"Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı prezidentə müraciət olundu

"Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı prezidentə müraciət olundu
ÖLKƏ FUTBOLU 29 Mart 2010 / 13:47 2352
-  A +

Lənkəranın bir qrup ziyalısı «Xəzər Lənkəran» - «Neftçi» oyununda yaşanan olaylarla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib. Qol.Az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, Azərbaycan premyer liqasının XXV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Neftçi” oyununda xoşagəlməz hadisələr baş verib: «Bu hadisələrin səbəblərini araşdırmaq vəzifəsi ölkənin futbol qurumlarının üzərinə düşür. Lakin oyun günü Lənkəran şəhər stadionunda baş verənlərin şahidləri kimi biz ziyalılar hadisələri qiymətləndirməyə borcluyuq. Həmin gün meydanda AFFA Hakimlər Komitəsinin Lənkərandakı oyuna təyin etdiyi hakimlər briqadasının məqsədi azarkeşləri təxribata çəkməkdə idi. Birtərəfli hakimlik stadiona toplaşan 14 min insanın əsəbləri ilə oynadıqca bir neçə azarkeş meydançaya daxil olaraq hakimə hücum etdi. Biz Lənkəran ziyalıları hər hansı bir zorakılığın əleyhinə olduğumuz üçün bu işdə də meydana daxil olan azarkeşlərə bəraət qazandırmaq fikrində deyilik. Amma bu halın yaranmasında konkret günahkarlar kimi azarkeşləri deyil, ölkə futbolunun inkişafına mane olan Peşəkar Futbol Liqasının rəhbərliyini, Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin rəhbərliklərini görürük. Lənkəranlı futbol azarkeşlərinin çılğınlığını çox gözəl anlayan adları çəkilən futbol qurumlarının rəhbərləri Lənkəranda futbol oyunu adı altında bir komediya qurmuşdular. Bu yolla da istədikləri komandanı futbol birinciliyində irəli çəkməyə çalışır, təmiz idman mübarizəsinə şərait yaratmırlar. Bu vasitə ilə də bilərəkdən Azərbaycan futbolunun inkişafı  dövlət proqramının müddəalarına zidd hərəkət etmiş olurlar. Belə əməlin bir adı var: o da təxribatdır. Cənab prezident, biz ziyalılar, sizə  müraciət edərək, bu hadisədə günahkar olanların sərt və qəti şəkildə cəzalandırılması üçün tərəfinizdən  göstəriş verilməsini xahiş edirik».

Foto: azerisport.com 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi