Arif Əsədov: «Biz Qurban Qurbanovla meydanda rəqibik, meydandan kənarda isə dostuq»

Arif Əsədov: «Biz Qurban Qurbanovla meydanda rəqibik, meydandan kənarda isə dostuq»
ÖLKƏ FUTBOLU 9 Aprel 2010 / 13:45 2254
-  A +

«Biz ötən tur «Qələbə»yə məğlubiyyəti unutmuşuq və indi yalnız sabah «Qarabağ»a qarşı keçiriləcək oyunu fikirləşirik». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində sabah Unibank Premyer Liqasının final mərhələsinin beşinci turunda Quzanlı qəsəbəsində «Qarabağ»la qarşılaşacaq «Neftçi»nin baş məşqçisi Arif Əsədov söyləyib. Komandada əhval-ruhiyyənin yüksək olduğunu deyən baş məşqçi oyuna maksimum üç, minimum bir xal qazanmaq üçün çıxacaqlarını deyib: «Hazırda «Neftçi»də Samir Əliyev, Joze Karlos, Eşqin Quliyev və Tural Nərimanovun zədəsi var. Rail Məlikov cəzası səbəbindən sabahkı matça çıxa bilməyəcək. Uzun müddətdir zədəli olan Zaur Tağızadə isə məşqlərə başlayıb və sabah meydana çıxa bilər».
Bir vaxtlar «Qarabağ» komandasında futbolçu kimi çıxış etmiş Arif Əsədov sabahkı görüşün onun üçün fövqəladə əhəmiyyət daşımadığını da söyləyib: «Biz «Qarabağ»la görüşə adi qaydada hazırlaşırıq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla bir komandada oynamışıq. Biz onunla meydanda rəqibik, meydandan kənarda isə dostuq».
Xatırladaq ki, «Qarabağ» - «Neftçi» oyunu sabah saat 16.00-da başlayacaq.

Daha çox


Son xəbərlər