"Ən güclü rəqiblə qarşılaşacağıq" - Səlahət Ağayev

"Ən güclü rəqiblə qarşılaşacağıq" -  Səlahət Ağayev
MÜSAHİBƏ 21 İyun 2017 / 15:32 6845
-  A +

“İnter” klubunun qapıçısı Səlahət Ağayevin Qol.az saytına müsahibəsi

- Türkiyədə təlim-məşq toplanışını başa vurdunuz. Hazırlıqlar necə keçdi?

- Yaxşı keçdi. Tərlan Quliyevlə mən komandaya bir az gec qoşulduq. Ancaq buna baxmayaraq, hər şey qaydasında oldu. Hazırlıq oyunlarında da sadəcə “Zirə”yə məğlub olduq.

- Avroliqaya nə dərəcədə hazırsınız?

- İndidən nəsə demək çətindir. Fikrimcə, hazır olub-olmadığımızı oyunların hesabları göstərəcək. Amma canla-başla məşq edirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq.

- Avropa Liqasının ilk təsnifat mərhələsində “Mladost”la qarşılaşacaqsınız. Püşkdən razı qaldınız?

- “Mladost” Serbiya komandasıdır. Serbiya da futbol ölkəsidir. Məncə, püşkdə bəxtimiz gətirmədi. Digər potensial rəqiblərimizə baxanda, ən güclü komanda ilə qarşılaşacağıq. Şanslarımız barədə nəsə demək çətin olar.

- İlk oyunun səfərdə olması lehinizədir?

- Belə daha yaxşıdır. Rəqib meydanında qol buraxmasaq, Bakıdakı oyunda daha çox şansımız olacaq.

- "İnter"in transfer qadağası olduğu üçün heyətinə futbolçu cəlb edə bilmədi. Bu, Avroliqadakı çıxışınıza  necə təsir edəcək?

- Keçən il Avroliqada mübarizə apardığımız heyət demək olar ki, dəyişməyib. Sadəcə, komandadan  bir neçə futbolçu ayrılıb. Məncə, transfer qadağası olmasa da, indiki futbolçularımızdan iki, üçqat güclü futbolçu alınmayacaqdı. Bizim uşaqlar da zəif deyil.

- “Neftçi” ilə müqavilə bağlasan da, Avroliqa oyunlarında "İnter"ə kömək edəcəksən.  İki klub arasında get-gəl çətinlik yaratmayacaq?

-  Əlimdən gəldiyi qədər “İnter”ə kömək etmək üçün burdayam. Avroliqada yaxşı çıxış edib, uğur qazanmaq istəyirik. "Neftçi"nin hazırlığı bir qədər gec başlayacaq. Sonrasına baxarıq.

- Bəlkə “İnter” qrup mərhələsinə qədər irəlilədi? Onda necə olacaq?

- Təki “İnter” qrup mərhələsinə düşsün. Bunu zaman göstərər.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı