Yeni transferi "Qəbələ"dən ayrılır

Yeni transferi "Qəbələ"dən ayrılır
GÜNDƏM 11 Avqust 2017 / 16:53 7824
-  A +

"Qəbələ" yay fasiləsində transfer etdiyi ispaniyalı futbolçu Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırır.

Qol.az-ın məlumatına görə, klubun meneceri Səbuhi Səfiyarlı Sport24.az-a açıqlamasında bu addımın legionerin təşəbbüsü ilə bağlı olduğunu bildirib.

Səfiyarlı buna etiraz etmədiklərini söyləyib: "O, komandamızda yalnız 1 oyun keçirdi. Bu, Avropa Liqasında ilk matçımız - "Yagelloniya" ilə "Bakcell Arena"dakı qarşılaşma idi. Ondan sonra zədəsi olduğundan Polşadakı cavab matçında "18-lik"dən kənarda qaldı. "Panatinaikos"la matçlarda isə iştirak ərizəsinə düşmədi. Bundan sonra özü gəlib dedi ki, getmək istəyirəm. Biz də buna etiraz etmədik. Ona görə də qarşılıqlı razılaşma əsasında müqaviləni pozacağıq".

Klub rəsmisi legioneri hələ yola salmadıqlarını diqqətə çatdırıb: "Hazırda sənədləşmə işləri gedir.  Bilmirik ki, variantı var, ya yox. Sadəcə, özü yaxınlaşıb getmək istədiyini dedi. Onu da bildirdi ki, burda legioner limiti də var, yəqin ki, oynaya bilməyəcəm. Digər legionerlərimizdən belə bir istəklə bizə müraciət edən hələ ki yoxdur". 

Xatırladaq ki, Polşanın “Qurnik Lençna” klubundan gələn 28 yaşlı Qonzales "Qəbələ"nin yayda heyətinə qatdığı ilk legioner olub. Onunla 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb.

Daha çox


Son xəbərlər