Elnur Əşrəfoğlu: «Neftçi» Lənkərana qələbə üçün gəlib»

Elnur Əşrəfoğlu: «Neftçi» Lənkərana qələbə üçün gəlib»
ÖLKƏ FUTBOLU 26 Mart 2010 / 17:23 2342
-  A +

Bakının «Neftçi» klubu bu gün Lənkəran şəhərinə yola düşüb. Səhət saatlarında klubun bazasına gələn «Neftçi»nin prezidenti Sadıq Sadıqov futbolçularla görüşüb, onlardan sabah «Xəzər Lənkəran»la qarşılaşmada komandanın adına layiq futbol oynamağı istəyib. Bu haqda Qol.Az-a «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, S.Sadıqov «Neftçi»nin tezliklə həm Azərbaycan, həm də Avropa futbolunda öz sözünü deyəcəyinə əminliyini vurğulayıb.
Hazırda komandanın Lənkəranda olduğunu vurğulayan E.Əşrəfoğlu «Neftçi»nin bu gün saat 18.00-da oyunun keçiriləcəyi stadionda məşqə çıxacağını bildirib: «Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Bildiyiniz kimi, «Xəzər Lənkəran»la «Neftçi» arasındakı qarşılaşmalar həmişə xüsusi maraq doğurub. Dünya futbolunda «Barselona» - Real», «Fənərbaxça» - «Qalatasaray» kimi derbilər var. Azərbaycan futbolunun gerçəkliyində isə əsas derbi məhz «Xəzər Lənkəran»la «Neftçi» arasındakı oyunlar olub. Ümumiyyətlə, bu qarşılaşma olmasa, bizim Premyer Liqanın duzu da qaçar. İstər klub rəhbərləri, istər futbolçular, istərsə də sıravi azarkeşlər hər iki komandanın bir-birilə oyunlarına xüsusi motivasiya ilə hazırlaşırlar. Fikrimcə, «Xəzər Lənkəran» - «Neftçi» qarşılaşması həm də çempionluğun taleyinə həll edəcək səviyyədə bir oyundur».
«Neftçi»nin sabahkı matça yüksək səviyyədə hazırlaşdığını deyən E.Əşrəfoğlu komandanın qarşısına qələbə qazanmaq vəzifəsinin qoyulduğunu söyləyib.
O, «Neftçi»nin aparıcı futbolçularından cəzalı olduğu üçün yalnız Elmar Baxşiyevin bu matçda iştirak etməyəcəyini deyib. Zədəsi səbəbindən çoxdandır yaşıl meydanlardan kənarda qalan Zaur Tağızadənin «Xəzər Lənkəran»la oyunda meydana çıxıb-çıxmayacağı isə hələ qeyri-müəyyəndir.
Xatırladaq ki, «Xəzər Lənkəran» - Neftçi» qarşılaşması sabah saat 18.00-da başlayacaq. Qol.Az saytı bu oyunun canlı nəticəsini, matçdan sonra futbolçu və məşqçilərin fikirlərini operativ olaraq oxuculara təqdim edəcək.

Daha çox


Son xəbərlər