"3 ildir deyirəm ki, kələ-kötür meydanda oynaya bilmirik" –Şahin Diniyev

"3 ildir deyirəm ki, kələ-kötür meydanda oynaya bilmirik" –Şahin Diniyev
ÖLKƏ FUTBOLU 20 Avqust 2017 / 21:07 4303
-  A +

"Belə oyundan sonra nəsə demək çətindir. Həqiqətən də komandamız bu meydanda heç nə yarada bilmədi. Belə meydanlarda hücum etmək çox çətindir. Məqsədimiz oyunu qələbə ilə başa vurmaq idi. Nə sürət var idi, nə də top saxlamaq mümkün idi. Məcbur olurduq ki, uzun ötürmələrdən yararlanaq. Lakin "Zirə" arxada dayandı və bizi əks-hücumlarda yaxaladı. İlk dəfədir ki, komandamızda hər şeydən narazıyam".

Bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Yevlaxda "Zirə"yə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının II tur matçından sonra deyib. Daha sonra 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- "Kəpəz" Gəncədə də belə meydanda oynadığı halda daim rəqiblərinə başağrı olub. Siz isə meydanın durumundan şikayətləndirsiniz...

- Bu gün meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi. 3 ildir deyirəm ki, "Kəpəz" kələ-kötür meydanda yaxşı oynaya bilmir. Bugünkü oyunda dediklərim bir daha sübut olundu. Lakin səbəbi bununla əlaqələndirmək istəmirəm. Rəqib üçün də eyni şərtlər mövcud idi. Sadəcə, rəqib oyunu əks-hücumlarda qurdu. Müdafiəni bağladılar. Biz isə xal qazanmaq üçün məcburən açılmalı idik. İrəli atıldıqda isə boşluqlar yaranırdı. İkinci oyundur ki, müdafiə xəttimizin kobud səhvləri var. Hücumları özümüz öz qapımıza təşkil edirik. Müdafiədə etibarlı oynaya bilmirik. Biz kiçik komandayıq. Həm Sergey Çernışev, həm də Dedimar Fereyranın olmaması, birinci hissədə Viktor Oseqeylin zədələnməsi komandamızın əleyhinə işlədi.

- "Sumqayıt"la oyundan sonra axmaq səhvləri, bu dəfə meydan amilini səbəb göstərdiniz. Sizə elə gəlmirmi ki, əsl səbəb müdafiədəki anlaşılmaz oyundur? 3 əks-hücum və 3-ü də qol...

- Tam razıyam. Mən müdafiədə çox bərbad oynadığımızı da qeyd etdim. Arxa xətdə o sabitliyi tapa, etibarlı çıxış edə bilmirik. Sadə vəziyyətdə top itiririk. Təzyiqdən top itirmək normaldır. Amma təzyiq olmadığı halda özümüz özümüz üçün heç nədən qol vəziyyətləri yaradırıq. Cinahlarda böyük problemlərimiz var. Komanda ardıcıl 2 oyunda uduzubsa, səbəb yoxdur. Daha doğrusu, səbəb komandanın pis oyunudur. Sadəcə, baş məşqçi kimi deyirəm ki, hücumlar yaratmaq istəyirdik. Amma belə meydanda bu, çox çətindir. Öz səhvlərimizdən uduzmuşuq. Səhvlər məğlubiyyətin açarıdır.

- İki oyuna 2 məğlubiyyətlə üzləşmisiz. Gələcək oyunlardan nə gözləyirsiniz?

- Gələcək oyunlara hazırlaşacağıq. Qarşıda bizi "Neftçi" ilə daha bir çətin oyun gözləyir. Ümid edirəm ki, komandamız vaxt keçdikcə düzəlməyə doğru gedəcək. İrəli baxmaq lazımdır. Başlanğıcdır, heç bir baş məşqçi ev oyununu belə nəticə ilə başa vurmaq istəməz. Həyatın sonu deyil. Hələ 26 tur var. "Kəpəz" kollektiv oynamağı bacaran komandadır. Bunu gələcək oyunlarda görəcəyik.

- "Kəpəz"in ilk pillələrdə olması üçün hansı planlarınız var?

- Plan həmişə var. Lakin hər şeydə reallığa söykənmək lazımdır. Bu gün böyük komandalarla nə transfer bazarında, nə də oyun baxımından mübarizə apara bilərik. Lakin çalışırıq ki, hər bir oyunda başabaş oynayaq. Bu gün büdcəsi ən az olan komanda bizik. Bunu da səbəb saymıram. Futbol yoxdursa, bunun büdcəyə heç bir dəxli yoxdur. Cəlb etdiyimiz futbolçuların hamısı gənc, perspektivlidirlər. Orta yaş həddi 21-22-dir. Onların hamısının perspektivləri var. Lakin bu gün perspektiv nə azarkeşləri, nə də baş məşqçini maraqlandırır. Hər kəsə nəticə lazımdır. Bununla dayanmalı deyil, axıradək mübarizə aparmalıyıq. Vaxt keçdikcə səhvləri azaldıb, minimuma endirib, maksimum nəticə əldə etmək gücündə olan komandaya çevriləcəyik. Bunu sizə tam əminliklə deyirəm. Gələcəkdə öz oyunumuzu tapacağıq (sportnet.az).

Daha çox


Son xəbərlər