tur yenə meydana çıxacaqsan. Komandada rəqabət yoxdur.

- Bəziləri də bundan sui-istifadə edir. Məsələn, eşitdiyimə görə, bəzi futbolçular bilərəkdən oynamırlar. Özlərini zədəli kimi göstərirlər...

- Bu barədə heç nə bimirəm. Açığı, heç buna inanmıram da. Çünki cəmi 15 futbolçumuz var ki, onların da 4-ü ikinci komandadan gəlib. Hər dəfə 12-13 oyunçu ilə məşq edirik. Bu vəziyyətdə yaxşı oyun göstərmək çox çətindir. Həqiqətən inanıram ki, komandaya yeni futbolçular alınacaq. Yanvardan sonra yenidən mübarizəyə qoşulmaq və 3-4-cü pillələrdən birini tutub, Avroliqada oynamaq istəyirik.

- Maaşlarınızı necə, ala bilmisiniz?

- Bu gün avqust ayının maaşını aldıq. İki gün sonra isə sentyabr ayının məvacibi veriləcək. Əslində pulla bağlı elə də ciddi problem yoxdur. Bir az geciksə belə, maaşımızı alırıq. İndi biz yalnız növbəti oyun və qələbə haqda düşünməliyik. Başqa yolumuz yoxdur.

- Növbəti oyundan söz düşmüşkən, X turda “Kəpəz”lə qarşılaşacaqsınız və “İnter” bu oyuna “Keşlə” adı ilə çıxacaq...

- Mənim üçün ad önəmli deyil. Əsas “Kəpəz”i məğlub etməkdir. Bu, bizim üçün çox vacibdir. Yalnız qələbə: başqa seçimimiz yoxdur.

- Bəs öz gələcəyin haqda nə düşünürsən? “İnter”də qalacaqsan, yoxsa komandanı dəyişəcəksən?

- Qışda vəziyyətə baxacam. Baş verənləri izləyəcəm. Qalmaq istəyirəm. Ümid edirəm ki, yeni futbolçular gələcək. Çünki sonuncu pillə üçün oynamaq istəmirəm. 3-4 səviyyəli futbolçu alınsa, komanda daha yaxşı olacaq və ilk “üçlük” üçün mübarizə aparacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı