“Neftçi”də baş məşqçiləri əlcək kimi dəyişir, ictimaiyyəti aldadırlar” – Tahir Süleymanov

“Neftçi”də baş məşqçiləri əlcək kimi dəyişir, ictimaiyyəti aldadırlar” – Tahir Süleymanov
ÖLKƏ FUTBOLU 21 Avqust 2017 / 14:19 5056
-  A +

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Elxan Abdullayevin komandanın baş məşqçisi vəzifəsindən istefa verməsinə münasibət bildirib.

Qol.az saytına açıqlamasında o deyib ki, "Neftçi" artıq 3 mövsümdür idarəolunmaz hala salınıb:

“Bu illər ərzində çox məşqçi dəyişib. Hər yeni gələn klub büdcəsini alt-üst edərək təzə legionerlər gətirib, köhnələr "mənim deyil" adıyla yola salınıb. Dəyişən isə yeni antirekordlar olub, "Neftçi" autsayderə çevrilib. Hər kəs dərk etməlidi, "mənim komandam" anlayışı tarixi klubda ola bilməz. "Neftçi" kiminsə şəxsi cibindən yox, xalqın, dövlətin vəsaiti hesabına maliyyətləşir. Hər altı aydan bir kluba gələnlər "Neftçi"ni elə çökdürüblər ki, düzgün idarəçilik olmadığına görə klub kredit borcları ödəyir. Yeni gələcək baş məşqçi də "mənim komandam deyil" adıyla vaxt istəyəcək, ən yaxşı halda rəqabətsiz çempionatda 1-2 qələbə qazanılaraq baş aldadılacaq. Uğursuz bir mövsüm də belə gedəcək”.

T.Süleymanovun fikrincə, "Neftçi"də çox böyük klub idarəçiliyi böhranı var: “Gah Müşahidə Şurası, gah prezident-üsulu idarəsi. Futbolu bilməyənlər "Neftçi"ni idarə edə bilmirlər. Özlərini qorumaq, vaxt udmaq üçün baş məşqçiləri əlcək kimi dəyişir, ictimaiyyəti aldadırlar. Xəlclənən vəsaitə, gətirilən çoxsaylı legionerlərə, didərgin salınan yerli futbolçulara görə heç kim cavab vermir. Baş məşqçi vəzifəsi çox önəmlidir. "Neftçi"nin dərdi isə daha böyükdür. "Neftçi" “xərcəng xəstəliyinə” tutulub. Hələ ki, tam bədxassəliyə cevrilməyib , əməliyyat edib "xərçəng"ləri birdəfəlik "Neftçi"dən kəsib atmaq lazımdır. "Neftçi" elə bir klubdur ki, daimi çempionluq, kuboklar uğrunda yarışmalı, Avropada uğurlar qazanmalıdır”.

Daha çox


Son xəbərlər