Ölkə çempionatının sülhsevər cütü

Ölkə çempionatının sülhsevər cütü
XƏBƏR 25 Sentyabr 2017 / 12:04 2329
-  A +

Topaz Premyer Liqasının VI turunun “Zirə” – “İnter” oyunu nadir təsadüf olunan seriyanın davamı ilə diqqət çəkib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 1:1 hesabı ilə başa çatan paytaxt derbisi ardıcıl 5-ci dəfə heç-heçə nəticələnib. Ötən mövsümdə 4 dəfə bərabərliklə ayrılan rəqiblər yeni mövsümə də sülhlə başlayıb. Bu da eyni komandaların ardıcıl heç-heçələri sıralaması baxımından Azərbaycan çempionatları tarixinin rekordunun təkrarıdır. Yarışın 25 illik tarixində bunadək 3 cüt ardıcıl 5 dəfə heç-heçə etmişdi. 2011-12-ci illərdə AZAL-la “İnter”, 2013-14-cü illərdə AZAL-la “Xəzər Lənkəran”, 2013-15-ci illərdə “Rəvan”la “Sumqayıt” 5 qarşılaşmada qalibi müəyyənləşdirə bilməmişdi.

Tarixə 4-cü belə seriya kimi düşən “Zirə” – “İnter” duelləri Premyer Liqanın II dövrəsində mütləq rekordu da müəyyənləşdirə bilər. Bunun üçün 12-ci turun “İnter Arena”dakı görüşündə də heç-heçənin yaşanması yetərlidir.

Amma paytaxt derbisi əvvəlki üç “sülhsevər” cütdən fərqlənir. Çünki həmin seriyalarda hesab nəticələri fərqli olubsa, “Zirə”ylə “İnter”in bütün heç-heçələri eynihesablıdır – 1:1. 5 dəfə bu hesabla ayrılan rəqiblər daha bir rekordu təkrarlayıb. Belə ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında bunadək yalnız bir cütün oyunları ardıcıl 5 dəfə eyni nəticə ilə başa çatıb. 2016-17-ci illərdə “Qarabağ” “Zirə”ni 5 dəfə 2:0 hesabı ilə məğlub edib. Daha 6 cütdə isə eyni nəticə 4 dəfə təkrarlanıb.

Daha çox


Son xəbərlər