“Birinci divizionda adımı batırmaq istəmirəm” – Arif Əsədov

“Birinci divizionda adımı batırmaq istəmirəm” –  Arif Əsədov
MÜSAHİBƏ 9 Avqust 2017 / 13:40 8416
-  A +

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun Qol.az saytına müsahibəsi

- Arif müəllim, necə gedir işləriniz?

- Meydanda deyiləm. Amma UEFA-nın məşqçi kurslarında təlimatçı vəzifəsini yerinə yetirirəm. AFFA-da çalışıram.

- Məşqçiliyə qayıtmaq fikriniz var?

- Əlbəttə, mənim əsas işim budur. Məşqçiliyə başladım, nəyəsə nail oldum, ancaq bir neçə ildir ki, işsizəm. İşləmək istəyirəm. Ancaq gərək iş də ürəyincə olsun. Boş-boş gün keçirmək mənim üçün iş deyil.

- Sizin kimi onlarla yerli məşqçilərimiz hazırda işsizdir. Bunun səbəbi nədir?

- Əsas səbəblərdən biri odur ki, Premyer Liqamızda cəmi 8 komanda çıxış edir, amma məşqçilərin sayı çoxdur. Əslində birinci divizonda işləmək olar. Mənə indi də ordan təkliflər gəlir. Sadəcə, birinci dəstə reytinq baxımından çox aşağı görünür. Birinci divizionda çempion olan komanda yüksək liqaya çıxa bilmir. Divizion klubunda perspektiv görsəm, orda çalışaram. Bilərəm ki, hansısa məqsəd uğrunda işləyirəm. Ancaq divizion klublarının heç bir məqsədi yoxdur. Son vaxtlar isə divizionda bəzi klubların nə işlərlə məşğul olması hamıya məlumdur. Adımızı  orada batırmaq istəmirik.

- Uşaq futbolunda çalışmaq istərdiniz?

- Uşaq futbolunda verilən məvaciblər çox aşağı olduğundan məşqçilərimiz ora maraq göstərmir. Bu gün uşaq futbolunda elə bir sistem var ki, təzə gələn gənc məşqçi ilə təcrübəli məşqçi eyni maaşı alır. Bu cür hallar məşqçilərimizin işsiz qalmasına gətirib çıxarır. Gözləyirik ki, ürəyimizcə iş olsun.

- Düşünürsüz ki, Premyer Liqada  klubların sayı artsa, işsiz məşqçilərin sayı azalacaq?

- Təbii ki 12 komanda olsa, artıq 4 yerli pro kateqoriyalı məşqçiyə tələbat olar. Bundan əlavə, köməkçi məşqçilər də lazım olacaq. Klubların sayının artması bir çox işsiz məşqçilərin meydanlara qayıtmasına səbəb olar.

- AFFA məşqçi kurslarının sayını artırır, ancaq bu məşqçilərin harda işləyəcəyi sual doğurur.

- Məşqçi kursları UEFA-nın tələbi ilə keçirilir. Bəli, getdikcə məşqçilərin sayı çoxalır. Klubların sayının azalması onların işsizlik problemini artırır.

- Ötən mövsüm 8 komandalı çempionatımızda rəqabət görmədik. Yenə komandaların sayı 8-dir. Növbəti mövsümdən nə gözləyirsiz?

- Necə olacağını bir neçə turdan sonra biləcəyik. Məncə, 8 komandalı çempionat müvəqqəti xarakter daşıyır. Yəqin ki, növbəti illərdə komandaların sayı artacaq. Əks halda həm futbolçuların sayı azalaq, həm də işsiz məşqçilər çoxalacaq.

- Növbəti mövsüm “Qarabağ” və “Qəbələ”dən başqa daha hansı komandada yaxşı nəticə gözləyirsiniz?

- Məncə, “Neftçi” də çempionluq və ya avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. “Sumqayıt”dan da yaxşı oyun gözləyirəm. Komanda getdikcə strategiyasını dəyişir. Artıq təcrübəli futbolçular da heyətə cəlb olunur. Görünür, nəticə qazanmaq istəyirlər. Yəqin ki, bu mövsüm avrokuboklara vəsiqə üçün oynayacaqlar.  “Zirə” də yaxşı mübarizə aparacaq. Çempionluq uğrunda “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin oynayacağını düşünürəm. “İnter”in vəziyyəti isə qeyri-sabitdir. Bu komanda haqda nəsə demək çətindir. 

- “İnter”in adı “Keşlə” olur. Futbolumuzda bu cür hallara münasibətiniz necədir?

- Bir neçə il əvvəl də bu məsələ gündəmdə idi. Bəzi komandaların adlarını dəyişdirmək istəyirdilər. İndi dəyişikliyin səbəbini bilmirəm. Əsas ad yox, komandanın oyunudur. Yenilik olmadığı üçün bu cür məsələlər təəccüb doğurmur.

- Sonda “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə mübarizəsi haqda fikirlərinizi bilmək istərdik.

- Pley-off mərhələsində zəif rəqib ola bilməz. Amma “Kopenhagen” “Qarabağ” üçün keçilməz deyil. Təmsilçimizin bu rəqibini keçmək üçün gücü var. Şansları bərabər sayıram. Artıq neçə ildir ki, “Qarabağ” bu hədəfə doğru gəlir. Bu il futbolumuzda yenilik etməlidir. Çoxları “Qarabağ”ın “Kopenhagen”lə 1998-ci ildəki oyunlarını yada salır. Ancaq artıq “Kopenhagen” o futbolu oynamır. Danimarka futbolu eniş dövrünü yaşayır. İndi daha çox yerli futbolçulara üstünlük verirlər. “Kopenhagen”də tanınmış futbolçu yoxdur. Orta səviyyəli komandadır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın