“Güləş deyil, karate deyil, kollektiv oynamaq lazımdır” – Vüqar Nadirov

“Güləş deyil, karate deyil, kollektiv oynamaq lazımdır” –  Vüqar Nadirov
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2017 / 17:55 2755
-  A +

“Səbail”in hücumçusu Vüqar Nadirov Qol.az saytına müsahibə verib.

Topaz Premyer Liqanın VIII turunda “Neftçi”yə 0:4 hesablı məğlubiyyəti şərh edən təcrübəli futbolçu maraqlı məqamlara da toxunub.

- “Neftçi”yə böyük hesabla uduzdunuz. Məğlubiyyətin başlıca səbəbini nədə görürsən?

- Səbəb kimi çox şeyi, hətta hər şeyi göstərmək olar. Uduzmuşuqsa, bu, bütün komandanın məğlubiyyətidir. 1-2 oyunçu uduzmayıb. Futbolda hər şey olur. Oyuna yaxşı köklənmişdik. Əslində pis də başlamadıq. Qismət belə oldu, uduzduq. Amma doğrudan da oyunu udmaq istəyirdik. Bizə xal lazım idi.

- Ancaq birinci dövrədə “Neftçi”ni məğlub etmişdiniz...

- Düzdür. Nəzərə alaq ki, “Neftçi” bu gün çox dəyişib. Baş məşqçi, oyun üslübü, oyun sxemi yenilənib. Onda başqa oyun idi. Dünən isə fərqli qarşılaşma oldu. Birinci matçda biz yaxşı oynamışdıq. Bu oyuna da yaxşı başlamışdıq. Ancaq uşaq səhvlərindən qollar buraxdıq.

- Dünən oyunun gedişində bir epizod oldu. Əks-hücum zamanı Samir Əliyev sənə qışqırdı. Baş məşqçinin narazılığı nə ilə bağlı idi?

- O, komandanın baş məşqçisidir. Hər bir məşqçi bunu deməlidi, hamısına hörmətlə yanaşıram. Həmin epizodda mənə deyirdi ki, ortaya qaç. Mən də yavaş hərəkət edirdim. Komanda yoldaşım məni görmürdü deyə, baş məşqçi iradını bildirdi. Amma elə ciddi problemimiz olmadı.

- Əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında əyləşdin və bir neçə həb atdın. Oyuna xəstə halda çıxmışdın?

- Yox, xəstə deyildim. Həmin həblər itirilən enerjini bərpa etmək üçün vitaminlər idi.

- Ümumiyyətlə, bu mövsüm üçün başlıca hədəfiniz nədən ibarətdir?

- Əsas hədəfimiz Premyer Liqada qalmaqdır.

- Yəqin sən də razılaşarsan ki, əvvəlki formandan çox uzaqsan...

- Razıyam. Bilirsiniz, bu futboldur, kollektiv oyundu. Bir nəfərlə heç nə eləmək olmaz. Güləş deyil, karate deyil, burda kollektiv oynamaq lazımdı.

- İki gündən sonra sabiq “Qarabağ”ın Çempionlar Liqasında “Atletiko” ilə oyunu var. Həmin qarşılaşma barədə nə düşünürsən?

- “Atletiko” yaxşı komandadır. Son turda “Barselona” ilə heç-heçə etdilər. “Qarabağ”ın da özünəməxsus oyun üslubu var. “Qarabağ”a qələbə arzulayıram.

- Səncə, qələbə real görünür?

- Futboldu, hər şey ola bilər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı