“Qarabağ" "Samtredia"nı “İmarət”də udub – “28 il əvvəl bizdən çox güclü idilər”

“Qarabağ" "Samtredia"nı “İmarət”də udub – “28 il əvvəl bizdən çox güclü idilər”
ÖLKƏ FUTBOLU 22 İyun 2017 / 17:56 6550
-  A +

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan "Samtredia" ilə indiyədək iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi SSRİ çempionatının II dəstəsində çıxış edərkən Gürcüstan klubu ilə üz-üzə gəlib. 1989/90 mövsümündə Gürcüstanda keçirilən oyun "Samtredia"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdamda "İmarət" stadionunda olan qarşılaşmada isə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

"Qarabağ"ın o dövrdə aparıcı futbolçuları olan Səttar Əliyev və Yaşar Hüseynov Qol.az-ın müxbiri ilə söhbətində "Samtredia" ilə 1989-cu ildə keçirilən oyunları xatırlayıb, komandaların Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.


Səttar Əliyev: "Samtredia" o vaxt çox güclü idi. Düzdür, aradan xeyli vaxt keçib, ona görə həmin matçları indi xatırlamaq çətindir. Amma yadımdadır ki, 1989-cu ildə gürcülərin II dəstədə komandası çox idi. "Samtredia" gözəl oyunu ilə seçilirdi. O zaman bizdən güclü idilər. İndi isə "Qarabağ" bu rəqibindən üstündür. Düzdür, Gürcüstan komandaları topla oynamağı sevir. Ancaq "Qarabağ" da bu cəhətdən rəqibindən geri qalmır. Məhz "Qarabağ" yaxşı top saxladığı üçün hər iki oyunda "Samtredia"nı udacağını düşünürəm. Bugünkü "Qarabağ" göstərir ki, "Samtredia"dan üstündür. Ancaq futbol elə bir oyundur ki, gərək bütün rəqiblərinə hörmətlə yanaşasan. "Qarabağ" rəqibinə yuxarıdan aşağı baxsa, əziyyət çəkəcək. İnanıram ki, sevinən tərəf, "Qarabağ" olacaq. "Qarabağ" bizim yaralı yerimizdir. Bu komada Qarabağ adını daşıyır. Bu ada görə 20 il "Qarabağ"da oynamışam".


Yaşar Hüseynov: "O komandanı udmağımız yadımdadı. Amma qolu kim vurmuşdu unutmuşam. Baxmayın, aradan 28 il keçib. Ümumiyyətlə, o vaxt Gürcüstan futbolu bizdən çox güclü idi. Gürcülərlə oyunumuz həmişə çətin olub. Çünki onlar da bizim kimi texnikalı futbola üstünlük verir. 1989-cu ildə "Samtredia" ilə iki dəfə qarşılaşdıq. Onlar bizdən çox güclü idi. 

Hazırda hamı "Qarabağ"ın mərhələ keçəcəyini gözləyir. Bu "Qarabağ" biz oynadığımız "Qarabağ" deyil, çox güclənib. "Samtredia" isə zəifləyib. Buna baxmayaraq, çətin oyun olacaq. İlk oyundan sonra nəsə demək olar. "Qəbələ" bu komandaya Bakıda asanlıqla qalib gəlsə, də Gürcüstandakı oyunda çətinlik çəkmişdi. "Samtredia"nın yaxşı azarkeşləri var. İndi "Samtredia"da hansı dəyişiklər olduğundan xəbərimiz yoxdur. Yəni "Qəbələ"nin nə vaxtsa bu komandaya 4:0 hesabı ilə qalib gəlməsi heç nə demək deyil".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın