"Qəbələ"də daha çox oynaya bilərəm" - İlqar Qurbanov

"Qəbələ"də daha çox oynaya bilərəm" -  İlqar Qurbanov
MÜSAHİBƏ 31 May 2017 / 17:04 5088
-  A +

"Qəbələ"nin yeni transferi İlqar Qurbanovun Qol.az saytına müsahibəsi

- Əvvəlcə "Qarabağ"dan ayrılmağının səbəbini bilmək istərdik.

- "Qarabağ"la müqaviləm başa çatdı. Yeni müqavilə təklif olunmadı. Buna görə də ayrılmalı oldum. Burda heç bir problem görmürəm. Bu, futbolda adi haldır.

- "Qarabağ"dan yeni müqavilə təklifi gözləyirdin?

- Komandadan ayrılmağı düşünmürdüm. Ancaq artıq mənim üçün "Qarabağ" səhifəsi bağlanıb, yeni səhifə açılıb. İndi "Qəbələ"də uğur qazanmaq haqda düşünürəm.

- "Qarabağ"dan incimədin ki?

- Qətiyyən. Heç bir problem yaranmadı. Hər işdə bir xeyir var.

- Başqa klublardan təklif almışdın?

- Bəli, Türkiyə klubundan da təklif var idi. Ancaq "Qəbələ"ni seçdim. Çünki "Qəbələ" böyük klubdur, Avropa Liqasında oynayan komandadır.

- "Neftçi" variantı da var idi?

- "Neftçi" və başqa iki yerli klubdan da təklif almışdım.

- "Qarabağ"da əsas heyətdə az-az meydana çıxırdın. "Qəbələ" ilə müqavilə bağlayanda daha çox oynamağınla bağlı şərtin oldu?

- Yox, mən heç vaxt belə söhbətlər etmirəm. Hər şey futbolçunun özündən asılıdır. Hər halda məni komandaya oynamaq üçün gətiriblər. Bundan sonrası özümdən asılıdır. Ona görə də çalışacam ki, əsas heyətdə oynayım.

- "Qəbələ"dəki çıxışınla milli komandaya çağırıla bilərsən?

- Əlbəttə, "Qəbələ"də sabit oynamaq şansım daha çoxdur. Daima meydana çıxsam, yəqin ki, milliyə də dəvət alaram.

- "Qarabağ"la Avropa Liqasında uğurlu nəticələr qazanmısan. "Qəbələ" ilə bu mövsüm hansı nəticəyə ümid edirsən?

- Təbii ki, ilk hədəf qrup mərhələsinə yüksəlməkdir. Pillə-pillə irəliləməliyik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı