Mircavadov: “Bakı” bizdən güclü deyil”

Mircavadov: “Bakı” bizdən güclü deyil”
ÖLKƏ FUTBOLU 9 Aprel 2010 / 20:23 2329
-  A +

“Bakı” ilə oyun ərəfəsində “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov müsahibə verib. Müsahibəni təqdim edirik

- Son qələbədən sonra komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Oyuna ciddi hazırlaşırıq. Futbolçularımız həvəslə məşq edirlər.
- Komandanızda itkikilərin mənfi təsiri olacaq?
- Xeyr. Komandamızda 23 oyunçu var. Bir-birilərini əvəz edə biləcək futbolçularımız kifayət qədərdir.
- Son qarşılaşmada komandanız istədiyi oyunu göstərə bildimi?
- “Qarabağ”a qalib gəlsək də, çatışmazlıqlarımız, səhvlərimiz vardı. Bilirsiniz, komanda yaratmaq 3-6 ayın işi deyil. Bunun üçün ən azı 1 il vaxt lazımdır. Ancaq bir məqamı xüsusi qeyd edim ki, futbolçularımız onlardan nə istədiyimizi və nə üçün oynadıqlarını yaxşı dərk edirlər. Onlar məşqlərə ciddi yanaşırlar. Bu, məni çox sevindirir. Çatışmazlıqların aradan qaldırılmasına çalışırıq.    
- Liderin xal itirməsinə sevindinizmi?
- Bizi “İnter”in xal itirməsi yox, öz oyunumuz, qələbələr düşündürür. Mümkün qədər səhvlərin sayını minimuma endirməyə səy göstəririk. Gündə iki dəfə məşq keçirik. Əvvəlcə fərdi çalışıb səhvlər üzərində işləyirik. İkincisi, komanda oyunu ilə bağlıdır ki, bu zaman taktiki gedişlərə xüsusi diqqət yetirilir. 
- Respublika stadionunun ot örtüyünün vəziyyəti sizi qane edirmi?
- Əlbəttə. Stadionun direktoru Akif müəllim futbolçu olub və bu işdə təcrübəlidir. Ona təşəkkür edirəm.
- “Bakı” haqda nə fikirdəsiniz?
- Biz bütün oyunlara ciddi, rəqiblərə hörmətlə yanaşırıq. 6 komandanın da çempion olmaq şansı var. Sualınıza gəlincə, “Bakı” çox yaxşı oynayır.
- “İnter”ə uduzsanız da, “Bakı” liderdən xal qoparmışdı. Bu, o anlama gəlmir ki, bu komanda sizdən güclüdür?
- Bu, fikirlə qəti razı deyiləm. Futbolda əvvəlcədən kimsə təminat verə bilməz ki, mütləq qələbə qazanacaq. Digər tərəfdən hər oyun fərqli olur.  
- Rəqibinizin baş məşqçisi komandanızın zəif cəhətlərindən yararlanmağa çalışacağını bəyan edib.
- Biz də “Bakı”ya yaxşı bələdik (gülür). Hər şeyi 90 dəqiqəlik mübarizə göstərəcək.
- Sizcə, komandanızın əsas çatışmayan tərəfi hansıdır?
- Xətlərarası əlaqə istədiyim səviyyədə deyil. Bu problemi aradan qaldırmaq üçün bir az vaxt lazımdır. Bir də ki, mövqe səhvləri olur və çox asan qol buraxırıq.
- Yeni legionerlərdən razısınızmı?
- Onlar səylə çalışırlar. Hamımız bilirik ki, legionerlər Azərbaycana nəyə görə gəlirlər. Mən bütün futbolçulara eyni yanaşıram.
- Çox güman ki, qarşıdakı turda “Qəbələ” – “İnter” oyununda liderin məğlub olmasını istəyirsiniz.
- Mən rəqiblərimizin xal itirməsini gözləmirəm. Biz ən əsası özümüzə arxalanmalıyıq. Hər oyuna maksimum gücdə hazırlaşıb qalib gəlməliyik. 
- Cəzalı olmağınızın oyunlar zamanı komandanıza mənfi təsiri varmı?
- Qətiyyən yox. Məşqçilərimizə inanıram və “çox sağ ol” deyirəm. Oyunçular da nə üçün cəzalı olduğumu yaxşı bilirlər.
- Səhhətinizdəki problem tam aradan qalxıbmı?
- Ürəyimdə problem yaranmışdı. Allaha şükür ki, indi özümü rahat hiss edirəm.
- “Xəzər Lənkəran” azarkeşləri fəallığı ilə seçilir. Bu dəfə də onları köməyə çağırmısınızmı?
- Komandamız ayda 1 dəfə fanatlarla görüşür. “Neftçi” və “Qarabağ”la oyunu stadionda 14 min tamaşaçı izlədi. Azarkeşlərimizə təşəkkür edirəm. Biz əsasən onlar üçün oynayırıq. Əziyyətlərinin müqabilində azarkeşlərimizə daim qələbə sevinci bəxş etməliyik.  

Mənbə: supersport.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı