AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?

AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
FUTBOLUN TARİXİ 23 May 2017 / 12:34 7730
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!


1990-cı illərdə Azərbaycanda iqtisadi-siyasi vəziyyət kimi futbolun da durumu yaxşı deyildi. Milli komandamız və klublarımız beynəlxalq oyunlarda məğlubiyyətləri sıralayırdı. Çox az sayda futbolçu yetişirdi. Klublar perspektiv vəd edən yeniyetmə oyunçulara o qədər də maraq göstərmirdi. Bu isə millimizin gələcəyini bir qədər də təhlükəyə atırdı. Belə bir vaxtda AFFA-nın o vaxtkı rəhbərliyi gənclərdən ibarət komandanın ölkə çempionatında çıxış etməsini təmin etdi.

1996-cı ildə Azərbaycanın U-16 və U-18 millisinin üzvlərindən ibarət  U-18 komandası ölkə çempionatının güclülər dəstəsinə (indiki Premyer Liqa) buraxıldı. Bu qərar həmin vaxt birmənalı qarşılanmadı. AFFA-nın addımına etiraz edərək onu tənqid edənlər az olmadı. Komandaya Vaqif Sadıqov rəhbərlik etdi. İlk mövsümdə (1996/97) 16 komanda arasında sonuncu olan U-18, növbəti mövsüm 14 komandalı çempionatı  13-cü yerdə başa vurdu.

Budəfəki yazımız həmin U-18-ə həsr olunub.

Öncə komandanın baş məşqçisi olmuş Vaqif Sadıqova müraciət etdik. O dövrdə aşağı yaş qrupları üzrə milli komandalarımıza rəhbərlik edən Sadıqov əvvəlcə U-18-in yaranma zərurətindən danışdı:



Vaqif Sadıqov

“AFFA prezidenti Fuad Musayev bütün klub rəhbərlərini bir araya yığıb, təklif etdi ki, belə bir komanda yaradaq. Məqsəd o idi ki, istedadlı futbolçular pərakəndə şəkildə dağılmasınlar. Komandanı bir yerdə saxlamaqla həmin oyunçuların gələcəkdə Azərbaycan futboluna xidmət etməsi hədəf götürülmüşdü. Sonda da elə alındı. Düzdür, hamı nəticə üçün oynayırdı. Belə bir komandanı kiminsə öhdəsinə götürməsi çətin idi. O vaxt Fuad Musayev klubları bu oyunçulara sahib olmağa çağırdı. Amma təəssüf ki, klublar gənc oyunçulara şans vermək istəmədilər. Onları da qınamaq düzgün olmazdı. Nəticə qazanmaq istəyirdilər. 16 yaşlı uşaqlara o qədər də güvənmirdilər. Fuad Musayev də başa düşürdü ki, bu komandanı hər adam öhdəsinə götürməz, belə çətin yükün altına girməz. Yeniyetmə futbolçuları bir yerdə saxlamaq, onların nə vaxtsa uğurlu nəticələr qazanacağını gözləmək asan deyildi. O vaxt mən aşağı yaş qrupları üzrə yığma komandalara rəhbərlik edirdim. U-18-in çempionatda çıxış etməsinə icazə veriləndə komandanı mənə tapşırdılar. Düzdür, ilk oyunlarda nəticə qazanmaq çətin idi. Ancaq futbolçular oyun təcrübəsi qazanırdılar. Tədricən onlar püxtələşib, səviyyəli futbolçulara çevrildilər.

Fuad Musayev müəyyən tədbirlər görürdü ki, komanda hansısa klubun himayəsinə verilsin. Ona görə də, komanda bir ara “Samir” adı ilə də çıxış etdi. Ancaq bu, müvəqqəti xarakter daşıdı.
Komandada Elçin Rəhmanov, Zaur Tağızadə, Cahangir Həsənzadə, Ruslan Musayev, Samir Musayev, Samir Əliyev, Ayxan Abbasov və digər istedadlı oyunçular vardı. Perspektivli futbolçulardan ibarət kollektiv yaranmışdı. Çox sevinirəm ki, gələcəkdə bu komandanın 70-80 faiz futbolçusu millmizə və köklü klublara dəvət olundu və orada liderlərə çevrildi. Çoxları indiyə qədər də futboldadır. U-18 çempionatda çıxış edəndə futbolçuların çoxunun 17 yaşları var idi. 



U-18 millisi A milli komandanın Bakıdakı oyunlarından birindən əvvəl
Respublika stadionunda. Komanda beynəlxalq yarışlardan birində kubok qazanıb


Bu futbolçuları qoruyub saxlamaqla milli komanda səviyyəsində yaxşı nəticələr əldə etdik. Sevinirəm ki, bu layihə özünü doğrultdu. U-18 komandasının çempionatda çıxışı futbolumuza təkan verdi. Onun nəticəsi idi ki, U-18 millimiz 1997-ci ildə Avropa çempionatının seçmə mərhələsində güclü Avstriya yığması üzərində 1:0 hesabı ilə tarixi qələbə qazandı. Avstriya və İsveçrə ilə bir qrupda yer almışdıq. Son oyunda İsveçrə ilə qarşılaşdıq. Qrupdan çıxmaq üçün bizi heç-heçə də qane edirdi. Ancaq meydan sahibləri penalti ilə qalib gəldi”.



Çingiz İsmayılov

AFFA-nın o vaxtkı baş katibi Çingiz İsmayılov bu addını uşaq futbolunu inkişaf etdirmək və aşağı yaş qrupu üzrə yığma komandaları formalaşdırmaq üçün atdıqlarını deyir: “1990-cı illərin əvvəllərində ölkədə idmana indiki kimi diqqət yetirilmirdi. Futbol strukturumuz məhv olmuşdu. Xüsusən uşaq futbolunda geri qalırdıq. "Neftçi" istisna olmaqla heç bir komandamızda uşaq futbolu yox idi. Bu səbəbdən də 1996-cı ildə AFFA İcraiyyə Komitəsi klub-komanda birinciliyi keçirməyi qərara aldı. Bundan başqa, 16-17 yaşlı futbolçuların U-18 adı ilə çempionatda çıxışı haqda qərar qəbul edildi.
Düzdür, belə bir komandanın çətinlikləri çox olmalı idi. Təbii ki, maddi problemləri olan yeniyetmə futbolçulardan ibarət komandadan uğurlu nəticələr gözləmək düzgün olmazdı. Ancaq əsas olan gənc futbolçuların daima oynaması, təcrübə toplaması idi”.

Ç. İsmayılovun sözlərinə görə, gənc futbolçulardan ibarət U-18 komandasına AFFA tərəfindən müəyyən güzəştlər də edilib:  “Digər klublardan fərqli olaraq U-18-in futbolçuları sarı vərəqə limitinə görə cəzalı duruma düşmürdü. Qırmızı vərəqə alan futbolçu növbəti oyunda da iştirak edirdi. Çünki heyət tez-tez dəyişirdi. U-18 millimiz hansısa turnirə gedəndə çempionatda U-16-ın futbolçuları oynayırdı. Onsuz da rəqiblərin əksəriyyəti bu komandaya qalib gəlirdi. Bir dəfə “Turan” U-18-lə Tovuzda heç-heçə etmişdi. Oyundan sonra “Turan” etiraz etdi ki, rəqibin heyətində cəzalı futbolçular var. Biz də əsasnaməni onlara göstərdik. Düzdür, klubları da başa düşürdük. Çempionluq yarışında xal itirmək istəmirdilər.

U-18 komandasının çempionatda iştirakını o dövrdə futbol ictimaiyyəti və media tərəfindən yüksək qiymətləndirənlər də olub: “İlk dəfə atılan bu addım futbolumuzun inkişafına xidmət edirdi. Məhz həmin dövrlər yetişən gənc futbolçular sonradan milli komandamızın aparıcı üzvləri oldular. Futbolçuların yetişdirilməsi üçün həmişə yollar axtarılmalıdır. Təəssüf ki, bu gün bunun şahidi olmuruq”.

Hazırda “Zirə”nin baş məşqçisi olan Ayxan Abbasov haqqında söhbət açdığımız U-18-in üzvü olub. Budəfəki həmsöhbətimiz hadisələrdən 20 il keçməsinə baxmayaraq, olanları yaxşı xatırlayır: 


Ayxan Abbasov

“Mən o vaxt Buzovnanın “Xəzri” klubunda çıxış edirdim. Eyni zamanda U-16 millimizin üzvü idim. Elçin Rəhmanov, Zaur Tağızadı, Cahangir Həsənzadə isə U-18-də oynayırdı. “Xəzri” fəaliyyətini dayandıranda məni də çempionatda çıxış edəcək U-18 komandasına dəvət etdilər. Birinci il güclülər dəstəsində müsabiqədənkənar iştirak etdik. Biz gənc futbolçular üçün çempionatda oynamaq çox yaxşı idi. Çünki “Kəpəz”, “Şəmkir”, “Neftçi” kimi komandalara qarşı mübarizə aparırdıq. 16-17 yaşlı oyunçuların güclü futbolçulara qarşı çıxış etməsi böyük təcrübə idi.

Komandanın sponsoru yox idi. Tamamilə AFFA-nın himayəsində idi. AFFA bizi geyim və məşq üçün şəraitlə təmin etmişdi. Sumqayıtdan və Buzovnadan gələn futbolçulara yol pulu verilirdi. Maaş yox idi. Məşqlərimiz Sumqayıtda olurdu. Buzovnadan Sumqayıta məşqə getmək asan deyildi. Ancaq o vaxt hamımız qarşımıza məqsəd qoymuşduq ki, böyük futbolla məşğul olaq. Əsas millidə oynamağa çox həvəsli idik. Buna görə də çətinliklərə tab gətirə bilirdik. Bəzən əsas millimizin təcrübəli futbolçuları zədədən sonra bərpa prosesini U-18-də keçirirdi. Yəni komandanın millimizə bu yöndə də xeyiri dəyirdi. Biz də güclü futbolçularla bir komandada oynayırdıq”.


U-18 millisinin üzvləri AFFA-nın o vaxtkı rəhbərliyi ilə görüşdə

A.Abbasov çempionatda çıxış etdikləri ilk ildə böyük hesablarla məğlub olurduqlarını deyir: “Adətən 0:5, 0:6 hesabı ilə uduzurduq. Bu, bizdə inamsızlıq yaradırdı. Ancaq məşqçilərimiz bizə deyirdilər ki, əsas nəticə deyil, əsas sizin təcrübə qazanmağınızdır. Sonradan özümüz də bunun şahidi olduq. Artıq növbəti il ilk mövsümdə böyük hesabla uduzduğumuz komandalarla heç-heçə edirdik. Rəqiblərə müqavimət göstərirdik. Yəni bir ildə təcrübə qazandığımızı hiss edirdik.

İndi hər yaş qrupunda yarışlar keçirilir. Bundan başqa, əvəzedici komandaların da çempionatı var. Ancaq o vaxt belə deyildi. Yalnız yüksək liqa vardı. Bəzən millinin üzdə olan futbolçuları komandasız qalırdı və yalnız millinin toplanışında oynayırdılar. Məhz bu səbəbdən belə bir komandanın çempionatda çıxışına qərar verildi. İndiki dövr üçün bu qərar çox qəribə olardı. Ancaq o vaxt üçün düzgün qərar idi. U-18 bir çox futbolçunun yetişməsinə böyük təkan verdi”.

AFFA həmin illər U-18 üçün yaxşı şərait yarada bilən sponsor axtarışında olub. Ayrı-ayrı şəxslərə müraciət edilib. Sponsoru olan zaman komanda bir müddət “Samir” adı ilə çıxış edib. Lakin bu, çox çəkməyib. Növbəti dəfə sponsor problemi yaranıb və komanda yenidən U-18 adlanıb.

1998-ci ildə isə o vaxtkı AFFA rəhbərliyi “Şəfa” klubunu yaratdı və U-18-in futbolçuları həmin komandaya keçdi.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər