“İmkanlarımız məhduddur, supertransferlər gözlənilmir” – Tahir Gözəl

“İmkanlarımız məhduddur, supertransferlər gözlənilmir” – Tahir Gözəl
ÖLKƏ FUTBOLU 20 May 2017 / 11:40 5959
-  A +

"Biz klub olaraq büdcəmiz daxilində nə lazımdısa, onu edəcəyik. Bu sözü verə bilərik ki, "Qarabağ" ötən illərdəkindən zəif olmayacaq. Amma nə qədər güclü olacaq onu deyə bilmərəm"

***

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl U-19 Liqasında "Qarabağ" - AZAL matçını stadiondan izləyib.
 
O, oyundan sonra Ağdam təmsilçisinin U-19 komandasına çempionluq kubokunun təqdim olunma mərasimində iştirak edib.
 
Təqdimatdan sonra Tahir Gözəl sualları cavablandırıb:

 
- "Qarabağ"ın U-19 komandası da çempion olmasına münasibətiniz...

- Komandanın oyunundan çox razı qaldım. Rəşad Sadıqovu, Qurban Qurbanovu, "Qarabağ" klubunu təbrik edirəm. 19 yaşlılarda da çempion olmaq o deməkdir ki, "Qarabağ" öz infrastrukturuna fikir verir, yerli futbolçulara diqqət ayırır. Bu futbolçular bizim gələcəyimizdir. "Qarabağ"ın gənclərinin də çempion olması çox gözəl haldır.
 
- Bu mövsüm "Qarabağ"ın həm 19 yaşılılardan ibarət komandası, həm əvəzedici heyəti, həm də əsas komandası çempion oldu. Uğurlu çıxışın səbəbi nədir?

- "Qarabağ" klubu bu gün rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov, kapitanı Rəşad Sadıqov, dinamikliyi, özünə məxsus sistemi ilə qızıl dövrünü yaşayır. İstəyirəm ki, bu qızıl illər çox davam etsin. Hamısı bu uğurlu işlərin nəticəsidir. Elxan Məmmədovla da söhbətimiz oldu. O da bilidiri ki, AFFA olaraq "Qarabağ"ın sistemindən razıdılar. Bu, məndə xoş təəssürat bağışladı. Məncə, bütün bunlar düzgün yolda olduğumuzu göstərir.
 
- "Qarabağ"dan Çempionlar Liqasında gözləntiniz nədir?

- Əsas komanda ilə bağlı Qurban Qurbanovla söhbətimiz olub. Yeni transferlərlə bağlı xəbər gözləyirik. Transferlər iki şeydən asılıdır. Birincisi, Qurban Qurbanovun fikri, ikincisi isə istədiyimiz futbolçuların klubları ilə maliyyə məsələsindən. Danışıqlarımız davam edir. Yaxın günlərdə məlumat veriləcək. Yaxşı transferlərimizin olacağını güman edirik. İnanıram ki, "Qarabağ" bu il öz təcrübəsindən istifadə edib yaxşı oyun göstərəcək.

U-19-lara gəlincə, hazırkı heyətdə olan futbolçuların çoxusu yaş limitinə görə UEFA Gənclər Liqasında oynaya bilməyəcək. Ona görə də çox çətin olacaq. Çempion olan heyətin Gənclər Liqasında oynaya bilmədiyinə görə bizim üçün əsas olan futbolçularımızın təcrübə qazanmasıdı. 18 yaşında Avropada oynamaq çox müsbət haldır. Futbolçular gələcəkdə bunun nəticəsini görəcəklər. Bu gün çempion olan komanda Avropaya gedə bilsəydi, daha çox ümidli olardım.

 

- "Qarabağ" ardıcıl 3 il Çempionlar Liqasının qapısından döndü. Düşünmürsünüz ki, komandanın super transferlərə ehtiyacı var?

- Bütün transferləri büdcəmiz daxilində edirik. Bizim imkanlarımız məhduddur. Azarkeşlərimiz qaçqınlardır. Hətta 1 manatlıq biletin qiymətini 3 manat edəndə etirazlar olur. İnsanların imkanı yoxdur. Biz klub olaraq büdcəmiz daxilində nə lazımdısa, onu da edəcəyik. Bu sözü verə bilərik ki, "Qarabağ" ötən illərdəkindən zəif olmayacaq. Amma nə qədər güclü olacaq onu deyə bilmərəm. Bir az da şans faktoru var. Məsələn, "İnter"lə oyun. Əgər qolumuz qeydə alınsaydı, qrupdan çıxacaqdıq. Biz o qolu vurduq, amma elə bir hakimə rast gəldik, bəxtimiz gətirmədi. Bizim istəyimiz "Qarabağ"ın stabil oyun göstərməsidir. Amma supertransferlər gözlənilmir.
 
- Qarabağ yaralı yerimizdi. Həm də Azərbaycanı Avropada təmsil edir. Ümumiyyətlə, kluba daha da irəli getməsi üçün dövlət səviyyəsində maliyyə dəstəyi olur?

- Biz klub olaraq heç kəsdən yardım istəmirik. Bəli, adımız müqəddəsdir. Adımız bizim davamızdır. Biz bu davada haqlı tərəfik. Qarabağ öz torpağımızdır. Amma tək klub olaraq nəsə istəməyi uyğun görmürük. "Azersun Holdinq" bizim sponsorumuzdur. Komandanı stabil qaydada maliyyə ilə təmin edir, buna görə də təcili ehtiyacımız yoxdur. Amma biz bütün klublar öz aramızda qərara gəlmişik ki, dövlətə müraciət edək. İstəyərdik ki, dövlətimiz tək "Qarabağ"a yox, bütün klublara müəyyən qədər kömək etsin. "Qarabağ" müstəqil bir təşkilatdır. Ora gələn hər qəpik, manat yalnız "Qarabağ"a xərclənəcək. Dövlətdən kömək olsa, əlbəttə ki, bu standartları yüksəldəcək. Buna şübhə yoxdur. Bu avrokuboklarda inanmıram, amma növbəti il bütün klublara kömək olarsa, mən buna müsbət hal kimi baxaram. Amma bizim üçün heç vaxt bu vacib olmayıb. Kömək olsa da, olmasa da yolumuza davam edəcəyik.

Mənbə: newsport.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı