Şahin Diniyev: "Altılıq” sistemi çempionatın inkişafına maneçilik yaradıb, yaradır və yaradacaq"

Şahin Diniyev: "Altılıq” sistemi çempionatın inkişafına maneçilik yaradıb, yaradır və yaradacaq"
MÜSAHİBƏ 26 Mart 2010 / 20:17 3324
-  A +

Milli komandamızın sabiq baş məşqçisi,  Rusiya Premyer Liqasında çıxış edən “Terek”in çalışdırıcısı Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- Şahin müəllim, komandanızın Rusiya Premyer Liqasına startını uğurlu adlandırmaq olar. İki oyuna dörd xal pis nəticə sayılmamalıdır. “Terek”də əhval-ruhiyyə necədir?
- Premyer Liqanın son turunda öz meydanımızda “Rostov”la keçirdiyimiz matçdan sonra uşaqlar bir qədər məyus olublar. Bütün oyun bizim üstünlüyümüz şəraitində keçdi və hətta bildiyiniz kimi, hesabda irəli də çıxmışdıq. Yalnız matçın son dəqiqələrində qol buraxaraq üç xaldan məhrum olduq. Halbuki uşaqlar həmin  oyunda qələbə qazanmağa köklənmişdilər. Bazar günü komandamızı çətin Kazan səfəri gözləyir. “Rubin” keçirdiyi iki oyunda altı xal qazanmağa nail olub. Bununla belə, komandamız matça hazır vəziyyətdədir. Uşaqlar məşqlərdə özlərini çox sərbəst aparırlar. Artıq bu gün Kazana yola düşürük. Çalışıb Kazandan uğurlu nəticə ilə dönəcəyik. Ümumiyyətlə, futbolda maksimum və minumum nəticə olur. Təbii ki, maksimum nəticə - yəni üç xal qazanmaq üçün çalışacağıq. Amma bununla belə, orta nəticə ilə də qane olacağıq. Çünki “Rubin” kimi güclü komanda ilə oyundan bir xalla dönmək çox uğurlu nəticədir.
- “Terek”in qarşısına Rusiya Premyer Liqasında konkret hansısa pilləyə yüksəlmək məqsədi qoyulubmu?
- Xeyr. Qarşımızda konkret olaraq hansısa bir məqsəd yoxdur. Sadəcə, çalışıb turnir cədvəlində mümkün qədər ən yüksək pillələrə qalxacağıq. Komanda rəhbərliyi hazırda bizdən hər hansı bir konkret nəticə yox, gələcək üçün indidən iş qurmağı tələb edir.
- Azərbaycan çempionatının oyunlarını izləmək şansınız olurmu?
- Fürsət düşdükcə oyunlara baxmağa çalışıram. Bu yaxınlarda “Neftçi” - “Bakı” matçını seyr etdim. İnternet saytları vasitəsilə oyunların nəticələrindən xəbərdar oluram. Hazırda gərgin çempionatın keçdiyindən məlumatım var. Gərginlik olduqça oyunlara maraq da artacaq. Bununla belə, futbolçuların göstərdikləri oyun səviyyəsi hələ də yüksək deyil.  “Altılıq” sistemi ilə bağlı hər kəsin öz şəxsi düşüncəsi var. Mən isə öz növbəmdə demək istəyirəm ki, “altılıq” sistemi bizim çempionatın inkişafına maneçilik yaradıb, yaradır və yaradacaq. Növbəti mövsümdən çempionatın dairəvi sistem şəklində keçirilməsi daha yaxşı olardı. Turnir cədvəlindəki vəziyyətə baxanda isə görürük ki, hazırda hər hansı bir klubun şəksiz liderliyi yoxdur. Komandalar arasındakı xal fərqi elə də böyük deyil. Bu səbəbdən hansı klubun çempionluğa daha şanslı olduğunu  söyləmək olmur.
- Sizinlə bərabər Rusiya Premyer Liqasında daha bir həmyerlimiz - Mahir Şükürov da çıxış edir. Mahirin “Anji”nin heyətində göstərdiyi oyunu necə qiymətləndirirsiz?
- “Anji”nin son turda “Amkar”a qarşı keçirdiyi matçı komanda ilə birlikdə izlədik. Təəssüflər olsun ki, Mahir qırmızı vərəqə alaraq meydandan qovuldu. Həmin oyunda Şükürov pis təsir bağışlamadı. Bilirsiz ki, “Anji”də baş məşqçi dəyişikliyi baş verib. Komandanın yeni baş məşqçisi Hacı Hacıyevdir. İnanıram ki, yeni baş məşqçi də Mahirə növbəti oyunlarda şans verəcək. Çünki futbolçu əgər qırmızı vərəqə alırsa və komandanın növbəti matçını buraxırsa, onun əsas heyətə dönməyi bir qədər çətin olur. Bu mənada, hər şey yeni baş məşqçinin qərarından asılı olacaq.
- Milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyevin də “Anji”yə transferi gündəmdədir. Elnurun Rusiya çempionatında möhkəmlənə biləcəyinə inamınız var?
- Mənim bu barədə heç bir məlumatım yoxdur. Aprel ayının 8-də çempionatda transfer pəncərəsi bağlanır. Əgər o müddətə qədər çatacaqsa, transferi mümkün ola bilər. Əks təqdirdə, onun bu kluba keçidi reallaşa bilməz.
- Oğlunuz Kərim Diniyev “Terek”in əvəzedici heyətində çıxış edir. Bir ata kimi deyil, mütəxəssis kimi övladınızın gələcəyini necə görürsünüz?
- Kərim bu il məni çox sevindirib. Keçən illə müqayisədə Kərimdə irəliləyişlər var. Hər halda 16 yaşda “Terek”in əvəzedici heyətində çıxış etmək yaxşı haldır. Artıq əvəzedici heyətdə özünə yer tapıb. Bundan sonrası isə öz bacarığından asılı olacaq. Burda onun gələcəyi üçün böyük şanslar var. Gərək həmin şanslardan istifadə edə bilsin.
- “Terek”də işləriniz qaydasında gedir. Yaxın zamanlarda Azərbaycanda çalışmaq fikriniz varmı?
- Xeyr. Hələ ki, belə planım yoxdur. Mən Rusiyada öz fəaliyyətimi davam etdirirəm və burda görmək istədiyim hələ çox işlər var.

Daha çox


Son xəbərlər