"Hirsli olduğumu gizlətməyə çalışırdım" - İqnasio Herrera

"Hirsli olduğumu gizlətməyə çalışırdım" - İqnasio Herrera
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2017 / 13:02 2141
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi İqnasio Herrera Topaz Premyer Liqanın 8-ci turunda "Səbail" üzərində 4:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, çilili futbolçu söhbətə bu yaxınlarda azyaşlı qızını itirən "Qarabağ"ın oyunçusu Donald Geryeyə başsağlığı verməklə başlayıb.

- Bizim futbol yoldaşımız Donaldın ailəsində ağır itki baş verib. Uşağını itirib. Burdan demək istəyirəm ki, onun acısı bizim acımızdır. Futbol tayfası belədir. Onun yerində mən də ola bilərəm, bir başqa yoldaşımız da. Demək istəyirəm ki, biz onunla bir yerdəyik. Nə cür lazımdısa, axıra kimi də onu dəstəkləməyə hazırıq. Allah səbr versin.

- Həm yubileyin, həm də qələbə münasibətilə səni təbrik edirik. Oyunla bağlı nə deyə bilərsən?

- Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi daim analiz edirdik. Çünki qələbə hava-su kimi lazım idi. Komanda şəklində həm müdafiədə, həm də hücumda yaxşı mübarizə apardıq. Qələbə qazandıq. Bu nəticə bizə gələcək oyunlar üçün yaxşı stimul olacaq. Bu gündən bu matçı unutmalı, "Kəpəz"lə görüşə hazırlaşmalıyıq. Çünki vaxtımız çox azdır.

- Tərlan Əhmədov qeyd edib ki, qruplaşmalar aradan qaldırılıb. Legionerlərlə yerlilər arasında münasibətlər qaydasına salınıb. Münasibətlər əvvəl necə idi ki?

- Öz adımdan onu deyə bilərəm ki, heç vaxt qruplaşmada iştirak etməmişəm, etmərəm də. Ümumiyyətlə, "Neftçi"yə gəldiyim vaxtdan bu komandada yerlilərlə legionerlər arasında qruplaşma görməmişəm.Sadəcə, dil amili ola bilsin. kənardan vəziyyətin bu cür olduğunu göstərirdi. Məsələn, mən ispan dilində danışdığım üçün daha çox anlaşa bildiyim futbolçu ilə ünsiyyətdə oluram, onunla oturub-dururam. Kənardan bu qruplaşma kimi görünə bilər. Ancaq bizdə heç vaxt qruplaşma olmayıb.

- Baş məşqçi səni əvəzlədikdən sonra sanki bir qədər dilxor oldun. Bu nə ilə bağlı idi? Bəlkə ad günündə meydanda olub dubl etmək istəyirdin...

- Əlbəttə, rəqibin cərimə meydançasını tutmuşduq deyə, ikinci qolu da vurmaq istəyirdim. Meydandan çıxarkən hirsli olduğumu gizlətməyə çalışırdım. Özümdən asılı olan şey deyildi. Hər bir futbolçu istər ki, meydanda sonadək qalsın və komandaya xeyiri dəysin. Ona görə də üzülməyim normal idi.

- Oyunöncəsi müqavilənin müddəti uzadıldı. Bu, nə dərəcədə sənə və oyununa təsir göstərdi?

- Mən peşəkar futbolçuyam. Müqavilə artırsalar da, artırmasalar da, "Neftçi"də son günlərim olsa da, necə məşq edirəmsə, elə də oynayıram. Bu cür amillər mənim oyunuma təsir etmir. Sadəcə, rəhbərliyə, baş məşqçiyə və azarkeşlərimizə təşəkkürümü bildirirəm ki, ilk gündən mənə öz dəstəklərini nümayiş etdirirlər.

- Bundan əvvəl də karyeranda nə vaxtsa olubmu ki, ad günün ərəfəsində qol vurmusan?

- Səhv eləmirəmsə, bir dəfə olub. Amma dəqiq deyə bilməyəcəm, bu, nə vaxt baş verib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki