“Penaltilər seriyası haqda düşünməmişəm” – Qara Qarayev

“Penaltilər seriyası haqda düşünməmişəm” – Qara Qarayev
XƏBƏR 20 Avqust 2017 / 11:34 4317
-  A +

"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın ikinci turunda "İnter"ə qarşı oyundan (1:0) sonra jurnalistlərə müsahibə verib.
 

- Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"lə keçirəcəyiniz cavab oyunu haqda nə düşünürsən?

- Mərhələ keçməkdən danışmaq hələ tezdir. Nəyə görə deyirəm? Biz "Şerif"lə oynayanda öz meydanımızda rəqibi qapısına sıxmışdıq, onlara oynamağa imkan vermirdik. Amma özünüz də gördünüz ki, "Kopenhagen"lə oyun fərqli idi. Bizim daha çox topla davranmağımıza baxmayaraq, rəqib təhlükəli vəziyyətlər yaradırdı. Yəni rəqibi tanıyırıq, necə oynayacaqlarını bilirik. Rəqibin həmlələrinin qarşısını ala bilsək və həmin gün idman şansı bizim yanımızda olsa, tarix yaza bilərik.
 
- "Kopenhagen" - "Vardar" oyununu yəqin ki, izləmisən. "Vardar" pis oynamasa da, matçın gedişində ani səhvlər etdi və qapısından 4 qol buraxdı. Yəqin ki, "Qarabağ" "Vardar"ın səhvlərini etməz...

- Ümumiyyətlə, fərdi olaraq düşünürəm ki, bu hər bir futbolçunun xüsusi hazırlaşacağı oyundur. Bu, son şansdır. Bu oyunda ciddi zədə alsam da, əhəmiyyət vermərəm. Hər şeyi bu matçda meydana qoymaq olar. Bir neçə amil var ki, onların qarşısını ala bilsək, uğur qazanacağıq. Amma yenə deyirəm, elə-belə komanda ilə qarşılaşmağa getmirik. Bildiyimə görə, oyun üçün 44 min bilet satılıb. Bu da görüşün əhəmiyyətindən xəbər verir. Sözsüz ki, bu amil komandanı ruhlandıracaq və daha yaxşı oynayacağıq.
 
- Əvvəllər klublarımız avrokubok matçına çıxanda həyəcan keçirir və ilk dəqiqələrdə qol buraxacağından qorxurdu. Çempionlar Liqası və Avropa Liqasında çox oyun keçirən "Qarabağ"da indi də həyəcan olur?

- Ev yox, amma səfər oyunlarında belə çətinliyimiz olur. Necə ki, evdə azarkeşlərimiz bizə ruh verir, səfərdə də meydan sahiblərinin azarkeşləri komandalarını elə dəstəkləyirlər.
 
- Cavab matçında penaltilər seriyasına hazırlaşmısınız?

- Bu haqda düşünməmişəm.
 
- Ümumiyyətlə, komanda penaltilər seriyasına psixoloji cəhətdən hazırdı?

- Həyəcan, təzyiq bizə sevgidən yaranır. Peşəkar futbolçu həlledici anda həmin gərginliyi üzərindən atmalıdır. Penaltilər seriyasına qalsaq, onda da belə olmalıdır.


Son xəbərlər