Qurban Qurbanov: «Xəzər Lənkəran»la oyun bizi yorub»

MÜSAHİBƏ 31 Mart 2010 / 13:45 3093
-  A +

Ağdamın «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov komandasının son uğursuzluqları ilə bağlı Qol.Az saytına müsahibə verib

- «Qarabağ» ardıcıl dörd oyundur qələbə qazana bilmir. İndi xüsusilə azarkeşləriniz narahatlıq içərisindədir və onları da bir sual düşündürür ki, «Qarabağ»a nə olub?
- Əslində, heç nə olmayıb. Əlbəttə, futbol elə bir oyundur ki, orda həm uğur, həm də uğursuzluq olur. «Bakı» ilə görüş istisna olmaqla, son üç oyunda komanda pis təsir bağışlamadı. Amma istənilən halda bu gün futbolçularımızda müəyyən psixoloji gərginlik var. Birdə ki, onlar gərgin qrafiklə çalışıblar. Millinin oyunları və təlim-məşq toplanışları ilə əlaqədar futbolçularda yorğunluq da yarandı. Onların 12 gün ərzində bizimlə birgə olmamaları, tam fərqli sistemdə çalışmaları haradasa komandamıza mənfi təsir etdi. İndi hər şey qaydasındadır. Uşaqlar yavaş-yavaş formalarını bərpa etməyə başlayıblar. Əfran İsmayılov və Rauf Əliyevin problemləri də artıq düzəlib. İndi onlar oyunlara yüzdəyüz hazırdırlar.
Təbii ki, azarkeşlərimizə görə biz də narahatıq. Biz də istəyirik ki, onları sevindərək. «Qarabağ»ın azarkeşləri ən böyük sevincə layiqdirlər. İnşallah, yaxın vaxtlarda onları sevindirəcəyik.
- Komandanızın son uğursuzluqlarını yorğunluqla da, arxayınçılıqla da əlaqələndirirlər. Siz bu versiyalardan hansını qəbul edirsiniz?
- Hər ikisini. Uğurlar seriyası uzun olanda futbolçularda arxayınçılıq da yaranır.
- Qarşıdakı sizi daha bir ağır oyun gözləyir. Səfərdə «Xəzər Lənkəran»la qarışlaşırsınız. Bu oyun ərəfəsində «Qarabağ»ın futbolçuları özlərinə gələ biliblər?
- Demək olar ki, hə. Düzdür, müəyyən psixoloji gərginlik var, amma onlar tədricən aradan qalxmaqdadır.
Qısa bir müddətdə dalbadal üçüncü dəfə «Xəzər Lənkəran»la qarşılaşacağıq. Bu amil bizim üçün bir tərəfdən yorucudur, çünki eyni rəqiblə qarşılaşırsan. Amma digər tərəfdən yaxşıdır ki, rəqibi daha yaxından tanıyırsan. İstənilən halda futbol bizim peşəmizdir. Biz indi Lənkərandakı oyuna hazırlaşırıq. Düşünürəm ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar.
- «Qarabağ»ın rəhbərliyi yəqin ki, son oyunlara görə sizinlə görüşüb. Onlar tərəfindən sizə və futbolçulara hansısa irad bildirilib?
- Yox, əksinə hər şey qaydasındadır. Komandamızın vitse-prezidenti Tahir Gözəl bütün uğurlarımızda olduğu kimi, uğursuzluqlardan sonra da bizimlə birgə olub, dəstəyini əsirgəməyib.
- Bəzən mediada sizi günahlandırırlar ki, «Qarabağ»ın uğursuzluğuna görə özünüzü yox, futbolçuları təqsirli sayırsınız.
- Ümumiyyətlə, hər bir məşqçi komandasının götərdiyi nəticəyə cavabdehdir. Əlbəttə, son uğursuzluqların günahını bir məşqçi kimi həm də özümdə görürəm. Amma bütün hallarda ruhdan düşmürük. Çalışırıq ki, hər bir futbolçuyla dil tapa bilək. Onları bütün oyunlara tam hazırlamaq istəyirik.
Dəgir tərəfdən, siz bizim rəqiblərimizi də nəzərə alın. Axı onlar da, uğur qazanmaq istəyir, bizi yaxşı təhlil edir. Bu, futboldur. Qələbə də olacaq, məğlubiyyət də.
- Hazırda «Qarabağ»ın ən böyük problemini nədə görürsünüz?
- Ümumiyyətlə, hər bir komandada eniş dövrü olur. Amma bunun qarşısını almaq lazımdır və mümkündür. Düşünürəm ki, hər şey tədricən arxada qalacaq. «İnter»lə son oyuna qələbə üçün çıxmışdıq. Amma hesabda geri düşdük. Lakin futbolçular sona qədər əzmlə mübarizə aparıb heç-heçəyə nail oldular.
Yuxarıda qeyd etdiyim kimi, futbolçularımızın psixoloji vəziyyətləri bir az yaxşı deyildi. Bu da da artıq aradan qalxır.
- Son olaraq, «Qarabağ» hələ çempion olmağı demirik, avrokuboklarda oynamağa imkan verən yerlərdən birini tuta biləcəkmi?
- Bunu indidən nəinki mən, digər klubların məşqçiləri də öz komandaları barədə deyə bilməz. Sadəcə, «Qarabağ» bütün oyunlara qələbə üçün çıxacaq. Məqsədimiz odur ki, avrokuboklara vəsiqə əldə edək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı