"Komanda yavaş-yavaş özünə gəlir" - Tərlan Əhmədov

"Komanda yavaş-yavaş özünə gəlir" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2017 / 21:15 3667
-  A +

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 8-ci turunda "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra  jurnalistlərin suallarını cavablandırib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Futbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqlarına görə çox sağ ol deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdır. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Oyunumuzu daha yaxşı səviyyəyə çatdırmalıyıq. Kirilo Petrovun olmaması bəzi dəyişikliklər etməyimə səbəb oldu. Bu gün isə Meza Kolli qırmızı vərəqə aldı.

- Meza Kollinin qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiniz?

- Həmin epizodu görməmişəm. Təkrara baxacam. Əvvəllər də demişəm, son ümid foluna görə qayda pozuntusuna normal baxıram. Ancaq ehtiyac olmayan bir vəziyyətdə qırmızı alırsa, cəza olmalıdır.

- Bu gün Rəşad Sadiqov müdafiənin mərkəzində çıxış edirdi. Bu, məcburiyyətdən idi, yoxsa onu həmin mövqedə görürsünüz?

- Rəşad “Qəbələ”də də həmin mövqedə oynamışdı. Onun Meza Kolli ilə oyunu yaxşı alındı. Ancaq Rəşada həmin mövqedə şans verməyimə səbəblərdən biri də məcburiyyət idi. Petrovun sarı vərəqə limiti dolduğundan, Sadiqova şans verməli oldum.

- Bu gün sizi komandada daha çox hansı məqam narahat edir?

- Komandada qruplaşma məsələsi məni çox narahat edirdi. Artıq bu problemi həll etmişik. Komandanın təməli düzgün qurulmamışdı. Bir mövqedə 3-4, digər mövqedə isə 1-2 oyunçumuz var. Belədə, onları əvəz etmək çətin olur. AZAL-da bəzən 3 müdafiəçi üçün çıxış edirdik. Burda da oxşar problemlər var.

- Komandanı növbəti turda “Kəpəz”lə çətin oyun gözləyir. Bu, Gəncə klubunun ilk ev oyunudur. Komanda anşlaqdan çəkinmir ki?

- Bu saat düşünmürəm ki, Gəncədə bizi anşlaq gözləyir. Hazırda yalnız komandanın oyununa köklənmişəm. “Zirə” və “Qəbələ” ilə matçlarda futbolçulardan yalnız nəticəyə oynamağı tələb etmişdim. “İnter”lə oyun isə sübut etdi ki, bizim komandada potensial var. Azarkeş amili bizə problem yaratmamalıdır. Bu, əksinə oyunçulara stimul olmalıdır. Həmin görüşdə əsas problem Meza Kollinin yoxluğu ola bilər.

- Komandaya hələ də fiziki hazırlıq üzrə məşqçi təyin olunmayıb...

- Danışıqlar gedir, hələ ki, dəqiq bir şey yoxdur.

Daha çox


Son xəbərlər