İkinci Rəşad olmayacaq

İkinci Rəşad olmayacaq
YAZARLAR 5 Sentyabr 2017 / 12:29 9856
-  A +

Əslində bu yazını hələ San-Marino ilə oyundan qabaq, Norveçlə matçdakı “avtoqol linçlənməsindən” sonra yazmaq istəyirdim. Amma gözlədim. Əmin idim ki, Rəşad özünü bir futbolçu kimi növbəti dəfə sübut edəcək...

Dərinə gedəndə onun nəyisə sübut etməsinə də gərək yoxdu... Təbii ki, ondan daha istedadlıları, perspektivi yüksək olanları və daha çalışqanları  olub. Amma onda olan xarakter heç kimdə olmayıb... Ki, buna da qayıdacağam.

Rəşadla 2008-ci ildə tanış olmuşam. Futbolsuz günləri idi. Bir jurnalistin toyuna eyni maşında getmişdik. O zamanların yetərincə populyar futbolçusu basketbol oynamağa məcbur olmasına rəğmən, nikbin idi. Nəsə, məsələ o deyil. 2009-da məlum "Rusenborq" oyunundan öncə "Qarabağ"a gələndə belə çoxları artıq onun erasını bitmiş sayırdı. Amma o nə etdi? Gənc azərbaycanlılarla inanılmazı bacardı. İl ərzində ona edilən tənələrə, mənəvi basqılara ilahi zərbəylə cavab verdi, həm də komandasına möhtəşəm qələbəni gətirdi.

Norveçlə oyundan sonra da o vurduğu avtoqola görə yenə bənzər tənələrlə üzləşdi və onda 8 il öncəni xatırladım. Dünən San-Marino ilə matçda cərimə zərbəsi zamanı topa yaxınlaşarkən baxışlarındakı qətiyyət hesabın dəyişəcəyindən xəbər verirdi.

Bir klubun üzvü olmağımıza baxmayaraq, nə qədər təzadlı səslənsə də, onunla o dərəcə də yaxın münasibətdə deyilik. Üst-üstə düşməyən fikirlərimiz olur. Məsələn, bəzilərinə adının özüylə aşırı səsləşməsinə imkan verir, deyəndə boş verməyi tövsiyə edir. Demək olar ki, oyundan-oyuna salamlaşırıq. Amma...

Bunu "Slovan"la Bakıda keçirilən oyundan sonra da yazmışdım. Rəşad Sadıqov fenomeni əsla pul, şan-şöhrət, populyarlıq üzərinə formalaşmayıb. Nə zamansa onun maddi tələblərini eşitmisizmi? Əsla... O, bu günə qədər saysız-hesabsız əməliyyatları, haqlı-haqsız, özünü aşan basqılara sırf xarakterinə görə qalib gəlib. Məğlub olmaq istəməyib, məğrurluğu fiziki imkanlarını belə aşıb. Uğursuzluqlara boyun olub, uğurda kölgəyə çəkilib.
 
Bu gün qolun hansı komandanın qapısına vurulması önəmli deyil. Önəmli olan məsuliyyəti hiss etməkdi. Təbii ki, o da nə zamansa yaşıl meydanlara kapitan və futbolçu kimi çıxmayacaq. Amma adamı yaşına görə dəyərləndirmək 37 yaşında klub dəyişən Con Terriyə haqsızlıqdı...

Hər kəs tənqid edilə bilər. Sadəcə, qurunun oduna yaşı yandırmaq isti verməyəcək, göz tutuşduracaq... Bu nə Rəşadın, nə də başqasının problemidi. Yerimizi itirmək yerimizdə saymağa gətirir.
 
Bu gün Rəşadın alternativinin olmaması futbol(çun)un yox, xarakter çatışmazlığının göstəricisidi. Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil, hər ikisinin birləşməsiylə olur. İstər futbolçu, istər məşqçi həmkarları (yenicə başlasa da zaman fərqi göstərəcək) şanssızlıqdan, imkansızlıqdan şikayətlənəndə Rəşad durmadan öz üzərində çalışır(dı). Başqaları futbol uğurunu əyləncə mərkəzlərinin masalarında qeyd edəndə o xəstəxanalarda, əməliyyat masaları üzərində növbəti əzmkarlığını nümayiş etdirirdi...

O, şübhəsiz müstəqil futbolumuzun ən əsrarəngiz romanıdı: həmişə mütaliə ediləcək...

İstəsək də, istəməsək də o kitabı özü bitirəcək. Gələcək nəsillərə miras qalacaq bir əsər kimi... Amma inanın ki, bu roman nə qədər uzun olsa da, darıxdırıcı yox, yaddaqalan, faydalı olacaq, su kimi oxunacaq.

Təbii ki, Rəşad da karyerasını bitirəcək, ondan daha istedadlıları da gələcək. Amma əsla ikinci Rəşad Sadıqov olmayacaq, bizim futbola gəlməyəcək...
 
Nurlan İBRAHİMOV


Son xəbərlər