Qurban Qurbanov: «Neftçi» ilə oyunda bizi bir xal da qane edə bilər»

Qurban Qurbanov: «Neftçi» ilə oyunda bizi bir xal da qane edə bilər»
ÖLKƏ FUTBOLU 9 Aprel 2010 / 15:39 2113
-  A +

«Zədəli Vüqar Nadirov və Aftandil Hacıyevdən başqa «Qarabağ»ın bütün futbolçuları sabah «Neftçi»yə qarşı keçiriləcək oyuna tam hazırdırlar». «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov sabah «Neftçi»ylə matç ərəfəsində Qol.Az-a verdiyi açıqlamada belə deyib. O, uğursuzluq zolağına düşməklərinə baxmayaraq, hazırda komandada ab-havanın yaxşı olduğunu söyləyib: «Komandanın rəhbərliyi, məşqçi heyəti və futbolçular birləşərək «qara zolaq»dan çıxmağa çalışırıq».
Qurban Qurbanov sabahkı oyunun nəticəsindən asılı olmayaraq, çempionluğun «Qarabağ» üçün çətin göründüyünü bildirib: «Amma istənilən halda biz sabah «Neftçi»yə qalib gəlmək üçün meydana çıxacağıq. Oyunu «ev»də keçirməyimiz bizim üstünlüyümüzdür. Bizim maksimum istəyimiz qələbə qazanmaqdır. Amma ola da bilər ki, oyunun gedişatından asılı olaraq, bizi bil xal da qane eləsin».
Futbolçu və məşqçi kimi «Neftçi»nin şərəfini qorumuş Qurban Qurbanov keçmiş klubuna həmişə hörmətlə yanaşdığını deyib: «Mən məşqçilik karyerama bu komandada başlamışam. Futbolçu kimi ən yaxşı dövrlərim məhz «Neftçi»də keçib. Amma əlbəttə ki, bu gün «Neftçi» mənə və komandama rəqibdir. Ona görə də biz bu klubu məğlub edib uğursuzluq zolağından çıxmaq istəyirik».
Xatırladaq ki, Unibank Premyer Liqasının «Qarabağ» - «Neftçi» oyunu sabah saat 16.00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"