Zamanı qabaqlayan futbol - Qəbələdən reportaj

Zamanı qabaqlayan futbol - Qəbələdən reportaj
XƏBƏR 25 Sentyabr 2017 / 15:51 3512
-  A +

"Bu uşaq lənkaranlı "Tounkara"dı. Ona oxşayır deyə hamı elə çağırır. Mən mingəçəvirliyəm, bax biri də gəncəlidi". "Qəbələ"  akademiyasının 11 yaşlı diribaş futbolçusu bizi komanda yoldaşları ilə tanış edir.

Görəsən bu uşaqlardan kimin bəxtınə nə çıxacaq? Böyük futbolçuya çevrilmək arzuları gerçəkləşəcəkmi? Valideynlərindən aralı böyüyə-böyüyə cəmiyyət üçün yararlı insan ola biləcəklərmi?





Akademiyanın meneceri Nail Kərimov yaxınlarda yeni binaya köçəcəklərini, orada uşaqların böyük futbolçu kimi yetişməsi üçün əla şəraitin yaradılacağını bildirir. Yeni binada xəstələnən uşaqların komanda yoldaşlarına zərər verməməsi məqsədilə izolyasiya otaqlarından tutmuş asudə vaxtlarını əyləncəli keçirmələri üçün pleysteyşn, tennis, bilyard oynamağa otaqlar var. Dərs otaqları da öz yerində.



Bu binada müxtəlif rayonlardan seçilən 75 istedadlı uşaq qalacaq və gələcəkdə "Qəbələ"ni milli komandalarımızda, Azərbaycanı qitənin və dünyanın ən yaxşı futbol ölkələrində təmsil etməyə çalışacaqlar. Praqa "Slaviya"sına transfer olunan "Qəbələ" Futbol Akademiyasının gənc yetirməsi Fərid Nəbiyev ilk qaranquşdu.



Qəbələnin gözəl təbiətini Akademiyadakı balacaların tam dərk edib-etmədiyini bilmirəm.
Amma canlı yayıma hazırlaşan “CBC Sport”un şərhçilərinin işi çətindi. Bu cür füsünkar mənzərə fonunda adamın ağlından futboldan çox başqa şeylər keçir. Bakının istisindən sonra havanın yetərincə sərinləşməsi də həm “CBC Sport” şərhçilərinin, həm də paytaxtdan gələn başqa qonaqların fikirləri qarışdıran "şeytan əməlləridi". Amma futbola konsentrasiya olmaq lazımdı...

"Neftçi" 80 illiyində azarkeşlərini sevindirə bilmir. Bir il əvvəl Bakıda "Qəbələ"yə 0:8 hesablı məğlubiyyət isə uğursuzluqların pik nöqtəsidi. Rəqib azarkeşlər bu hesab və ölkənin ən köklü klubunun yubileyinə işarə edərək rəqəmlərlərlə oynayıb ara-sıra "flaqman"ı gülüş obyektinə çevirir.



..."Ağ-qaralar"ın avtobusunun üstünü qara buludlar alıb. Bu, ilahi bir mesaja bənzəyir. Martda komandalar arasında son oyunda vurduğu qolla "Neftçi"yə 1:0 hesablı qələbə qazandıran Namiq Ələskərov yenə gözəl zərbəylə fərqlənir. Amma bu məhsuldar zərbə "ağ-qaralar"ın başının üstünə sanki, 80 il yığılmış qara buludları dağıtmaq üçün kifayət etmir və ...illərdir şablona çevrilən başlıq - "Neftçi" yenə uduzdu...



İnsafən Tərlan Əhmədovun gəlişindən sonra nəticədə olmasa da, oyunda irəliləyiş var.
Qonaq komandanın futbolçuları final fitindən sonra utana-utana "Forza Neftçi" olan tribunaya yaxınlaşır. Üzrxahlıq və "yaxşı oyun" çox güman Bakıdan gələn fanatları qane etmir. Üç ay əvvəl avtoqəzada həyatını itirən Jonas Pesallini və ağır xəstəlikdən dünyasını dəyişən tribuna yoldaşları "Mişo"nu unutmayan fanlar 90 dəqiqə susmayıb Qəbələni komandaları üçün sanki doğma meydana çevirsə də, bunun nəticəyə təsiri olmur. Portuqaliyadan gələn Emin Mahmudovun "Neftçi"də debütü də heç nəyi dəyişmir.



Maraqlıdı ki, "Qəbələ" avrokuboklarda çıxışı ilə bütün ölkənin diqqətini üzərinə çəkməyi bacarsa da, eyni sözləri qəbələlilər haqda demək olmur. Komandanın fan-şopunun oyundan əvvəl bağlı olması da buna bir sübutdu. Amma əsas məsələ tribunaların boş qalmasıdı.

"Forza Neftçi" kimi ölkənin 2 ən güclü fan-klubundan birinin qarşısına "Qəbələ" əlacsızlıqdan akademiyanın uşaqlarını çıxarır. Qəbələ əhalisi musiqi və dolma festivallarına maraq göstərsə də, futbolla yaxından maraqlanmır. Futbolun bu insanların ürəyinə yol tapması üçün illər lazımdı. "Qəbələ" FK həm əsas komandası, həm də akademiyası ilə yerləşdiyi ərazidə zamanı çox qabaqlayıb.

Oyun bitir. Bir gözü "Qəbələ"-"Neftçi" matçında, bir gözü dağlarda-meşələrdə olan həmkarlarımızla birgə qeyri-rəsmi formatda PFL prezidenti Ramin Musayevlə görüşürük. Qəbələyə yalnız Ramin Musayev gəlməyib. Çoxsaylı həmkarlarımız da təxminən 18 saat davam edən və bu səhər saat 03.00-da bitən səfərə qatılıb. Oyuna bu qədər marağın olmasına səbəblərdən biri çox güman PFL-in təşkilatçığıyla olan səfərlərdə maddi durumu yaxşı olmayan jurnalistlər üçün kiçik mükafatların verilməsidi. Şair Qismət demiş:

Mən sənin qədrini bilmirəm hələ,
Pul olsa, qaçaram tez gülə-gülə.
Bax, sənə yazdığım şeiri belə,
Mükafat naminə yazıram. Vətən! 

Anar ŞABANOĞLU

Daha çox


Son xəbərlər