Əfran üçün…

Əfran üçün…
YAZARLAR 16 Avqust 2017 / 16:22 12946
-  A +

20 yaşlı Mahir Mədətov uzun illərin təcrübəli futbolçusu kimi Çempionlar Liqasının pley-off oyununda həyəcan keçirmədən, düz 90 dəqiqə “Qarabağ”a nə ki var kömək etdi. Qələbə qolunu vurdu.

Xüsusilə son bir neçə ayda karyerası yüksəlişə gedir Mahirin. Bu uğurlardan başının gicəllənməyəcəyinə inanmaq istəyirik. Futbolumuz sevinməlidir təbii ki. Təkcə “Qarabağ” udduğu üçün yox. Həm də potensialı yüksək olan istedadımız üzə çıxıb deyə…

***

Bütün Azərbaycan 21 yaşı olanda Əfranın da istedadından danışırdı, yeni ulduzumuz yetişir deyirdi. O, gözəl, bəzən də parlaq oyunu ilə tribunalara toplaşan Azərbaycan və “Qarabağ” komandasının onminlərlə azarkeşini sevindirirdi. Əlacları olsa, səhərə qədər çiyinlərində daşıyardılar. Qol vururdu axı, komandasının liderlərindən biri idi. Yəni əsl futbol qəhrəmanı.

Qəhrəmanlara da dəstək verən, ona yarınan çox olur axı…

***

Sonra o qəhrəman daha qəhrəman olmadı. Onda əleyhinə o ki var danışmağa başladılar. Sonra  da söyməyə.

Stadionda fitə basmağa.

Feysbukda lağ eləməyə.
 
Amma Qurban Qurbanov kişilik elədi. Atmadı, sahib çıxdı, inandığı üçün arxa oldu və olmaqda davam edir Əfrana.

***

Hər bir idmançının, futbolçunun karyerasında eniş və yüksəliş dövrü olur. Bilmədiyimiz hansısa şəxsi problemi ola bilər. Elə buna görə oyuna köklənməkdə çətinlik çəkər. "Qarabağ"a yararsız deyil, faydası var, olmasaydı, Qurban Qurbanov komandasında saxlamazdı da.

***

Lakin belə görünür, bizdə hamı ağıl dəryasıdı, böyük futbol bilicisidi. Hamının da yumor hissi fontan kimi fışqırır. Amma... Zarafatınızı elədiniz, adamı ələ saldınız, daha bəsdi, şitini-şorunu çıxarmayın.

***

Əfran İsmayılov ikinci müstəqillik dövrümüzdən üzü bu yana Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı nümayəndələrindən biri olub. Bir istedadın üstündən isə bu qədər asanlıqla xətt çəkmirlər.

Bir az insafınız olsun…

…Və Mahirləri qorxutmayın.

Aydın BAĞIROV
aydı[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər