"Mahirə görə narahatam" - Qurban Qurbanov

"Mahirə görə narahatam" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 19 Avqust 2017 / 22:57 6545
-  A +

Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odur ki, 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın ikinci turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiniz?

- Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərlərini isə oyunun gedişinə uyğun olaraq etdim.
 
- Sizcə, bu oyun daha çətin idi, yoxsa “Kopenhagen”lə?

- Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Amma daha yaxşı ola bilərdi.
 
- Yakub Jezniçakın ilk “23”-lükdə olmamasının səbəbi nə idi?

- Ansi Aqolli ilə Jezniçaka  istirahət vermişdim.
 
- Komanda oyunun gedişində üçlü müdafiəyə keçdi...

- Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.
 
- Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?

- Qapıçıların təcrübə toplaması əsasdır. Çalışacağam ki, ikisinə də şans verim.
 
- Düşünmürsünüz ki, Əfran bugünkü qolla özünə gəldi?

- Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bundan iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdır deyə burdadır. Mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudur. Ötən mövsüm də bizim üçün bir neçə faydalı qol vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.
 
- Mahir Mədətov son vaxtlar formadadır. Onun mətbuatın gündəmində olması sizi narahat etmir ki?

- Təsəvvür edin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədir ki, 99.9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə oyunda qol vurduqdan sonra əvvəlki oyunun 50 faizini oynamadı. Buna görə gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Hər şeyin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.
 
- Vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağası tətbiq edilə bilər?

- Olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindir. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.
 
- “Kopenhagen”in stadionundakı atmosfer sizi qorxutmur ki?

- Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil ki, belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələ ilə bağlı futbolçularla danışacam.
 
- İlk dəfədir ki, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığındadır. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?

- Psixoloji amil əsasdır. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord